​"Yetkin insanların mücərrəd səbəblərə görə gedib başlarını yarması normal hal deyil" - MÜNASİBƏT

Dünya təcrübəsində uşaqlar müəyyən yaşdan sonra şəxsi iradəsi və təfəkkürü ilə hansı dinə etiqad edəcəyinə, hansı həyat tərzini yaşamaq istədiyinə, özü qərar verir. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Az qala uşaqların dünyaya gəlməsinə belə (cinsiyyət məsələsi) valideyn qərar verir. Hələ doğulmayan uşaqların belə yaşama hüquqları əllərindən alınır. Son vaxtlar geniş müzakirə olunan Aşura mərasimi hələ də gündəmi zəbt edir. Bir çox insanlar sosial şəbəkələrdə mövzu ilə bağlı öz fikirlərini paylaşırlar. Ümumiyyətlə, azyaşlı qız uşaqlarının çadraya bürünməsi, ölü yerlərinə, Aşura və digər dini mərasimlərə aparılması nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı sosial şəbəkələrdə paylaşım edən şəxslərdən biri də Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Publika.az olaraq onun bu məsələyə münasibətini öyrəndik.
Onun sözlərinə görə, 16 yaşına çatmayan uşaqların Aşura mərasiminə aparılması açıq-aşkar dini radikalizm nümunəsidir:
 
 
“Dində radikalizm xəttinin keçilməsi hiss olunmadan baş verir. Bu o deməkdir ki, insan özü də fərqində olmadan, tədricən həyatının bütün dünyəvi tərəfləri din bataqlığına gömülür. 16 yaşına çatmayan uşaqların Aşura mərasiminə aparılması özü də açıq-aşkar dini radikalizmdir. Çünki Aşura mərasimi kifayət qədər ağır və aqressiv psixoloji yükü olan tədbirdir. Şüuru tam formalaşmamış uşaqların, hətta yeniyetmələrin belə o cür mərasimlərə aparılması heç bir baxımdan doğru deyil. Bu, onların şəxsiyyətini deformasiya edir, psixologiyalarını zədələyir. Nəticədə onlar da böyüyəndə mütləq aqressiv və radikal dindar olacaqlar, çünki uşaq vaxtı beyinlərinə yüklənən kod, informasiya budur. Ən pisi də odur ki, özləri uşaq vaxtı Aşura mərasimlərinə aparılanlar gələcəkdə başqa uşaqların da bu kimi yerlərə aparılmasına çox dərəcə normal baxırlar. Ona görə də müəyyən bir qapalı dairə yaranır və ildən-ilə onun sahəsi böyüyür. Hansı yolla olur-olsun, dairəni qırmaq və buna son qoymaq lazımdır. Hətta yetkin insanların belə, hər hansı mücərrəd səbəblərə görə gedib başlarını yarması normal hal deyil. Bunu uşaqların gözünün qabağında etmək isə sadəcə olaraq, insanlığa sığmır”.
Yazıçı və jurnalist Tural Cəfərov (Qan Turalı) isə dində birmənalı şəkildə belə mərasimlərin keçirilməsinin və ya keçirilməməsinin qeyd edilməsini düzgün hesab etmir. O, öz fikirlərini belə əsaslandırır ki, Azərbaycan Respublikası Konstitusiyasında göstərilir ki, insanpərvərlik dinlərinə zidd olan dinlərin yayılması qadağandır. Lakin burada nələrin nəzərdə tutulduğu qeyd olunmayıb:
 
 
“O ki qaldı bu mərasimlərə, bu, İslam dinində şiə tərəfdarlarının keçirdiyi və etiqad etdiyi məsələlərdəndir. Ona görə düşünürəm ki, bu mərasimlər illərdir keçirilir və keçiriləcək də. Bu, yeni bir proses deyil. Hər kəsin azad seçim hüququ var və heç kim heç kimə deyə bilməz ki, sən burada başını yarma, sən zəncir vurma və s. Bu, onun müstəsna dini hüququdur. Tez-tez mətbuatda bu insanları qınayan yazılara rast gəlirik. Deyirlər həcc ziyarətinə gedincə bir kasıba kömək et, uşaqları oxutdur və s. Bu da doğru bir şey deyil. Çünki hər insanın etiqad etdiyi müəyyən din var və bu dinin də buyurduğu müəyyən hökmlər var. İllərdir davam edən hökmləri isə 21-ci əsrdə kimsə dəyişdirə bilməz. Amma burada incə bir məqam var ki, biz hüquqi ölkədə yaşayırıq və yetkinlik yaşına çatmış şəxsə heç kim məhdudiyyət qoya bilməz ki, Aşuraya getmə və ya orada hər hansı bir ritualları yerinə yetirmə. Bu insan bunu istəyirsə edəcək. Lakin konstitusiyaya edilən dəyişikliklərdə də qeyd olunub ki, dövlət uşaqları himayə edir. Eləcə də, azyaşlıların siyasi və dini mərasimlərə qatılması və təbliğatlara qoşulması qanunla qadağandır. Dindar ailə öz uşaqlarını ailə daxilində istədiyi dinə inanclı şəkildə böyüdə bilər. Nə biz, nə də dövlət buna mane ola bilər. Uşağı qan tökülən, ağır psixoloji vəziyyətlərin yaşandığı mərasimlərə aparmaq - bu artıq hüquqi problem hesab olunmalıdır. Buna görə də, bu sahədə ciddi tədbirlər görülməlidir. Açıq danışaq da, siz, biz, hüquq mühafizə orqanları ailə daxilində aparılan dini təbliğatın qarşısını necə ala bilər? Heç cür. Ölkənin böyük əksəriyyəti dindar insanlardan ibarət olduğu üçün biz dini mövzularda müzakirələr apararkən ehtiyatlı olmalıyıq. Çünki dindarların öz seçimlərinə qalsa, şiələr hakimiyyətə gəlsə, sünnilər olmayacaq, sünnilər hakimiyyətə gəlsə, şiələr. Azərbaycanda nə qədər insan vəhhabiliyi, xristianlığı qəbul edib. Biz sekulyar bir dövlətdə yaşayırıq. Bu dövlətin əsas özəlliyi ondan ibarətdir ki, bütün dinlərə öz ibadətlərini sərbəst şəkildə aparmaq hüququ verilib. Ona görə də sekulyarlıq bu qədər çox dəstəklənir. Və mən düşünürəm ki, həmin bu sekulyarlıq eyni zamanda azyaşlıların hüquqlarının qorunması üçün də icra olunmalıdır”.
Könül Cəfərli

Загрузка...
Загрузка...