Yunanıstan 500 il Türkiyənin müstəmləkəsi olub... - Politoloq

Baxış sayı: 
114
0  
0  

 
Türkiyə Prezidenti Ərdoğanın 65 ildən sonra Yunanıstan paytaxtı Afinaya rəsmi səfərini yüksək qiymətləndirmək lazımdır. Gərgin də olsa, danışıqlar danışıqların olmamasından daha yaxşıdır. İlk öncə bu səfər və müzakirələr mövqeləri müəyyən edir, fikir ayrılıqların nədən ibarət olduğunu ortaya çıxarır və az da olsa müəyyən məsələdə ümumi razılığa gəlməyə kömək edir, hansısa şübhə və qorxuları aradan qaldırır.
 
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstan səfərini şərh edən politoloq Zərdüş Əlizadə Teleqraf.com-a deyib.
 
Politoloq qeyd edib ki, bu səfərlə müəyyən edilir ki, hansı məsələlərdə danışmaq mümkündür, hansı məqamları sonraya saxlamaq lazımdır:
 
“Yunanıstanla Türkiyə arasında zəngin tarix var. Yunan xalqının təsəvvüründə indiki Türkiyə torpaqlarının əksəriyyəti qədim yunan torpaqlarıdır. İndiki Yunanıstan 500 il Türkiyənin ərazisi, müstəmləkəsi olub. Sonradan rusların və Avropanın köməyi ilə yunanlar Türkiyə əsarətindən çıxaraq müstəqil dövlət olub. Yəni zəngin və mürəkkəb tarix var. Yunanlar özlərini Bizansın varisi hesab edirlər. Bizansın paytaxtı olan Konstantinapol da indiki İstanbuldur, Türkiyə ərazisidir. Bu, onların keçmişidir”.
 
Əlizadə xatırladıb ki, həm Türkiyə, həm də Yunanıstan NATO kimi hərbi ittifaqın üzvləridir və qonşudurlar:
 
“Onların tarixlərində inamsızlıq və ədalətsizliklə yanaşı dostluq və sevgi hadisələri də var. Danılmaz tarixdir ki, bu xalqların bir-birinə mədəniyyətdə, musiqi və adət-ənənələrdə böyük təsirləri olub. Türklər yunanları əsla inkar etmirlər, hətta yunan tarixini öz tarixinin tərkib hissəsi sayır. Bu da türklərin əqli üstünlüyünün göstəricisidir. İndiki halda yunan-türk çəkişməsi və ədavəti ilə yanaşı, danışıqlar prosesi də gedir. Qərb dövlətləri arasında Yunanıstan əzmlə Türkiyənin Avropa İttifaqının tam hüquqlu üzvü olmasını dəstəkləyir və bunu özü üçün xeyirli hesab edir. Bilir ki, vahid ərazi olsa, ədavət də azalar. Mən cənab Ərdoğanın Yunanıstan səfərini yüksək qiymətləndirirəm və bu, sülhə xidmət edən addımdır”.
 
Mütəxəssis qeyd edib ki, tərəflər arasında indi daha çox Kipr problemi var:
 
“Ancaq bu problemdə yunanların da, türklərin də günahı var. Yunanların günahı odur ki, türkləri qırmağa və etnik təmizləməyə məruz qoyamağa başlamışdılar. Türklərin də günahı odur ki, bu əraziləri tutanda xeyli yunanı qovub. Ancaq digərlərindən fərqli olaraq Kipr məsələsində Türkiyə və Yunanıstan bir-birinə qarşı müsbət addımlar atıb. Deyərdim ki, Türkiyə daha çox müsbət addım atıb, güzəştə getməyə hazır olduğunu göstərib. Annan planı vardı. Bu planı Türkiyə qəbul etdi, amma Kipr yunanları qəbul etmədi. Bu göstərdi ki, Ankara konstruktiv mövqe tutur, barışa hzırdır. Bu da Türkiyənin dövlətçilik təfəkkürünü aydın nümayiş etdirdi”.
 
Zərdüşt Əlizadə mühüm məqam kimi xatırladıb ki, həm Türkiyədə yunan icması, həm də Yunanıstanda türk icması mövcuddur:
 
“Bu hər iki xalq və dövlət üçün müsbət amildir və onu göstərir ki, xalqlar arasında etnik ədavət yoxdur. Yunanıstandakı türk icması və Türkiyədəki yunan icmasının olması bu iki xalqın birgə yaşamasının mümkünlüyünün göstəricisidir. Ərdoğanda bu məqamı nəzərə alır. Bu mənada hesab edirəm ki, Ərdoğanın Yunanıstan səfəri vaxtında və zamanında atılan doğru siyasi addımdır. Məncə, bu səfərin əhəmiyyəti və nəticəsi olacaq, iki xalq bir qədər də yaxınlaşacaq”.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...