Zakir Həsənov: “Ermənistan terrorizm mənbəyidir”

 

 
 
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts ilə görüşüb.
 
Missiya.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Regiondakı hərbi-siyasi vəziyyətin və qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə edildiyi görüşdə Azərbaycan-Böyük Britaniya əməkdaşlığının səviyyəsindən məmnunluq ifadə olunub.
 
Tərəflər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu və bu imkanların genişləndirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə, həmçinin Azərbaycan və Böyük Britaniya arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin, hərbi ingilis dili kurslarının davamının və onların dinləyicilərinin sayının artırılmasının zəruriliyi də xüsusi qeyd edilib.
 
İki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahələrində əməkdaşlığa dair fikir mübadiləsinin də aparıldığı görüşdə müdafiə naziri vurğulayıb ki, Ermənistan separatizmin, terrorizmin və ekstremizmin mənbəyidir: "Bu, təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükədir. Bu təhlükənin qarşısının alınması üçün bütün beynəlxalq qurumlar birgə fəaliyyət göstərməlidirlər".
 
Britaniyalı diplomat da regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizədə birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Загрузка...
Загрузка...