​Zeynalov nazirini “baqaja” qoydu: Əli Abbasovu həbsdən kim qoruyur? - ŞOK GƏLİŞMƏ

 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri keçmiş naziri “baqaja” qoyub; Vidadi Zeynalov istintaqa ifadəsində Əli Abbasovun həbsinə zəmin yaradan bütün faktları açıqlayıb...
 
Politika.Az xəbər verir ki, sabiq aparat rəhbəri 02.11.2015-ci il tarixli ifadəsində göstərib. “Nazir Əli Abbasov tərəfindən “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədova tapşırıq verildi ki, hər ay, yəni 2009-cu ildən başlayaraq ayda onlara 500.000 manat pul verməlidirlər.
 
Ona görə də 2009-cu ildən başlayaraq “Aztelekom” MMC-dən aylıq “stabil” olaraq ona 500.000 manat pul gətirilib verildi.
 
Həmin pulu ya Məhəmməd Məmmədov özü, ya köməkçisi Qulu və ya onun baş mühasibi Oktay Rüstəmov gətirirdi. Qulu çox az-az gəlirdi, belə ki, Məhəmmədin işi olduqda Oktay, olmadıqda pulu Qulu gətirib verirdi.
 
Hər ayın sonunda, bir qayda olaraq ayın 28-dən növbəti ayın 2-3-nə kimi olan müddətdə “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov nazir Əli Abbasovun qəbuluna gedib, birliyin gəlirləri, verəcəyi pulun miqdarı barədə onu məlumatlandırırdı.
 
Heç vaxt gətirilən pulları saymamışam, çünki onlar ”paçka” şəklində və bağlanmış vəziyyətdə olurdu və pulun məbləğinin düz olduğuna inanırdım”.
 
Göründüyü kimi, aparat rəhbəri nazirini pas vəziyyətində qoyub. Onun istintaqa verdiyi ifadə Ə.Abbasovun həbsinə kifayət edir. Zeynalov Abbasovu satıb. Halbuki Çovdarov Mahmudova qarşı hər şeyi bu şəkildə açıb tökməyib. Rabitəçilər isə bir-birini ayağa verir.
 
Mənbə Politika.Az-a qeyd edir ki, sabiq nazirə açılan cinayət işi də onun tutulmasına hazırlıq mərhələsidir. Ə.Abbasov isə özünü qorumağa çalışır. Hakimiyyət daxilində keçmiş nazirlə bağlı yeknəsəq qərar yoxdur.
 
İstintaq faktları onun həbsini zəruri etsə də, müəyyən qüvvələr buna imkan vermir. Məqsəd MTN işi üzrə nazirlərin həbsinə getməməkdir. Yalnız onların ətrafının təmizlənməsi prosesi işləkdir.
 
Ə.Abbasov və digərləri Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.