Yəhudi alimdən Türkiyə ilə bağlı ŞOK PROQNOZLAR

 
ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) “kölgəsi” olaraq tanınan “Stratfor” analitik şirkətinin qurucusu, yəhudi alim Corc Fridman çaşdırıcı bəyanatlarını davam etdirir.
Publika.az xəbər verir ki, “Yeni söz” nəşri onun Türkiyənin gələcəyi ilə bağlı bəyanatlarını analiz edib.
Fridmanın 2009-cu ilin yanvar ayında çıxan “Gələcək 100 il: XXI əsr üçün proqnozlar” kitabında yaxın zamanda üçüncü dünya müharibəsinin başlaya biləcəyi, Rusiya və Çinin çökəcəyi, Türkiyənin isə dünyanın ikinci super gücü olacağı göstərilib. O, son olaraq Türkiyənin Yaxın Şərq, Balkanlar, Ərəbistan yarımadası və Şimali Afrikaya hakim bir imperatorluğa çevriləcəyini, bunun da ABŞ-ın əsəblərini pozacağını söyləyib.
ABŞ Hərb Məktəbi, Milli Müdafiə Universiteti və RAND təşkilatlarında milli təhlükəsizlik və müdafiə üzrə mühazirələr oxuyan Fridman Türkiyənin dünyanın ən böyük 17-ci güclü iqtisadiyyatına malik dövlət olduğunu söyləyir. Onun sözlərinə görə, Türkiyənin iqtisadiyyatı hazırda Səudiyyə Ərəbistanının iqtisadiyyatından daha yaxşı vəziyyətdədir.
“Hərbi mövqeyi, İngiltərə istisna olmaqla Avropanın ən yaxşısıdır. Fransızları bir saatın içində məğlub edərlər. Əvvəllər ətrafı Avropa, daha sonra Rusiya və ABŞ tərəfindən mühasirəyə alınmışdı. İndi isə amerikalılar gedirlər, ruslar daha geri gəlməyəcək, ingilislər isə başqa işlərlə çox məşğuldur. Türklər qanadlarını açır”, - Fridman bildirib.
“Yeni söz” yazır ki, Corc Fridmanın “Rusiya və Çin çökəcək, Türkiyə bir saatda Almaniya və Fransanı alar, Türkiyə Balkanlardan Afrikaya qədər olan ərazini, xüsusilə də ərəbləri yenidən ölkəsinə qatacaq” şəklindəki şərhlərdən maraqlı bir nəticə çıxır: “Əsl məqsəd hər kəsi Türkiyəyə qarşı qaldırmaqdır. Qərbə “Türkiyəyə qarşı birlikdə ol!”, müsəlman ölkələrə də “türklər Osmanlı dövründə olduğu kimi dövlətlərinizi alıb torpaqlarına qatacaq” mesajı verməkdir. Rusiyanın 1917 və 1991-ci ildə olduğu kimi 2020-ci ildə çökəcəyini, Rusiya və Çin torpaqlarının Türkiyənin ov yaylağına çevriləcəyini, Türkiyənin ərəb ölkələri, Ukrayna, Krım və Yunanıstan da daxil olmaqla Balkanları ələ keçirəcəyini, Türkiyənin Afrikanın mərkəzinə qədər irəliləyəcəyini, ardınca ABŞ ilə Türkiyə arasında üçüncü dünya müharibəsi başlayacağını deyən Fridman bir çox ölkələr üçün qorxunc ssenarilər yazıb. Bu ssenarilərin arxasında “dünyanı narahat etmək” və “türklərə qarşı tədbir görmək” çağırışı dayanır”.