YPX əməkdaşı polis bölməsində dava salıb - Həmkarlarını təhqir etdi

Yol Patrul Xidmətinin əməkdaşı adam döydüyü üçün gətirildiyi polis bölməsində dava salıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Yasamal rayonunda baş verib.
Zərərçəkmiş şəxsin yaxınları məlumat verərək bildiriblər ki, B.Bağırova küçəsində yerləşən avtoyuma məntəqəsinin sahibi Elşən Salmanov və onun dostu yol polisi əməkdaşı Vüqar Bağırov təxminən 10 gün əvvəl orada yuyucu işləyən Bəkir İsmayılovu döyüblər. Buna görə də hər iki şəxs Çevik Polis Alayı əməkdaşları tərəfindən 28-ci Polis Bölməsinə aparılıb.
YPX əməkdaşı V.Bağırov bölmədə polis əməkdaşlarını söyərək təhqir edib, dostu E.Salmanovun buraxılmasını tələb edib. Vüqar Bağırov dostunu buraxmazlarsa, özünə xəsarət yetirərək bu barədə rəhbərliyə şikayət edəcəyini deyib. O polis əməkdaşlarını işdən çıxartdıracağı ilə hədələyib.
Araşdırma aparılır.