Zahid Oruc: ''Atom bombası elə Qrant Baqratyanın öz başında partlayacaq''

4 günlük müharibədəki məğlubiyyətin acısını necə çıxarmağı bilməyən Ermənistan rəhbərləri erməni cəmiyyətinə cəfəng fikirlər sırımaqla bu məğlubiyyətin acısını unutdurmağa çalışırlar.
Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan bildirib ki, Ermənistanın atom bombası var. Ermənistanın müdafiə naziri Seyran Ohanyan ictimai televiziyanın efirində deyib ki, bizim döyüşdə tətbiq etmədiyimiz elə silah növlərimiz var ki, Azərbaycanın heç ağlına da gəlməz.
Erməni rəsmilərinin sayıqlamalarını millət vəkili Zahid Oruc Ölkə.Az-a verdiyi açıqlamasında şərh edib:
"Təsəvvür edin ki, bu ağılın sahibi Ermənistanın baş naziri olub. Əslində Metsamor AES-lə əlaqəli ermənilər uzun müddət guya nüvə silahı deyil, ancaq aralıq mərhələ üçün hərbi texniki təyinatlı məhsullar istehsalına cəhd ediblər. Guya bəzi silahların hazırlanması ilə bağlı sovet dönəmindən bu yana işlər aparıblar. Ondan sonrakı dövrdə Rusiyanın kəşfiyyat qruplarının əli ilə bu silahların satışını təşkil ediblər. Bununla bağlı 90-cı illərdə ABŞ səfirliyi bunun yolverilməz olduğu, bununla bağlı Ermənistana müxtəlif sanksiyalar tətbiq ediləcəyi barədə məlumatlar yaymışdı. Bu barədə ABŞ-ın Dövlət Departamentinə göndərilən şifrəli məxfi məlumatlarda da kifayət qədər bəhs edilib. Bundan sonrakı dövrdə Ermənistanın nüvə silahına malik olması barədə məsələlər tamamilə cəfəng xarakter daşıyır.
Bunu o adamlar birdəfəlik dərk etməlidirlər ki, zəifliyin, gücsüzlüyün son ifadəsi məhz "bizdə atom bombası var" deməkdir. Minimum səviyyədə, heç Kurçatov və yaxud İoffe olmadan belə təyin etmək mümkündür ki, Azərbaycana qarşı onun lokal bir ərazisində istifadə oluna biləcək radioaktiv tərkibli hansısa təhlükəli maddə daha böyük əraziləri məhv edə bilər. Çernobıl AES-in 4-cü reaktorunda kiçik bir sızmanın nəinki təkcə Ukraynada, daha böyük ərazilərdə necə fəsadlar törətdiyini hər birimiz bilməkdəyik. Belə olan təqdirdə, "bizdə atom boması var, onu Azərbaycana qarşı istifadə edə bilərik" deyənlər, Bakını hədələyən, neft mədənlərini vuracaqlarından danışanlar əsl ermənilərdir. Qoy dünya görsün ki, onlar hansı simadadırlar. Dünyada İranın Atom klubuna daxil ola bilmədiyi bir dövrdə Ermənistanın "nüvə silahı var" deyib dünyaya çıxmaq və bununla da 4 günlük müharibədəki məğlubiyyətdən çıxış yolları axtararkən 1990-cı ildəki bəzi azərbaycanlılara bənzər boş şüurla bunu dilə gətirmək, yalnız və yalnız Ermənistanı rəzil edir.

Qrant Baqratyanın bu mövqeyi əsasında Ermənistanı beynəlxalq tədbirlərdə daim ifşa etmək mümküdür. Görün bu adamlar hansı təfəkkürün sahibidirlər və bu düşüncə ilə erməni xalqını təmsil edirlər, onları necə əsarətdə saxlayırlar. Sarkisyan 3 generalını qurban verib ki, özünü xilas etsin. Belə bir zamanda belə bir adamları ortalığa atıblar ki, cəmiyyəti uydurma informasiyalarla inandırsınlar. Atəşkəsi müharibə səviyyəsində pozmaqla etiraza qalxan insanları neytrallaşdırmağa çalışırlar.
Ermənistan dərk etmir ki, onun hətta nüvə silahı olsa, onu harasa tətbiq edəndə birinci elə özləri məhv olacaq. Avropa İttifaqı Metsamora ona görə vəsait təklif edirdi ki, Metsamor AES seysmik aktiv zonada tikildiyindən həmin reaktorlarda partlayış baş verərsə, bütün cənubi Qafqazda ciddi təhlükələr törədə bilər. Azərbaycanda kimsə o təxəyyüllə yaşamır ki, İravanı vuraq, sonra da Metsamoru partladaq. Ermənistan savaşı əlbəttə Qarabağdan genişləndirmək istəyir. Ancaq bunu nüvə silahı ilə etmirlər axı. Niyə görə ABŞ, Rusiya, İngiltərə Ermənistanı nüvə klubuna çağırmır? Nüvə silahı Qrant Baqratyanın özünün başında və ürəyindədir. Atom bombası elə Qrant Baqratyanın başında da partlayacaq".