Zakir Qaralov səfirlə nə danışıb? - FƏTÖ həbsləri gözlənir

 
 
Məlum olduğu kimi, Azərbaycanın baş prokuroru Zakir Qaralov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Erkan Özoralla görüşüb.
 
Baş prokuror mövcud ikitərəfli hüquqi əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayaraq, Türkiyədə baş vermiş 15 iyul hadisələri ilə bağlı başlanmış cinayət işi üzrə aparılan geniş istintaq-əməliyyat tədbirlərində Azərbaycanın hüquq mühafizə orqanlarının aktiv fəaliyyətini qeyd edib.
 
Türkiyədə dövlət çevrilişinə cəhd zamanı qardaş Azərbaycan dövləti və xalqının göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edən səfir Erkan Özoral ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.
 
Politika.Az xəbər verir ki, görüşdə baş prokurorla səfir FƏTÖ terror təşkilatını müzakirə edib. Qaralov səfirə Azərbaycanda bu təşkilatın dayaqlarının zərərsizləşdirilməsi barədə məlumat verib.
 
Gözlənilir ki, bundan sonra da gülənçilərin istintaqa cəlb olunması istiqamətində işlər intensivləşsin. Çünki hələ də bu təşkilatın müəyyən qrupları iş başındadırlar.
 
Onların dövlət orqanlarına yerləşdirilməsi,habelə müxalifət cəbhəsində kök salması, iqtisadi dayaqları və təbliğat ruporlarının zərərsizləşdirilməsi istiqamətində iş aparılır.
 
Daxili İşlər naziri Ramil Usubovun da Türkiyə səfəri bu mənada kifayət qədər faydalı olub. Məlumatda deyilir ki, hüquq-mühafizə orqanlarına verilən təlimat əsasında gizlənmiş "Camaat” üzvlərinin ifşası istiqamətində əməliyyat axtarış tədbirləri keçirilir.
 
Rəsmi Bakının 15 iyul gecəsindən bu günə kimi Türkiyə dövlətinə verdiyi açıq dəstəyi heç bir türk dövləti nümayiş etdirməyib.
 
Fətullah Gülənin ordu içindəki qüvvələrinin hərbi qiyama cəhdinə ilk reaksiya da rəsmi Bakıdan olub. Prezident narahatlıqla dolu bəyanatında xuntanın hərbi çevrilişə cəhdini pisləyib.
 
Ardınca Azərbaycanda FƏTÖ-ya qarşı mübarizə tədbirləri gücləndirilib və bu barədə geniş yazmağa ehtiyac yoxdur. Artıq onların həm siyasi, həm iqtisadi, həm media gücü zərərsizləşdirilib.
 
Gülən Bakıdakı dayaqlarını itirdiyi üçün dəhşətli dərəcədə məyus olub. “Hizmət” hərəkatının lideri Cənubi Qafqazda belə bir acı məğlubiyyət yaşayacağını gözləmirmiş.
 
Onun Azərbaycanda illərdir kök atmış və dərinə qatlara nüfuz etmiş şəbəkəsi tamamilə sıradan çıxarılıb. İndi FƏTÖ-nun ölkəmizə təsir imkanları sıfıra enib. Xüsusilə təhsil sektorunda ciddi təşilatlanmış Gülən qruplaşması dayaqlarını əldən çıxarıb.
 
Politika.Az xəbər verir ki, bununla Gülənin həm də milyonlarla gəlirinə zərbə endirilib və Azərbaycandan bu illər ərzində çıxarılan vəsaitlər ardı kəsilib.
 
Fətullah Güləni alt bazada gizlənmiş kadrları təftiş edilir. Bu şəbəkənin təkcə müxalifətin üzərinə fokuslaşdırıb demontaj olunması rəsmi Bakının da tam fəaliyyəti planı deyil. Çünki bu şəkildə təqdimatla rəsmi Ankaranı da aldatmaq mümkün deyil.
 
Bu gün parlamentdə, vergilər naziri Fazil Məmmədovun kurasiyasında olan holdinqlərdə, SOCAR-a bağlı şirkətlərdə, SAM-da, QHT sektorunda onlarla, yüzlərlə Gülən müridi mühüm postlarda təmsil olunduğu deyilir.