“Yəhudilər bəzi üzdəniraq xalqlar kimi duz-çörəyi, qardaşlığı unudan deyil”

Baxış sayı: 
252
0  
0  

 
 
Bu yaxınlarda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialından yazı hazırlamaq üçün yenicə istifadəyə verilmiş filiala getmişdik. Orada yaradılmış sərgidə “Azərbaycan xalçaları” jurnalının müxtəlif sayları da sərgilənir. Jurnalları vərəqləyərkən 13-cü sayda maraqlı bir yazı qarşımıza çıxdı. Professor Vidadi Muradovun “Qırmızı qəsəbə: Sinaqoqdan xalçayadək” sərlövhəli məqaləsində dağ yəhudilərinin Azərbaycanda məskunlaşması, bu qəsəbənin tarixi barədə zəngin məlumatlar vardır. Tarixi faktlar əsasında qələmə alınmış bu araşdırma yazısının oxucularımız üçün də maraqlı olduğunu nəzərə alaraq onu hissə-hissə təqdim edirik.
 
Əvvəlini bu linkdən oxumaq olar---  moderator.az/news/203794.html                       
 
Qırmızı qəsəbə: Sinaqoqdan xalçayadək
 
 
 
…Qəsəbənin ağsaqqllarından Boris Yusifoviç Simanduyev və İsaak Xanukov adına Qırmızı qəsəbə 1 saylı orta məktəbinin direktoru Yavuşva Donoviç Simanduyevlə söhbətimiz bu məbəddə baş tutdu. Ağsaqqal din xadimi bizi köhnə dostlar kimi mehribanlıqla salamladı. “Allahın evinə xoş gəlmisiniz!” deyərək bizi içəriyə dəvət etdi. Dəhlizin divarlarından asılmış müxtəlif dini məzmunlu yazılar, ivrit və latın əlifbaları ilə yazılmış dualar, sinaqoqun tarixini əks etdirən ayrı-ayrı dövrlərdə çəkilmiş fotoşəkillər diqqətimizi cəlb edir. Yavuşva Simanduyev: “Qəsəbəmizin bütün qonaqlarının üz tutduqları ilk ünvan bu sinaqoq, ilk qəsəbəli isə Boris Yusifoviçdir. O, canlı ensiklopediyadır. Öz xalqını, millətini sevən adamdır. İxtisasca mühəndisdir. İstər dağ yəhudilərinin Azərbaycanda məskunlaşma tarixi, istərsə də yerli əhalinin dini, əxlaqi dünyagörüşləri, adət-ənənələri haqqında maraqlı məlumatları var. Ömrünün bu ahıl çağında belə bir tədbirdən, mərasimdən, xeyirdən-şərdən geri qalmaz. Milliyyətindən, dinindən asılı olmayaraq, uşaqdan böyüyə hər kəs onu öz doğması, ağsaqqalı hesab edir. Bilirsinizmi, belə insanlar dünyaya tək-tək gəlir. O, öz ömrünü xalqına, qəsəbəmizə həsr edib. Qazandığı sevgi də, hörmət də bu deyilənlərin müqabilindədir”.
 
 
 
Boris Simanduyev: “Hər gün uca Tanrıdan Azərbaycan dövlətinin daim möhkəm və sarsılmaz olmasını, xalqımızın sülh və əmin-amanlıq içərisində yaşamasını, müharibələrdən, qırğınlardan, aclıqdan uzaq olmasını arzulayırıq. Qırmızı qəsəbəni bir çoxları “Qafqazın Yerusəlimi” adlandırırlar. Bura Azərbaycan torpağında kiçik bir yəhudi məkanıdır, canlı muzeydir. Sinaqoqlar yəhudi tarixinin, mənəviyyatının, əxlaqının, adət-ənənələrinin yol yoldaşıdır. Burada olan sinaqoqlar qəsəbəmizlə yaşıddırlar. Vaxtilə burada 13 sinaqoq fəaliyyət göstərmişdir.Qəsəbə ərazisinə yaxın və uzaq ərazilərdən köçüb gələnlərin hər birinin özünün ayrıca məhəlləsi və hər məhəllədə əhalinin sayına müvafiq olaraq bir və ya iki sinaqoq olmuşdur. O zamanlar bu ərazilər sıx palıd meşələri ilə örtülmüşdü. Köçkünlər sinaqoqları yaşayış evlərindən öncə tikirmişlər. Onlar üçün Allahın evi yeni məskunlaşdıqları yerlərdə ilk sığınacaq idi. İlk sinaqoqlar ağac tikililər olmuşdur. Daha sonrakı tarixi mərhələlərdə isə sinaqoqlar samandan, bişmiş kərpicdən və daşdan inşa olunmağa başlamışdır. İlk böyük, bütün Qafqaz ərazisi üçün səciyyəvi olan Şərq üslublu 70-120 nəfərlik icma sinaqoqlarının tikintisi XIX əsrin sonlarına təsadüf edir. Dağ yəhudilərinin sinaqoqu ənənəyə müvafiq olaraq, 12 pəncərəli və iki qapılı olurdu. Fikir versəniz, bu sinaqoqda da tarixi ənənənin qorunduğunu müşahidə edərsiniz. “Giləki”nin memarı Gilel ben Xaimdir. Onun adı sinaqoqun kərpic fasadında həkk olunmuşdur. Özül daşının üzərindəki yazıdan məlum olur ki, məbəd 1896-cı ildə ucaldılmışdır. Lakin giriş qapısının üzərində başqa bir lövhə də vardır. Burada isə başqa bir tarix, yəni “1857-ci il” yazılıb. Ola bilər ki, bu lövhə gilanlı yəhudi mühacirlər tərəfindən daha qədim məbəddən yadigar kimi gətirilmiş və sinaqoqun giriş qapısı üzərinə vurulmuşdur. Sinaqoqun hündürlüyü 7 metr olan qərb divarında – qibləgahda “Tövrat” yazıları olan Aron-Kaydeş mühafizə olunur. Məbədin zirzəmisində dini mərasimlərin keçirilməsi üçün 60 nəfərlik zal və mətbəx də vardır. Əvvəllər camaat ibadət zamanı yerdə əyləşirdi. Elə sinaqoqların xalça-palazla döşənməsi də o zamandan başlayıb. Qiymətli xalçalar sinaqoqa hədiyyə edilmiş və illərlə istifadə olunmuşdur. Sonralar taxta oturacaqlar yaransa da, sinaqoqların döşənməsi qaydası dəyişməmişdir. Hər bir ailənin öz ibadət yeri var idi və o yer nəsildən-nəslə “yadigar” kimi ötürülmüşdür. Sinaqoqda gündə üç dəfə ibadət edilir. Məscidlərdə səslənən azanlardan fərqli olaraq, burada ibadətə çağırış olmur. Sinaqoqda səs-küy salmaq, zarafatlaşmaq, asudə gəzmək, yemək və su içmək, çirkli paltar geyinmək və s. qadağandır”.
 
 
 
Yavuşva Simanduyev: “1935-ci ilin statistikasına görə, qəsəbədə 11 sinaqoq olmuşdur. 1937-ci ilin repressiyaları dağ yəhudilərinin də həyatına ağır zərbələr vurmuşdur. Həmin ildə bütün sinaqoqlar bağlanmış və bu binalarda emalatxanalar, mağazalar, yeməkxanalar fəaliyyət göstərməyə başlamışdır. Məsələn, yaşı 150 ilə yaxın olan Altıgünbəzli sinaqoq gah anbar, gah meyvə bazası, gah da artel kimi istifadə olunmuşdur. Çox acınacaqlı bir vəziyyət yaranıbmış. İnsanlar 1944-cü ildə sinaqoq yenidən açılanadək gizli şəkildə evlərdə, zirzəmilərdə ibadət edirmişlər. Bir gün ərzində Qırmızı qəsəbədə bir neçə ravini həbs etmişdilər. Həbs olunanlardan biri də Boris müəllimin babası Binsion ben Zaxariye Simanduyev idi. Əslində o, din xadimi deyildi, kiçik ticarətlə məşğul olurdu. Lakin inanclı insan idi, sinaqoqa daim kömək edirdi. Elə ona görə də ravinləri həbs edərkən onu da unutmamışdılar. O, 1951-ci ildə uzaq Sibirdə vəfat etmişdir. Xalqımız yalnız qəsəbədə deyil, bütünlükdə Qafqazda yəhudi dininin və dilinin tədrisində böyük xidmətləri olmuş Benyamin İosif, İshaq ben rabbi Qurşum, Şumin Ben Şamail Baci, Nuvax Avraam, Savgil Ruvinov, İfiyel Oşir kimi ravinlərin xatirəsini dərin hörmət və ehtiramla yad edir. Bu gün qəsəbənin ən hündür yerində onların xatirəsinin əbədiləşdirildiyi ziyarətgah vardır. Ümumiyyətlə, yəhudi üçün ravin – yalnız din xadimi deyil. Necə ki, yəhudi dini qadağalar, məhdudiyyətlər prinsipi deyil. Görkəmli tədqiqatçı F.Şapiro haqlı olaraq yazırdı ki, “zənnimcə, dağ yəhudiləri qədər həyat və məişətlərinə dinin sirayət etdiyi ikinci bir xalq tapmaq olduqca çətindir”. Yəhudi üçün din həyatdır, ravin isə hər bir yəhudiyə həyatı öyrədən ağıllı, müdrik psixoloq, məsləhətçidir. Ravin “Tövrat”la bizə həyatın qanunauyğunluqlarını, yəhudi xalqının dünya sivilizasiyasındakı yerini və onun Yaradanın nəzərindəki yerini dərk etməmizə kömək göstərir”.
 
Boris Simanduyev: “Mən 1994-cü ildə dini icma sədri seçiləndə ziyalılarımızdan olduqca məsuliyyətli bir “xəbərdarlıq” aldım: əgər sən Altıgünbəzli sinaqoqun təmirinə nail olmasan, xalq bunu sənə bağışlamayacaq. O zamandan etibarən gücüzümüzü səfərbər etdik. Bu, tamamilə çökmüş bir bina idi. Qapıları təzələdik, tavanı təmir etdik, Aron-Kaydeşin bərpasına nail olduq. Lakin mümkün dərəcədə tarixiliyi qorumağa çalışdıq. Yəni, tarixin sınaqlarından “sağ çıxanlar”ı məhv etmədik. Məsələn, pəncərələri saxlaya bildik. Nələrinsə görkəmini dəyişdik. 2000-ci ildə bərpa işlərini yekunlaşdırdıq. 2001-ci il 11 oktyabr tarixində təntənəli şəkildə keçirilən açılış mərasimində ABŞ, Almaniya, İsrail, Rusiya və s. kimi dövlətlərdən çoxlu qonaqlarımız oldu, ayrı-ayrı dini icmalardan nümayəndələr gəldi. Sevincimizə şərik oldular. İndi Qırmızı qəsəbənin sinaqoqlarından yalnız bir neçəsi dini məqsədlər üçün istifadə olunur. Bu tarixi məkanların bəziləri aptek, xəstəxana, səadət evidir. Bu da sinaqoqun mahiyyətcə yəhudi həyatının ayrılmaz, zəruri bir hissəsi olduğunun təsdiqidir. Məsələn, sinaqoqu xəstəxanaya çevirmək heç də Allahdan, dindən uzaqlaşmaq deyil, əksinə, ona daha da yaxınlaşmaq, insanlıq naminə çalışmaq deməkdir. Xeyir, sevinc, səadət gələn hər bir yer ziyarətgahdır, müqəddəsdir. Təki o məkanlarda ölüm, düşmənçilik, qan-qada olmasın.
 
Azərbaycanda fəaliyyətdə olan 5 sinaqoqdan 2-si Bakıda, 2-si Qırmızı qəsəbədə, 1-i isə Oğuzda yerləşir. Respublikada iki yəhudi məktəbi, kollec, uşaq bağçaları və dini məktəb fəaliyyət göstərir. 1993-cü ildə Bakı Dövlət Universitetində ivrit dili fakültəsi açılıb, bu dildə qəzet və jurnallar çap olunur.
 
“Yavuşva Simanduyev: “Bütün işlərimizi sevgi ilə həyata keçirmişik. Sinaqoqlar da, qəsəbəmizin gözəlliyi, abadlığı da göz önündədir. Həm özümüz sevinmişik, həm də əhatəsində olduğumuz insanların, himayəsində yaşadığımız Azərbaycan dövlətinin bizim uğurlarımızla bağlı sevincini görmüşük. Tolerantlıq Azərbaycanda dövlət siyasətinin əsas xəttidir. Biz həyatımızın bütün sahələrində dövlətin dəstəyini hiss edirik. Hörmətli cənab prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın qəsəbəlilərlə mütəmadi görüşləri, söhbətləri, əlamətdar günlərdə bizlərə ünvanladığı teleqramlar, məktublar unudulmazdır. Əslən qəsəbəmizdən olan, xarici ölkələrdə müxtəlif sahələr üzrə çalışan həmyerlilərimiz də Azərbaycan dövlətinin burada yaratdığı şəraitə, abadlıq işlərinə, təhsilə, səhiyyəyə, sinaqoqların bərpasına öz töhfələrini verməkdədirlər”.
 
 
 
Boris Simanduyev: “Tarixən bu torpaqlarda azərbaycanlılarla yəhudilər elə bir dostluq və mehribanlıq şəraitində yaşamışlar ki, bu ünsiyyəti xalqlararası münasibətlər kimi dəyərləndirmək düzgün deyildir. Biz özümüzü Azərbaycanın bir parçası, azərbaycanlı hesab edirik. Təsadüfi deyil ki, dağ yəhudiləri onlara göstərilən xoş münasibətin müqabilində respublikamızın incəsənətinə, mədəniyyətinə, səhiyyəsinə, ictimai-siyasi həyatına öz töhfələrini vermişlər. Yəhudilərin vətəni – İsrail dövləti qəsəbənin əmin-amanlığından, “Azərbaycan yəhudiləri”nin güzəranından nigaran deyil. Biz möhkəm dövlətçilik ənənələrinin mövcud olduğu bir respublikanın sərhədləri daxilindəyik, toxunulmazıq. Azərbaycan prezidenti öz çıxışlarında dönə-dönə “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyir. Onun bu sözləri hər bir Azərbaycan vətəndaşına, o cümlədən biz dağ yəhudilərinə də aiddir. Dağ yəhudiləri bəzi üzdəniraq xalqlar kimi duz-çörəyi, qardaşlığı unudan deyil. Əsrlər boyu yəhudilər yaşadıqları ölkələrin həyatında, xüsusilə iqtisadiyyatda oynadıqları rol ilə diqqət mərkəzində olublar. Lakin bu uğurlar heç də həmişə birmənalı qarşılanmayıb. Azərbaycan biz dağ yəhudilərinin qazandığı uğurlarla fəxr edən, onu öz uğurlarından biri kimi qəbul edən, fəxr edən ölkədir. Hamımız Allah bəndəsiyik. Ona görə də insanları bir-birindən ayırmaq, fərqləndrimək düzgün deyildir. Yaşamaq eşqi ilə yaşayanlar kimləri isə yaşatmaq bacarığına da malik olmalıdırlar. Musa peyğəmbər buyurur ki, xalqını, millətini sevməyən kəs özü də sevilə bilməz. Mehriban yaşamaq üçün gərək ürəkdə paklıq, saflıq olsun. Biz də bu saflığı özümüzdə tapa bildik. Tarixən çox məşəqqətlər çəkmiş yəhudilər azərbaycanlıların dərdlərini çox gözəl anlayırlar. Onların başına gələn müsibətləri düzgün qiymətləndirirlər. “Tövrat” bizə tövsiyə edir ki, harada olsan, orada özünə etibarlı müttəfiq tap, elm, sənət öyrən, ticarət işlərində düzgünlük göstər. Öz xalqını qorumağı bacar. Bu kəlamları rəhbər tutan dağ yəhudiləri onu anlayanlara, dərdinə şərik olanlara sədaqətlə, mehribanlıqla, dostluqla cavab verir. Biz müsəlmanlarla bir atanın, iki ananın övladları, bir ağacın budaqlarıyıq”.
 
Yavuşva Simanduyev: “Bəziləri hesab edirdilər ki, dağ yəhudilərinin xarici ölkələrdə fəaliyyəti sakinlərimizin sıralarını seyrəkləşdirəcək. Lakin bu proqnozlar özünü doğrultmadı. Xaricdə yaşayan həmvətənlərimiz doğulub boya-başa çatdıqları qəsəbəni heç vaxt unutmadılar. Bayramlar, matəm günləri dağ yəhudilərinin dünyanın ən uzaq ölkələrindən olsa belə, doğma qəsəbəyə toplaşdıqları vaxtlardır. Yəhudilərin bayramlarının əksəriyyəti zülmdən və əsarətdən, Allahın verəcəyi cəzalardan qurtulmağa xidmət edir. Maraqlıdır ki, dağ yəhudilərinin bayramları ilə Azərbaycanda yaşayan digər xalqların bayramları və mərasimlər arasında müəyyən paralellər vardır. Sentyabr-oktyabr aylarında keçirilən Roşa-şana (Yeni il) bayramı, payızda Sukkot (məhsul yığımı), Simxat-Tora (Tövrat) bayramları xüsusi qeyd edilir. Peysax (Nisonu) – yəhudilərin azadlığa çıxdığı gün mart-aprel aylarına təsadüf edir. “Tövrat”ın Musa peyğəmbərə təqdim edilməsi münasibətilə keçirilən Şavuot (dağ yəhudiləri bu bayramı “Asalta” adlandırırlar) bayramı isə may-iyun aylarında baş tutur. Səkkiz gün davam edən və yanan şamları ilə yadda qalan Xanuka zamanı boranıdan və quru meyvələrdən aş bişirilir. Tubi-Şvat isə Novruz bayramından 10-15 gün əvvələ təsadüf edir. Həmin gün ağac əkmək savabdır. Yəhudilərdə Purim ağlın və səbrin təntənəsi günüdür. Tişabə-Av müsəlmanların Məhərrəm ayına bənzəyən matəm ayıdır. Yəhudilərin soyqırımı ilə bağlı keçirilən mərasimlər 40 gün davam edir. Yay aylarında həmyerlilərimiz uzaq və yaxın xaricdən cəmi bir neçə günlüyə doğmalarının məzarlarını ziyarət etmək üçün qəsəbəyə gəlirlər. Suruni – 9 Av adlanan həmin günlərdə məzarlıqlarda “aşkava” və “kadiş” oxunur. STMEGİ xeyriyyə fondunun rəhbərliyi ötən əsrin 90-cı illərində buradan köçüb getmiş bir çox dağ yəhudilərinin Suruni günlərində Azərbaycana səfərinin maliyyə təminatını öz üzərinə götürmüşdür”.
 
 
 
Boris Simanduyev: “Görürsünüzmü, eyni coğrafi məkanın övladları olan yəhudilərlə azərbaycanlıların nə qədər oxşarlıqları vardır?! Yəqin ki, indiyədək bunun fərqinə varmamısınız. Zahirən də bir-birimizə bənzəyirik, daxilən də. Hətta bəzən bir-birimizi tamamlayırıq da. Adət-ənənələrimiz, inanclarımız da oxşardır. Məsələn, dağ yəhudiləri bədnəzərdən qorxurlar və ona inanırlar. Elə buna görə də ravinlərin, loğmanların hazırladıqları nəzərlikləri üstlərindən əskik etməzlər. İndiyədək köhnə tünd rəngli parçaya bükülmüş arpa və ağac kömürünu böyüklərin paltarlarının görünməyən, kiçik yaşlı uşaqların isə görünən yerindən asırlar. Dağ yəhudiləri tənha qocalarla, dilənçilərlə, kimsəsizlərlə mübahisələrə qoşulmazlar. Çünki bu adamların lənətindən çox qorxurlar. Hesab edirlər ki, bu adamlar Allahın nəzərindədirlər və onlara qarşı edilən haqsızlıq əslində Allaha qarşı çıxmaqdır. Qocalar ev sakinlərinə yerə qaynar su tökməyi qadağan edirlər. Biz qonağı qarşılayanda onu astanada çox ləngitmirik. İnancımıza görə, şeytan qapının astanasında yaşayır və onu tapdalamaq günahdır. Toy – şər qüvvələrin insan həyatına müdaxiləsi üçün ən əlverişli vaxtdır. Bu səbəbdən də ravin nikah duası oxumağa başlayan kimi yaxın qadın qohumlardan kimsə bir ipə və ya sapa düyün vurmağa başlayır. Düyünləri tez və bacarıqla vurmaq lazımdır- bu, yeni nikaha qoşulan gəncləri şər qüvvələrdən daha etibarlı şəkildə müdafiə edər. Keçmişdə kiçik yaşlı uşaqlarını itirən və yaxud yalnız qızlar doğulan ailələr də ravinlərə müraciət edərdilər. Ravinlər çoxuşaqlı ailələrdən və yaxud yalnız oğlan uşaqları doğulan ailələrdən topladıqları gümüşlərdən üzüklər hazırlayardılar. Üzərində dini yazılar olan bu üzüyü qadın bütün ömrü boyu barmağında gəzdirməli idi. Həyatlarının ən mühüm məqamında dağ yəhudiləri Səmaya and içirlər. Lakin düşmənlərini lənətlədikləri zaman da onların üz tutduqları ünvan Səmadır. Bizim üçün ilk yaz şimşəyindən sonra yağan yağış müqəddəsdir: bu, insana xüsusi güc verir, onu təmizləyir, xəstəlikləri sağaldır. Biz də azərbaycanlılar kimi, oda and içirik. “Bu ocağa and olsun!” deyən dağ yəhudisinin sözlərinə inanmamaq günahdır. Ayrı-ayrı heyvanlara, quşlara inanc dağ yəhudiləri üçün səciyyəvidir. Məsələn, Ejdo-Mar adlı -ailə ocağının himayədarı olan ilanı evin həyətində və yaxud çardaqda bəsləyirlər. Milli folklorda müdrik, vicdanlı, yalan sevməyən Ejdo Mar ailəni müflislikdən qoruyacaq, evə ruzi-bərəkət gətirəcək, onun taleyini köklü şəkildə dəyişəcək”. (Ardı var).
 
Vidadi Muradov,                                                                                                                                   “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri

Загрузка...
Загрузка...