Yusif Vəzir Çəmənzəminlinin Mircəfər Bağırova xahiş məktubu- “Körpələrimin günahı nədir?”

 
 
Həqiqətən  də, çox ağır dövr idi. Əli hər yerdən üzülən Çəmənzəminli nə edəcəyini bilmirdi. 1937-ci ilin yazı onun üçün pis başlamışdı. Günlərlə davam edən tənqidlər, təqiblər artıq yazıçının yormaqda idi. Daşkənd həyatına son qoyub Bakıya gəlməyinə peşman idi, amma di gəl, özgə nə edə bilərdi ki? Ailəsini-üç azyaşlı övladını, xanımını və qızı qədər sevdiyi, qoruduğu qulluqçuları Dunyanı- yaşatmaq lazım idi. Amma o ərəfədə-1937-ci ilin mayında Yusif Vəziri işdən də çıxardılar. Kommunist Partiyasının sıralarından uzaqlaşdırılan adamın isə başqa yerdə iş tapması çox çətin idi.
 
Həyatın hər üzünü görmüşdü-qardaşı gözünün qabağında can vermişdi, səfir postundan sonra zavodda fəhlə işləmişdi, maaşsız çalışmışdı, müxtəlif hərbə-zorbalara, məhrumiyyətlərə məruz qalmışdı-amma bunların heç biri onu sındırmamışdı. Di gəl ki, bu dəfə məsələ başqa idi. Artıq üç uşağın da məsuliyyəti var idi. Odur ki, ailəsinin maddi ehtiyacını təmin etmək üçün evindəki dəyərli kitabları satar, yazdığı hekayələri qohumların birinə verərdi ki, öz adından çap etdirib ona da nəsə qonarar versin. Çünki onun çapına da qadağa qoyulmuşdu.
Artıq səbir kasası tükənmişdi. Məhz o günlərin birində-1937-ci ilin 20 mayında Azərbaycanın o zamankı rəhbəri Mircəfər Bağırova ərizə məktubu yazdı.Məktub yazarkən ağır durumdan xilas olacağına az da olsa, inanırdı. Bu səbəbdən də bəzi yerlərdə güzəştə gedir, özünü səhv tərəf kimi göstərirdi. Amma, nə olsun, bunların da bir faydası olmadı...
Moderator.az həmin məktubun ən təsirli hissələrini təqdim edir:
 
“1925-ci ildə qardaşım xəstələndi. On üç ay davam edən və heç yerdən kömək görməyən bu xəstə yoxsulluq üzündən öldü. Lakin talesizliyi bununla da bitmədi. Pul olmadığı üçün qəbiristanlıqda ona beş illik yer verdilər. 1930-cu ildə vaxtı bitdiyindən yəqin sümüklərini çıxarıb harasa atdılar”.
 
                                       ***
 “Əgər vaxtında göstərişlər və tənqidlər olsaydı, mənim “Studentlər” adlı ikicildlik romanımdakı səhvlər olmazdı. Mən də bu qədər mənəvi əzab çəkməzdim.
Bu xətamı düzəltmək üçün çoxdan bəri xəyalımda dolaşan “Altunsaç” adlı kino-ssenarimin libretini yazdım. Dörd ay başqa işə yapışmayıb borca girdim, çocuqlarımı ehtiyac içində buraxaraq, verilən tapşırıqlar əsasında libreti hazırladım. İndi müqavilə bağlamalı, yeni göstərişlər nəzərə alınaraq ssenari yazmalı idim. Müqavilə hazırlanıb qol çəkilən zaman “Azərfilm”in direktoru Markel dedi ki, “studentlər” romanınız tənqid olunduğu üçün sizinlə müqavilə bağlaya bilmərik”.
  

  “Əmin olun ki, talesizliyimə Kərəm lələ kimi yanıram, yazıq körpələrim də mənimlə bərabər yanır. Onların günahı nədir, bilmirəm.Yoldaş, Mircəfə, Lütfən bir hakim sifətilə məni mühakimə edin, günahım varsa, cəza verin. Bilim ki, bu son cəzamdır. Yox əgər, 11 ildə məndən sədaqət və doğruluqdan başqa bir şey görməmisinizsə, böyük Stalin konstitusiyası naminə mənə imkan verin, 30 illik ədəbi təcrübəmi xalqıma bağışlayım. Maddi kömək istəmirəm, hər bir yazıçıya verilən şərait və imkan arzusundayam”.
 
Mircəfərdən isə heç bir cavab gəlmir...

Загрузка...
Загрузка...