Zakir Fərəcovun kürəkəni MTN generalına vəfa borcunu belə ödədi - TƏFƏRRÜAT

Ləğv edilən MTN-nin generalı, Eldar Mahmudov komandasının əsas simalarından biri olan Hilal Əsədovun sürücüsü Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun kürəkəninin sürücüsü vəzifəsinə gətirilib.
 Bu barədə Savash.org-u özəl mənbə məlumatlandırıb.
Mənbənin sözlərinə görə, E.Mahmudovun nazir postundan qovulması və nazirliyin yüksək çinli bir çox əməkdaşının həbsindən sonra həbs olunmaq təhlükəsi ilə üzləşən H.Əsədov üçün təhlükə bu gün də sovuşmuş deyil. Ciddi daxili sarsıntı içində olan və səhhəti ilə bağlı müəyyən problemlər yaşayan H.Əsədovun əmək prosesindən kənarda qalması onun sürücüsünü iş axtarmaq məcburiyyəti qarşısında qoyub. Sabiq MTN sürücüsünün iş axtarışı uzun sürməyib. Belə ki, Z.Fərəcovun kürəkəni Pərvin Əsədov MTN generalının işçisini özünə sürücü götürüb.
 Başçı kürəkəninin niyə məhz H.Əsədovun sürücüsünün üzərində dayanmasına gəlincə, burada təəccüblü bir şey olmadığını bildirən mənbəmiz P.Əsədovun məlum olaylara qədər MTN-də mühüm post tutduğunu, Eldar Mahmudov, Akif Çovdarov, Hilal Əsədov və digərləri ilə çox yaxın münasibətlərdə olduğuna diqqət çəkib:
“Pərvin Əsədov son zamanlara qədər artıq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ rayon İdarəsinin rəisi vəzifəsində çalışıb. Onun bu vəzifəyə keçmiş MTN rəhbəri Eldar Mahmudovun xətti ilə gətirildiyi və həbs olunmuş bir çox MTN rəsmiləri ilə qaranlıq əlaqələrinin olması haqda da məlumatlar kifayət qədərdir. Zakir Fərəcovun kürəkəninin adı hətta MTN-lə bağlı mediayaya sızan şikayətlərdə qırmızı xəttlə keçir. Pərvin Əsədovun Akif Çovdarovla “işguzar” əlaqələrinin olması barədə ölkə mediasında ilginc iddialar yer alıb. Həmin məlumatlarda iddia olunur ki, sahibkarların şantaj edilərək onlardan pul alınmasında Akif Çovdarovla “əməkdaşlıq” edənlərdən biri də Pərvin Əsədov olub. MTN-nin ləğv olunması, adıçəkilən qurumun bazasında Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması və Mədət Quliyevin DTX-ya rəhbər təyin olunmasından sonra isə bu qurumda da ciddi təmizləmə işləri həyata keçirildi. Məhz bu təmizləmə əməliyyatının nəticəsi olaraq işini itirənlərdən biri də Zakir Fərəcovun yaxın qohumu Pərvin Əsədov olub.”.
 Savash.org-un əldə etdiyi informasiyada bildirilir ki, MTN-dəki postunu itirdikdən sonra isə Pərvin Əsədov iş axtarmaq üçün çox gözləməyib. Əvvəllər də tikinti sektorunda iştirakçı olan Pərvin Əsədov indi də elə bu sektorda fəaliyyət göstərir. Qohumu və himayədarı Zakir Fərəcovun sayəsində Abşeronda bina tikintisi ilə məşğul olan P.Əsədov hazırda ciddi tikinti maqnatlarından biri kimi tanınır.
 Mənbəmiz bildirir ki, P.Əsədov MTN-dəki yüksəlişinə görə özünü borclu bildiyi şəxslərdən biri də məhz Hilal Əsədovdur. Görünür, indiki ağır durumunda işsiz qalmış sürücüsünü işə götürməklə P.Əsədov MTN generalı qarşısındakı vəfa borcunu yerinə yetirdiyini düşünür.