​Yəhudilər Aşuranı öncədən də qeyd edirdilər — Aşuranın tarixi haqda bilmədikləriniz

 
Bu gün Azərbaycanda Aşura qeyd olunur.
 
Aşura gününün tarixi, o zaman baş vermiş hadisələrlə bağlı suallarımızı ilahiyyatçı İsmail Əhməd cavablandırdı.
 
 
 
Ölkə.Az İsmail Əhmədlə Aşuranın, Kərbəla faciəsinin tarixi barədə geniş müsahibəni sizə təqdim edir:
 
Aşura “onuncu gün” deməkdir. Dünyada Aşura günü ilə üst-üstə düşən bir çox hadisələr baş verib. Rəvayətə görə həmin gün Hz. Musa Firon və ordusunun təqibindən xilas olub, Firon və ordusu sulara qərq olub. Nuhun gəmisi Cudi dağının üstünə çıxıb. Yunus balığın qarnından xilas olub. Adəmin tövbəsi qəbul edilib. Yusif qardaşlarının atdığı quyudan xilas olub. İsa dünyaya gəlib və yenə həmin gün səməya yüksəldilib. Davudun tövbəsi qəbul edilib. İbrahimin oğlu İsmail dünyaya gəlib. Yaqubun oğlu Yusifin həsrəti ilə görmə qabiliyyətini itirən gözləri işığa qovuşub. Əyyub xəstəliyindən şəfa tapıb.
 
İslam dünyasında isə, Aşura günü böyük bir coğrafiyada geniş qeyd edilir. İslam dünyasının böyük coğrafiyasının qeyd etdiyi Aşura günü imam Hüseynin Kərbəla çölündə qətl edilməsi ilə bağlıdır.
 
- Öncə Aşuranın tarixindən danışaq. Əslində hadisə necə baş verib?
 
- Kərbəla faciəsi əslində küfr ilə imanın mübarizəsi idi. Bu hadisəyə haqla batil mübarizəsi adını vermək hadisənin əhəmiyyətini sarsıtmış olar. Belə ki, hər haqq iman və hər batil küfr demək deyil. Yezidin Kərbəla faciəsindən sonra Ühüddə kafir əcdadlarının intiqamını aldığını dilə gətirməsi bir daha onun hələ də küfr içində qaldığından xəbər verir. Kərbəlada baş verənləri dərk etmək çətin olduğu kimi bu barədə söz açmaq da asan deyil. Hicri tarixi ilə 61-ci ildə baş verən Kərbəla faciəsi İslam tarixinin həm ən şərəfli, həm də utandırıcı səhifəsidir. Şərəfli ona görə ki, Peyğəmbər nəvəsinin rəhbərlik etdiyi azsaylı dəstə dini qorumaq üçün canından və malından keçməyə hazır olub. Bu hadisə ona görə utandırıcıdır ki, özünü müsəlman adlandıran azğın dəstə İmam Hüseyn kimi bir şəxsiyyəti dindən çıxmış hesab edərək ona və yaxınlarına qarşı ən amansız cinayətə əl atdılar. Hadisə azğın Yezidin İmam Hüseyndən beyət almaq tələbi ilə başlandı. Və bu tələbin əslində dərin kökləri var idi. Daha dəqiq desək, İmam Hüseynlə Yezidin ulu babaları arasında yaranan ixtilaflardan qaynaqlanırdı. Fərq bunda idi ki, İslamın sülhsevərlik prinsiplərinə sadiq qalan Hüseyn həmin ixtilaflara göz yumur, unudur, Yezid isə hakimiyyət və nüfuzunu daha da gücləndirmək üçün həmin ixtilaflara qayıdır və kinini gizlədə bilmirdi. Hətta Kərbəla hadisəsindən sonra o fəxrlə “Haşim oğullarından Bədrin intiqamını aldıq” deməkdən də utanmırdı. Bütün bunlar Yezidin İslamla heç bir əlaqəsi olmadığından xəbər verir.
 
- Aşuranın fəlsəfəsi. Azərbaycanda bu gün keçirilən mərasimlər Aşuranın fəlsəfəsinə uyğundurmu?
 
- Aşuranın fəlsəfəsi İmam Hüseynin bəyanatlarında öz əksini tapır. O buyurur: “Mən cəddim Muhəmmədin dinini islah etmək üçün qiyam etdim....” Əgər bu gün tək Azərbaycanda deyil, ümumiyyətlə dünyanın istənilən hər hansı bir yerində Aşuradan ibrət alınıb islahatlar həyata keçirsə, demək fəlsəfəsi öz yerini tapıb...
 
- Hüseyni bu yola çıxmağa nə vadar etdi?
 
- Hicrətin 60-cı ilində İraq camaatı İmam Hüseynin Yezid ibn Müaviyyəyə beyət etmədiyindən xəbər tutduqda onun (İmam Hüsey-nin) yanına nümayəndələr və məktublar göndərib, yalnız ona beyət edəcəklərini bildirirlər. Bu ərəfədə İmam Hüseynə beş yüzdən artıq məktub gəlir. Belə olduqda İmam Hüseyn işləri yoluna qoymaq, beyətin həqiqət olub-olmadığını öyrənmək və bu haqda ona ətraflı məlumat göndərmək məqsədilə əmisi oğlu Muslim ibn Əqili onların yanına göndərir. Muslim ibn Əqil dostları – Abdurrəhman ibn Abdullah əl-Ərhəbi, Qeys ibn Mishər əs-Səydavi və İmarə ibn Ubəy əs-Səluli ilə Kufəyə yollanır. Mədinəyə yetişdikdə Muslim iki bələdçi tutur. Yolda üzləşdikləri çətinliklərdən dolayı Muslim Hüseynə məktub yazıb geri qayıtmaq üçün izn istəyir, lakin İmam Hüseyn buna razılıq vermir və ondan Kufəyə getməyini tələb edir. Muslim Kufəyə gəlib çatır, camaatı İmam Hüseynə beyət etməyə dəvət edir. Beləliklə, on iki min nəfər İmam Hüseynə sadiq qalacaqlarını elan edir. Beyətdən sonra Muslim ibn Əqil İmam Hüseynə bu məzmunda məktub göndərir: “Bunlar yalan danışmırlar. Kufəlilərin hamısı sənin tərəfindədir. Məktubum sənə çatan kimi durma, gəl!”. Bu sözlərdən sonra Hüseyn kufəlilərin ona sadiq qalacaqlarını yəqin edir, Kufə camaatına belə bir məktub yazır: “Mən əhli-beytimdən (ailəmdən) etibar elədiyim əmim oğlunu sizin yanınıza göndərmişdim ki, fikrinizi öyrənib mənə bir xəbər yollasın. O da sizin eyni fikirdə olduğunuzu mənə bildirdi. İnşaallah mən də sizə qovuşacağam”.
 
- Hüseynin Müslüm adlı qohumu ona əvvəlcədən xəbərdarlıq edib ki, Kufə xalqı ona xəyanət edib. Bunu bilə-bilə Hüseyn niyə Kufəyə getdi? Mümkünsə bunun haqda geniş danışardınız.
 
- Bəli, elədir. Beyətdən xəbər tutan Kufə valisi Nomən ibn Bəşir əl-Ənsari vəziyyətin gərginləşəcəyini başa düşür və camaatın qarşısına çıxıb deyir: – Allahdan qorxun, ey Allahın qulları! Fitnə-fəsad törətməkdən və firqələrə bölünməkdən çəkinin! Çünki belə hadisələrdə kişilər öldürülür, qan su yerinə axır və kimlərinsə var-dövləti qəsb edilir. Mənə gəlincə, bilin ki, mənə qarşı vuruşmayanlarla mən vuruşmayacağam, mənə hücum etməyənə mən hücum etməyəcəyəm. Habelə sizinlə dilləşməyəcəyəm və sizə sataşmayacağam. Həmçinin heç kəsə nifrət bəsləməyəcəyəm, heç kəsin barəsində pis zənn etməyəcəyəm və heç kəsi ittiham etməyəcəyəm. Yox, əgər mənə pis münasibət göstərsəniz, beyətdən boyun qaçırsanız və əmrə müxalif olsanız, bilin ki, Özündən başqa məbud olmayan Allaha and olsun ki, qılıncımı götürüb son nəfəsədək sizinlə vuruşacağam. Mən istəyirəm ki, aranızda haqqı bilənlərin sayı batili dəstəkləyənlərdən daha çox olsun!”.
 
Əməvilərdən Abdullah ibn Muslim əl-Hədrəmi bu xütbəni eşidəndən sonra Nomən ibn Bəşirin yanına gəlib ona etirazını bildirir və deyir: “Belə xütbə iradəsi zəif olanlara məxsusdur. Sən onlara öz gücünü göstərməlisən”. Lakin Nomən ibn Bəşir onun bu təklifini rədd edir.
 
Nomənin bu mövqeyi Yezidin xoşuna gəlmir və onu tutduğu vəzifədən azad edir, yerinə də Ubeydullah ibn Ziyadı təyin edib ona belə bir məktub yazır: “Adamlarım mənə xəbər göndəriblər ki, ibn Əqil Kufədə camaatı başına yığıb müsəlmanları parçalamaq fikrinə düşüb. Məktubum sənə çatan kimi Kufə əhlinin yanına get və onlardan ibn Əqili sənə təslim etməyi tələb et. Onun qarşısını almaq üçün əlindən gələni et...”. Məktub ibn Ziyada çatan kimi o, qardaşı Osmanı öz yerinə (Bəsrəyə) vali təyin edir, sonra da özü ilə bir dəstə adam götürüb Kufəyə yollanır. Ubeydullah ibn Ziyad Kufəyə gəldikdən sonra öz casuslarını hər tərəfə yollayıb Muslim ibn Əqil barəsində xəbər toplamağa başlayır. O, Şam əhlindən olan Məqəl adlı birisinə üç min dirhəm verib deyir: “Al bu pulu, get Muslim ibn Əqili tap!”. Məqəl pulu götürüb məscidə gedir, namaz qılan bir nəfərin yanına gəlir. Adam namazını qılıb qurtardıqdan sonra Məqəl ona yaxınlaşıb deyir: “Qurbanın olum, mən Şam əhlindənəm, filankəsin mövlasıyam. Allah mənə Rəsulullahın əhli-beytini sevməyi, habelə onları sevənləri də sevməyi nəsib edib. Bu üç min dirhəmi əhli-beytdən olan birisinə hədiyyə etmək istəyirəm. Eşitmişəm ki, Hüseyn ibn Əlinin yaxınlarından biri bu məmləkətə təşrif buyurub. Bəlkə onun yerini mənə deyəsən, bu pulu ona verim, o da onu öz ehtiyaclarına sərf eləsin”. Adam dedi: “Nə üçün sən bu məsciddə məhz mənə yaxınlaşdın?”. Məqəl dedi: “Çünki sənin üzündən xeyirxahlıq yağır, sən əhli-beytə yaxın olan adama oxşayırsan”. Adam dedi: “Vay sənin halına! Sən artıq özünü ifşa elədin. Mən səni tanıyıram, bilirəm nə üçün gəlmisən”. Məqəl ona yalvarıb bu haqda heç yerdə danışmamağı xahiş edir və oradan uzaqlaşır. Nəhayət, o, Muslim ibn Əqili tapır və onun məclisində iştirak etmək ona müyəssər olur. O, axşama qədər məclisdə oturub oradakı söhbətləri dinləyir, sonra da Ubeydullah ibn Ziyadın yanına gedib onların məqsədlərini ona bildirir. Beləliklə, ibn Ziyad Muslimin Hani ibn Urvanın evində qaldığını, öz tərəfdarları ilə məhz orada yığışdıqlarını öyrənir. Bundan sonra ibn Ziyad Muhəmməd ibn Əşəsi və Əsma ibn Xaricəni yanına çağırıb onlardan Hani barədə xəbər alır. Sonra onlardan Hanini onun yanına gətirməyi tələb edir. Onlar da Haninin yanına gedib onu ibn Ziyadın yanına gətirirlər. İbn Ziyad onu görəndə deyir: “Sən Muslim ibn Əqili öz evinə gətirmisən, üstəlik camaatı da ora yığmısan ki, ona beyət etsinlər?!”. Hani dedi: “Mən belə bir iş tutmamışam və bunlardan xəbərim yoxdur”. Onda ibn Ziyad Məqəli çağırtdırır. Məqəl onun yanına daxil olduqda ibn Ziyad Haniyə dedi: “Bunu tanıyırsan?”. Hani bu adamın casus olduğunu anladıqda ibn Ziyada dedi: “Düz deyirsiniz, ya əmir. Amma mən Muslimi evimə dəvət etməmişdim, onun hansı yolla mənim evimə gəldiyindən də xəbərim yoxdur. İzn ver, gedim onu evimdən çıxardım!”. İbn Ziyad dedi: “Xeyr, sən onu mənim yanıma gətirməlisən”. Hani: “Qonağımı sənə təslim etmək mənə yaraşar? Vallahi, mən bunu etməyəcəyəm”. İbn Ziyad əlindəki ağacla Haninin üzünə vurur və üz-gözünü al-qana boyayır, sonra da onu zindana atır və bir neçə gün sonra həm onu, həm də Muslimi faciəvi şəkildə şəhid edir. İbn Ziyadın adamları Muslimi tutub aparanda o ağlamağa başlayır. İbn Ziyadın adamları ona: “Sənin kimi adam gərək ağlamasın” deyəndə Muslim dedi: “Vallahi, mən özümə görə ağlamıram, Kufəyə üz tutmuş Hüseynə və onun əhli-beytinə görə ağlayıram”. Bunu deyəndən sonra Muslim Muhəmməd ibn Əşəsdən Hüseynə məktub göndərmək üçün izn istəyir. Muhəmməd də İyas ibn Abbası yanına çağırıb Muslimin məktubunu Hüseynə çatdırmağı ona tapşırır. Məktubda deyilirdi: (Ya Hüseyn!) Ailənlə birgə geri qayıt! Qoy kufəlilər səni aldatmasın! Çünki onlar sənə də, mənə də yalan söyləmişlər. Yalançının isə qəti qərarı ola bilməz!”.
 
Hicrətin 60-cı ilində tərviyə günü (zilhiccənin 8-i) İmam Hüseyn öz yaxınları və altmışa yaxın kufəli ilə Məkkədən yola düşür. Onun bu fikrindən xəbər tutan Əmr ibn Səid ibn As vəziyyətin gərginləşəcəyini başa düşüb öz adamlarını onun yanına göndərir. Onlar Hüseyni bu fikirdən daşınmağa çalışsalar da Hüseyn onların dediklərini qəbul etmir. Nəhayət, Hüseyn əhli-beyti ilə birgə İraqa yollanır. Hüseyn Məkkədən çıxdıqdan sonra Mərvan ibn əl-Həkəm ibn Ziyada məktub yazır. Məktubda deyilir: “Hüseyn ibn Əli sənin yanına gəlir. Biləsən, o, Fatimənin oğlu Hüseyndir, Fatimə də Rəsulullahın qızıdır. Vallahi ki, Hüseyn bizim üçün hamıdan əzizdir. Bax, nəfsinə uyub elə iş tutmayasan ki, camaat sənə tənə vursun və gələcək nəsillər bundan danışsın. Vəssəlamu aleykum!”.
 
Əmr ibn Səid ibn As da öz məktubunda ibn Ziyada belə nəsihət edir: “Hüseyn sənin yanına gəlir. Nəbada onunla kobud rəftar edəsən”.
İmam Hüseyn yolda Fərəzdəq adlı məşhur şairə rast gəlir, ondan kufəlilər barəsində soruşur. Fərəzdəq ona kufəlilərin sözlərinin üstündə duran adam olmadıqlarını bildirir. Hüseyn ona kufəlilərin yazdıqları məktubları göstərəndə Fərəzdəq deyir: “Onlar səni qoyub qaçacaqlar. Getmə ora! (Biləsən,) sən qəlbləri (zahirən) səninlə olan, əlləri isə sənin əleyhinə qalxacaq bir tayfanın yanına gedirsən”.
 
İmam Hüseynin Kufəyə gəlişindən xəbər tutan ibn Ziyad onun qarşısını almaq üçün tədbir görməyə başlayır. Əvvəlcə öz tərəfdarlarını bir yerə yığır. Sonra onlara İmam Hüseyni dəstəkləyən hər kəsi tutub onun yanına gətirməyi əmr edir. Belə etməkdə ibn Ziyad Hüseynin kufəlilərlə bütün əlaqələrini kəsmək niyyətində idi. Amma İmam Hüseynin bütün bunlardan xəbəri yox idi. O, Haciz deyilən yerə çatdıqda kufəlilərə məktub yazır və Qeys ibn Səydavi ilə Kufəyə yollayır. Lakin Qeys Qadisiyyəyə gəlib çatdıqda Hüseyn ibn Təmim öz adamları ilə onun qabağını kəsir və onu tutub ibn Ziyadın yanına göndərirlər. O da dərhal onu edam etdirir. Sonra İmam Hüseyn başqa bir adamını Muslimin yanına göndərir. İbn Ziyad onu da tutub öldürür. Bədəvilər İmam Hüseynə xəbər verirlər ki, ibn Ziyadın əsgərləri heç kəsi Kufəyə buraxmır və heç kəsə də Kufədən çıxmağa izn vermirlər. Nəhayət, o, Muslim ibn Əqilin və Hani ibn Urvanın öldürüldüyündən, üstəlik kufəlilərin ona xəyanət etdiklərindən xəbər tutduqda ətrafındakılara deyir: “Kim çıxıb getmək istəyirsə, qoy getsin”. Kufəlilər o saat dağılışıb gedirlər, yanında qalanlar isə ona deyirlər: “Səni and veririk Allaha, qayıt geri. Kufədə kimsə sənə kömək etməyəcək, kimsə səni dəstəkləməyəcək, əksinə, qorxuruq onlar sənin əleyhinə çıxsınlar”.
 
Hüseyn hələ yola düşmək istəyərkən bəzi səhabələr və yaxınları ona Məkkədən çıxmamağı nəsihət etmişdilər.
İbn Ömər İmam Hüseynin Məkkədən çıxdığını eşitdikdə ona yetişib deyir: “Hara gedirsən?” Hüseyn “İraqa” deyə cavab verir. İbn Ömər: “Getmə onların yanına!”. Hüseyn: “Əlimdə onların beyət etdiklərinə dair məktubları var” – dedi. İbn Ömər: “Allah Öz Peyğəmbərinə axirət və dünya arasında seçim etməyi təklif etdi, o da axirəti seçdi və dünyadan vaz keçdi. Sən də onun bir ciyərparəsisən. Vallahi ki, sizlərdən heç kəs heç vaxt dünyanı qazana bilməz. Allah sizə bundan daha xeyirlisini nəsib etmişdir. Geri dönün!”. Hüseyn qayıtmaq fikri olmadığını bildirəndə ibn Ömər onu qucaqlayıb bağrına basır və deyir: “Allah köməyin olsun, ey fədai!”.
 
İbn Abbas Hüseynin Məkkədən çıxmaq istədiyini bildikdə onun yanına gəlib deyir: “Ey əmim oğlu! Camaat sənin İraqa getmək istədiyini danışır. De görüm, sən nə etmək istəyirsən?”. Hüseyn deyir: “Yaxın günlərdə biləcəksən, inşaallah”. İbn Abbas ona deyir: “Əgər dediyin adamlar əmirlərini yıxıb, düşmənləri qovub şəhərə nəzarət edirlərsə, onların yanına gedə bilərsən. Yox, əgər əmirləri sağdırsa və şəhərə məhz onun adamları nəzarət edirsə, bil ki, onlar səni fitnəyə çağırırlar. Qorxuram, onların hamısı sənin əleyhinə çıxsın, səni çağıran adamlar ən qatı düşmənlərinə çevrilsin”. Hüseyn deyir: “Mən istixarə edəcəyəm! Baxaq görək nə olur”. İbn Abbas onun qəti qərara gəldiyini hiss edib, ertəsi gün yenə onun yanına gəlib deyir: “Ey əmim oğlu, mən sənə səbirli olmağı tövsiyə edirəm. Qorxuram, bu yolda həlak olasan. İraq əhli xain adamlardır. Ehtiyatlı ol, səni aldatmasınlar. Onlar düşməni oradan qovub çıxaranadək burada gözlə, onların yanına getmə. Gedirsənsə, Yəmənə get. Orada sənin atanın tərəfdarları var, get onların yanına. Sonra kufəlilərə məktub yaz, adamlarını onların yanına göndər”. Hüseyn deyir: “Ey Əmim oğlu! Mən bilirəm ki, sən mənə səmimi-qəlbdən nəsihət edirsən. Lakin mən artıq getmək qərarına gəlmişəm”. İbn Abbas: “Elə isə qadınları və uşaqları özünlə aparma. Mən istəmirəm ki, Osman zövcələrinin və övladlarının gözü önündə qətlə yetirildiyi kimi, sən də öz zövcələrinin və övladlarının gözü önündə qətlə yetiriləsən. Özündən başqa məbud olmayan Allaha and olsun ki, əgər camaat bizə eyib tutmuş olmasaydı, saçından tutub səni heç yerə buraxmazdım”.
 
- Hüseyni bu yoldan kimlər çəkindirmək istəyib?
 
- İbn Abbasın dediklərindən belə nəticə çıxır ki, o, şəriət baxımından Hüseynin Yezidə qarşı çıxmasının əleyhinə olmayıb. Onunla yanaşı, digər şəxslər də İmam Hüseyni bu işdən çəkindirmək istəyir ki, onlardan biri də Muhəmməd ibn Hənəfiyyə olub. O, İmam Hüseynə deyir: “Qardaşım, sən mənim üçün hamıdan əziz, hamıdan sevimli və hamıdan yaxınsan. Sənə nəsihət etməyib kimə nəsihət edəcəyəm?! Bir müddət Yezidə beyət etmə, kənara çəkil. Sonra öz adamlarını müsəlmanların yanına göndər və onları sənə beyət etməyə çağır. Əgər sənə beyət etsələr, Allaha həmd-səna edərik, yox, əgər başqasına beyət edərlərsə, bundan sənin nə dininə, nə ağlına, nə əxlaqına, nə də hörmətinə xələl dəyər. Qorxuram, sən elə bir camaatın yanına gedəsən ki, onların bir qismi səni dəstəkləsin, digərləri isə sənə qarşı çıxsın və səni qətlə yetirsin...”. Lakin İmam Hüseyn düşünürdü ki, əməvilər Allahın hökmü ilə hökm etməmiş, Peyğəmbərə müxalif olmuş və raşidi xəlifələrin yolundan kənara çıxmış, şura ilə deyil, varisliklə hakimiyyətə gəlmişdilər. Düşünürdü ki, bu işi həll etmək onun borcudur və o bu məsələdə susmamalı, haqqı deməlidir. Düşünürdü ki, kufəliləri başına yığsa, haqq-ədaləti bərqərar edəcək. Bütün bunlardan belə nəticə çıxır ki, imam Hüseyn hakimiyyətə qarşı çıxmamış, əksinə, buraxılan səhvləri düzəltmək istəmişdir. Allah da düz yolda olanları və düzgünlüyə can atanları ucaltmış, onları dillər əzbəri etmiş və onlara Cənnəti nəsib etmişdir, zalımları isə alçaldıb müsibətlərə düçar etmişdir.
 
İmam Hüseyn öz yaxınları ilə birlikdə gəlib Şərafa çatdıqda Hur ibn Yezidin başçılıq etdiyi min atlı ilə qarşılaşır. O, Hurdan geri qayıtmağı xahiş edir. Lakin Hur əmrə tabe olduğunu bildirir və onlara Kufəyə getməyi buyurur. İmam Hüseyn bundan imtina edib Şama üz tutur. Hur onları müşayiət edib yolda İmam Hüseynə döyüşməməyi nəsihət edir.
 
- Hüseyn necə öldürüldü?
 
- Onlar Kərbəlaya yetişdikdə Ömər ibn Sədin, Şimr ibn zil-Cövşənin və Huseyn ibn Təmimin başçılıq etdiyi dörd minlik ordu ilə qarşılaşır. Əslində, bu ordu deyləmlərə qarşı təchiz edilmişdi, lakin sonradan ibn Ziyad Ömərə xəbər göndərib ordunu Hüseynə qarşı çevirməyi əmr etmişdi. Əvvəlcə Ömər bundan imtina etmiş, lakin ibn Ziyad ona hədə-qorxu gəldikdən, evini yandıracağını, özünü də edam etdirəcəyini söylədikdən sonra Ömər əmrə tabe olub onun buyuruğunu yerinə yetirmişdi. Nəhayət, Hüseyn Taf deyilən yerə çatdıqda Ömərin ordusu onları mühasirəyə alır. Hüseyn ordunun onlara xətər toxunduracağını hiss etdikdə onlara üç şeydən birini seçməyi təklif edir; ya onu Yezidin yanına aparsınlar, ya Məkkəyə qayıtmağa imkan versinlər, ya da müsəlmanların qaldığı istehkamlardan birində qərar tutsun. İbn Ziyad az qalmışdı ki, Hüseynin bu təklifini qəbul edib onu Yezidin yanına göndərsin, lakin Şimr ibn zil-Cövşən buna etirazını bildirir.
 
(İbn Ziyadın sərkərdələrindən olan) Hur ibn Yezid Şimrin etirazından xəbər tutduqda deyir: “Axı niyə bunların təklifini qəbul etmirsiniz?! Vallahi ki, əgər türklər və ya deyləmlər sizə belə bir təklif etsəydilər, çarəsiz qalıb onu qəbul edərdiniz”. Onlar (Hurun sözlərinə) məhəl qoymayıb İmam Hüseyndən (ə) ibn Ziyadın hakimiyyətinə boyun əyməyi tələb etdilər. Onda Hur atını sürüb Hüseynin və onun tərəfdarlarının yanına gəlir. Hamı Hurun onlarla vuruşacağını güman edirdi. Lakin Hur onlara yaxınlaşdıqda qalxanını tərsinə çevirib onlara salam verir və əks-hücuma keçib ibn Ziyadın adamları ilə döyüşməyə başlayır. Hur onlardan iki nəfəri öldürdükdən sonra özü də şəhid olur. Allah ona rəhmət eləsin! Döyüşdə İmam Hüseynin tərəfdarlarının hamısı onu müdafiə edərək şəhid olur. Axırda imam Hüseyn tək qalır. (Bu yaşında) o, çox şücaətlə vuruşur. Lakin çoxluq ona qalib gəlir. Kufəlilərdən hər kəs istəyirdi ki, onu başqa birisi qətlə yetirsin, heç kəs cürət edib Peyğəmbərin nəvəsinə yaxınlaşmırdı. Nəhayət, Şimr bağırdı: “Vay sizin halınıza! Nə gözləyirsiniz?!”. Onda Sinan ibn Ənəs ən-Nəxəi əlindəki nizəni əvvəlcə Hüseynin boğazına, sonra da köksünə sancır. Hüseyn yerə yıxıldıqdan sonra onlar onu əhatəyə alıb qanına qəltan edir və başını bədənindən ayırırlar. Sonra onun başını ibn Ziyada göndərirlər.
 
Onları hicrətin 61-ci ilində, aşura günü (Məhərrəm ayının 10-u) cümə günü qətlə yetirirlər. Hüseyn əlli altı yaşında şəhid olur. Hüseynlə birgə bu döyüşdə yetmiş iki nəfər də şəhid olur. Ömərin dəstəsindən isə səksən səkkiz nəfər öldürülür. Hüseyn şəhid olduqdan sonra Ömər ibn Səd onların qadınlarına və uşaqlarına toxunmamağı, onlarla gözəl rəftar etməyi buyurur və onları ibn Ziyadın yanına göndərir. İbn Ziyad da qadınlara və uşaqlara yemək və geyim, üstəlik qalmağa yer verməyi əmr edir.
 
- Yəhudilər Aşuranı öncədən də qeyd edirdilər. Ancaq Xilas günü kimi. İbrahim peyğəmbərin Nəmurdun əlindən qurtulduğu gün kimi. Hüseynin ölümü bu tarixlə eyni zamana düşür. Müsəlmanlar bu tarixi xilas günü kimi, yoxsa yas günü kimi keçirməlidir?
 
- Aşuranın tarixi qədimdir. Amma İslam dininə sadiq qalan müsəlmanlar bu tarixi nə yas günü kimi, nədə qurtuluş (xilas) günü kimi qeyd etməməlidirlər. Aşura insanlığa şərəf, qeyrət dərsini təkrarladan məktəbdir. Hər gün Aşura, hər yer Kərbəla-məşhur deyimdə deyilənlərə ən yaxşı şüar ola bilər.
 
- Həzrəti Abbas 12 imam sırasında yoxdur. Ancaq iranlılar, xüsusən də ərdəbillilər, Həzrəti Abbasın 12 imam siyahısına salınmasını istəyirlər.
 
- İmamət kimlərinsə və ya hansısa millətin istəyi ilə təyin olunmur. Əgər hər hansı azsaylı (lap olsun çoxsaylı)çiranlı və ya ərəbdə təəssübdən doğan belə bir istək varsa bu dinin tələbi ola bilməz.
 
- 72 şəhiddən biri azərbaycanlıdır. Onun kimliyi və ora necə gedib çıxması barədə məlumatınız varmı?
 
- Belə bir məlumat verilir. Amma onun kimliyi barədə fikir ayrılıqları var. Dinimiz üstünlüyü milliyətdə deyil təqvada qərar verib. Allah hamısına rəhmət eləsin.
 
- Rəvayətə görə, Hüseynin yanında o zaman İran şahının qızı Bibixatun olub. Bu nə qədər doğrudur?
 
- Bunu təsdiqləyəcək hər hansı bir əsaslı tarixi mənbə yoxdur.