Zibil qutusu ilə həyatını dəyişən milyarder

Amerikada milyarder iş adamı, hazırladığı məhsulla okeanın o tayında ən çox mal satan şirkətin sahibi Türkiyə vətəndaşı Hamdi Ulukaya təxminən 5-10 ilin içində böyük sərvət sahibi olub. Amerika imkanlar ölkəsidir, deyənlər yanılmırlar. 43 yaşlı Ulukayanın biznes həyatı da 2002-ci ildən bir "ağ pendir" firması ilə başlayıb.
 Musavat.com xəbər verir ki, bir çoban ailəsində böyüyən, gələcək həyatında hansı peşənin ardınca gedəcəyinə belə hələ qərar verməyən Hamdi Ulukaya Türkiyənin "Milliyyət" qəzetinə verdiyi müsahibəsində deyir ki, Amerikaya dil öyrənmək üçün gedib: "Eləcə dedim bir gedim baxım, oralarda nə var. Çiynimdə bir çanta ilə getdim. Heç bir şeyim yox idi sanırdım. Sən demə, ailəmdən öyrəndiyim təcrübəm və bilgim varmış. Uğurlu olmaq üçün lazım olan şeylərə sahibəmmiş".
 İlk qatıq fabrikini atasının məsləhəti ilə quran Hamdi Ulukaya o günləri belə xatırlayır: "Atam mənə baş çəkməyə gəlmişdi. Dedi ki, burda heç yaxşı pendir yoxdur, bizimkiləri gətirib satsana. Bir-iki konteyner gətirdik, topdansatışa dağıtdıq, yaxşı satıldı. Fabrik qurduq".
 Hamdi Ulukaya deyir ki, onun stolunun üstündə əlinə qatıq fabrikinin satıldığı elanın yazıldığı bir kağız keçib, onu da lazımsız kağızlar kimi zibil qutusuna atıb: "Yarım saat sonra zibil qutusunda həmin kağızı axtarırdım", müsahibəsində deyir.
 Müxbirin "o yarım saatda nə baş verdi" sualına onun cavabı belə olub: "Qarşıma bir fürsət çıxdı. Əslində, bir çox adamın hər gün başına gəlir, amma mən fərqinə vardım. O zibil qutusu həyatımın dönüm nöqtəsidir".
 Hazırda ABŞ-da ən iri süd məhsulları istehsal edən "Chobani" fabrikinin uğuru amerikalılara fərqli bir qatıq təklif etməsi ilə başlayıb. Fabrikdə yunan süzmə qatığı istehsal edilir və artıq onlarla çeşidi var.
 Hamdi Ulukaya deyir ki, siz nə qədər sizə bənzəyən və işinizi sizsiz görməyi bacaran adam yetişdirsəniz o qədər sürətlə inkişaf edərsiniz.
 "Chobani"nin gəlirinin 100-də 10 faizi Ulukayanın qurduğu fonda gedir. Bu yaxınlarda isə Hamdi Ulukaya açıqlayıb ki, şirkəti satışa açıldığı təqdirdə səhmlərin 10 faizi işçilərə hədiyyə kimi veriləcək.
Bu isə minlərlə dollar deməkdir: "Onlar öz işlərinin sahibi olacaqlar və əminəm ki, bununla da şirkətə daha çox xeyir verəcəklər".