Zaxarova Qarabağın həllindən danışdı

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda hansısa xoşagəlməz sürprizin olacağından söhbət gedə bilməz.
 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib.
 Jurnalistin münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesinin gizli saxlanılmasının Ermənistan və Azərbaycan cəmiyyətləri üçün xoşagəlməz sürprizlə nəticələnə biləcəyi və bunun təhlükəli olması ilə bağlı sualını cavablandıran Rusiya XİN sözçüsü qeyd edib ki, müzakirə olunan məsələlərin gizli saxlanılmasında qorxulu heç nə yoxdur: “Əgər danışıqlar prosesi tərəflərin iştirakı ilə getməsəydi, o zaman sizin dediyiniz kimi, təhlükəli olardı. Danışıqlar prosesində dövlət başçıları, nazirlər, hər iki tərəfdən ekspertlər iştirak edir. Onların hər şeydən xəbəri var. Ona görə də, bu prosesdə xoşagəlməz sürprizdən söhbət gedə bilməz”.
 M. Zaxarova bildirib ki, qorxulu məqam danışıqlar prosesinin razılıq olmadan nəticələnməsi olardı: “İndi fəal danışıqlar gedir. Bu, uzun sürən bir prosesdir. Qorxulu məqam danışıqlar prosesinin pozulmasıdır. İndi çox vacib məqamdır. Bütün komanda ümumi nəticənin əldə edilməsinə nail olmalıdır. Biz Bakıda və Yerevanda olduq. Küçədə sadə insanlar bizə yaxınlaşıb, fikirlərini bildirirdilər, onlar daha qan tökülməsini, insan itkilərinin olmasını istəmirlər. Bizim də əsas məqsədimiz məhz budur”.
 Erməni jurnalistin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinin danışıqlar prosesinə necə təsir edəcəyi ilə bağlı sualına M. Zaxarova belə cavab verib: “Bu sualın çox asan bir cavabı var. Hər hansı konstruktiv kömək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin xeyrinədir”.