Ziya Məmmədova qarşı oliqarxlar birliyi - təfsilat

Azərbaycanda nazirlərin və komitə sədrlərinin, eləcə də digər məmurların maaşla dolanmadığı hər kəsə bəllidir
Əgər əvvəllər rüşvət almaq məmurlar üçün yeganə «dolanışıq mənbəyi» hesab olunurdusa, vaxt keçdikcə onlar korrupsiya yolu ilə qazandıqları pulları daha çox gəlir götürmək üçün iqtisadiyyatın gəlirli sahələrinə yatırmağa başladılar. (Yeni Müsavat) Beləliklə də Azərbaycanda məmur oliqarxiyası meydana gəldi və hazırda ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələri bu cür oliqarx-məmurların arasında bölünüb. Lakin oliqarxlar arasında elələri də var ki, onlar həddən artıq «şişib», iqtisadiyyatın və biznesin bir deyil, bir neçə sahəsinə eyni vaxtda nəzarət edir. Həm də digər oliqarxların iqtisadiyyatdakı mövqeyini zəiflətməyə çalışmaqla.
Azərbaycanda sağlam bazar rəqabəti yoxdur, ancaq bu heç də o demək deyil ki, iqtisadiyyatda və biznesdə rəqabət yoxdur. Bu rəqabət azad bazar ölkələrindəki kimi şirkətlər və markalar arasında deyil, ayrı-ayrı oliqarxlar arasında gedir. Həm də amansız formada.
Politika.Az-a daxil olan məlumata görə Nəqliyyat naziri, öz statusuna və mövqelərinə görə artıq rahatca superoliqarx adını qazanmağa layiq olan Ziya Məmmədovla bağlı situasiya da bu rəqabətdən xəbər verir. Son vaxtlar yayılan informasiyaların və baş verən hadisələrin təhlili göstərir ki, superoliqarx artıq çoxlarının yerini dar etməyə başlayıb və onun «vurulması» prosesi başlayıb. Bu proses ən yüksək səviyyədən idarə olunmaya bilər, ancaq hakimiyyətdə önəmli paya malik oliqarxik qruplaşmalar Z.Məmmədovun biznes-imperiyasının sürətlə böyüməsindən, onun özünün isə kifayət qədər geniş imkanlar və səlahiyyətlər əldə edərək de-fakto ikinci şəxsə çevrilmək iddiasından narahat olmamış deyildi.
Nəqliyyat naziri və onun biznesi son bir neçə ildə həmişə gündəmdə olub. Çünki Z.Məmmədov hər yerdə və hər sahədə var. İstər Azərbaycanda həyata keçirilən irihəcmli infrastruktur layihələri, istər tikinti biznesi və maliyyə sektoru, müxtəlif növ xidmət sektorları, istərsə də superoliqarxın başçılıq etdiyi nazirliyin fəaliyyəti ilə bağlı qalmaqallı faktlar onun adının diqqət mərkəzində olmasına səbəbdir. Z.Məmmədov o oliqarxlardandır ki, vəzifədə ola-ola biznes fəaliyyəti ilə məşğul olduğunu pərdələməyə ehtiyac hiss etməyib. İqtisadiyyatın bütün aparıcı sahələrində özünə güclü mövqelər qazanan və milyardlarla dollarlıq dövriyyəyə malik olan «ZQAN Holdinq» məhz ona və ailəsinə məxsusdur. Cənab nazirin oğlu tərəfindən idarə edilən bu holdinq son bir neçə ildə sürətli böyüyüb. Şübhəsiz ki, burada şirkətə rəhbərlik edənlərin menecerlik istedadı deyil, holdinqin hansı səviyyədə himayə olunması rol oynayıb.
Lakin digər məmur-oliqarxları narahat edən təkcə Z.Məmmədovun şəxsi biznesi deyildi. O, həm də məmur kimi özünə kifayət qədər geniş səlahiyyətlər təmin edə bilib və daha da irəli gedərək digər nazirlərin səlahiyyətlərinin bir hissəsini də ələ keçirməyə girişmişdi. Şayiələr var ki, hakimiyyətdəki kifayət qədər güclü qruplar Z.Məmmədova yerini göstərməyin vaxtının çatdığı qənaətinə gəlib. Bu səbəbdən yaxın vaxtlarda onunla bağlı maraqlı hadisələrin baş verəcəyi istisna deyil.
Hakimiyyət daxilindəki mənbə Politika.Az-a bildirir ki, artıq Ziya Məmmədov üçün eyni ilə Heydər Babayevlə bağlı baş verən ssenariyə start verilib: «Prezidentin də iştirak etdiyi açılışlarda, törən və təməlqoyma mərasimlərində əlləri cibində və rəhbərdən öndə dik-dik bircə məmur yeriyirdi. O da Ziya Məmmədovdur. Bununla o, birinciyə ən yaxın olmasını nümayiş etdirmək ədası ilə hamıya meydan oxuyur, hamıya «əlcək atırdı». Və artıq bir-biri ilə rəqib olan iqtidardaxili ayrı-ayrı qruplarda nəqliyyat naziri ilə bağlı ortaq rəy formalaşıb. Bütün qaydaları tapdayan bu şəxs vurulmalıdır». Mənbə iddia edir ki, vaxtilə Heydər Babayev də özünü ərköyün aparırdı, amma bu qədər də ağ eləməmişdi: «Onun da bankı, sığorta şirkəti, tikinti qurumları, bir sözlə, «ABU imperiyası» vardı. Ölkədə satılan benzini onun qardaşı idarə edirdi. Amma hər şeyini əlindən aldılar. Ziya Məmmədovu da eyni aqibət gözləyir. Onun qum saatı artıq çevrilib...»