YERİN ALTINI DA, ÜSTÜNÜ DƏ BİLƏN İNSAN!

Və yaxud Abel Məhərrəmovun Tağı Əhmədovla dostluğunun bilinməyən tərəfləri
 
Bakı Metropoliteninin keçmiş sədri “sağa-sola payladığı” milyonları hansı yollarla əldə edib?
 
Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədov hər zaman mətbuatın diqqət mərkəzində olub. Doğrudur, o, media qarşısına tez-tez çıxmağa çox da maraq göstərməyib. Çünki onun hər bir açıqlaması qalmaqala səbəb olub və uzun müddət mətbuatda, eləcə də sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Bütün bunlarla yanaşı, T.Əhmədov hər dəfə media önünə çıxanda jurnalistlərə qarşı kobud davranışı ilə də yadda qalıb. Görünür, onun üçün ictimai qınaq heç bir əhəmiyyət daşımadığından, kamera qarşısında əxlaq çərçivəsini belə, çox asanlıqla aşmağı bacarıb.
Bu və digər səbəblərdən Bakı Metropoliteninin keçmiş rəhbəri hər zaman ictimaiyyət arasında maraqlı və daim haqqında bəhs olunan fiqura çevirilib. Təsadüfi deyil ki, onun bəzi həmkarlarımızın ünvanına səsləndirdiyi ifadələr cəmiyyətdə hələ də dillər əzbəridir...
Maraqlıdır ki, bütün bu məziyyətlərinə rəğmən, Tağı Əhmədova “gözün üstə qaşın var” deyən olmayıb, əksinə hakimiyyətdə həmişə sevilən fiqur olub.
Keçmiş sədri metropolitenə rəhbərlik etdiyi dönəmdə həm də əliaçıq, səxavətli məmur kimi tanıyıblar. Çünki, Tağı müəllim, necə deyərlər, “yeyib də, yedirdib də”.
Belə ki, o, lazım olan ünvanlara hesabı hər zaman vaxtında çatdırıb. Qazancından mütəmadi olaraq bir sıra məmurlara ayrıca pay bölüb. Hətta bu və ya başqa şəkildə asılı olmadığı məmurlara belə, hər ay paketdə müəyyən qədər vəsait göndərməyi unutmayıb.
O cümlədən, bəzi təhsil ocaqlarına, xüsusən də Bakı Dövlət Universitetinə (BDU) həmişə maliyyə yardımı göstərib. Hətta, deyilənə görə, Məmməd Əmin Rəsulzadə ilə bağlı tədbirlərin bütün xərcini üzərinə götürməyi özünə borc bilib.
Bu haqda məlumat verən mənbənin sözlərinə görə, BDU-nun rektoru Abel Məhərrəmov da Tağı Əhmədovun bu xidmətlərini hər zaman yüksək dəyərləndirib. Məsələn, BDU-da T.Əhmədovun iştirakı ilə keçirilən bütün tədbirlərdə, eləcə də universitetin VİP zalında rektorun adından təşkil olunan qonaqlıqlarda A.Məhərrəmov hər dəfə T.Əhmədovu “yerin altını da, üstünü də bilən adam” kimi təqdim edərək, şərəfinə sağlıqlar deyib.
Yeri gəlmişkən, Abell Məhərrəmovla Tağı Əhmədovun bu dostluğu təkcə rektor-sədr əlaqələri ilə məhdudlaşmayıb. Hər iki şəxs həm də Yeni Azərbaycan Partiyasının rəhbər heyətində təmsil olunduğundan, onlar arasında daima isti münasibətlər olub. Elə indi də bu əlaqələrin yüksək səviyyədə olduğu və BDU-nun rektorunun “yerin altını da, üstünü də bilən adam”la dostluq münasibətində qaldığı bildirilir.
Bu və digər məsələlər haqda növbəti yazılarımızda daha ətraflı açıqlamalar verəcəyik...
 
Tağı Əhmədovun 40 illik maaşı...
 
Hələlik isə onu qeyd edək ki, Tağı Əhmədov iki ildən artıqdır Bakı Metropoliteninin sədri vəzifəsindən azad edilsə də, yersiz “səxavət”i onu yenidən mətbuatın gündəminə daşıyıb. Artıq dəyərli oxucularımıza da bəlli olduğu kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon manat aldığı haqda iddialar var. Məlumata görə, məsələyə T.Əhmədovun A.Çovdarovun xahişini yerə salması səbəb olub.
İddia olunur ki, MTN-ə 10 ədəd "Range Rover" markalı avtomobil lazım olub. Bunun üçün büdcədən pul ayrılıb. Lakin A.Çovdarov ayrılan məbləği mənimsəyərək, Tağı Əhmədovdan həmin maşınları alıb verməsini istəyib. T.Əhmədov təxminən 1 milyon dollara başa gələcək bu "xərc"dən imtina edib. Bu da qarşı tərəfi narazı salıb, bundan sonra T.Əhmədov və ətrafı barədə araşdırmalar başlanılıb. Nəticədə Tağı Əhmədovun özünün, metroda işləyən qardaşı oğlu Şövqi Tağıyevin və digər qohumu Elşən Tağıyevin (Tağı Əhmədovun qardaşı oğlanları) istifadəsində olan telefon nömrələri dinlənilib. Bu zaman müəyyən ipucuları ələ keçdiyindən, Elşən və Şövqi Akif Çovdarovun göstərişi ilə saxlanılıb. Bundan sonra Tağı Əhmədov məcburən 3 milyon manatı verməyə razılaşıb.
Məlumata əsasən, onun oğlu Ruslan və qardaşı oğlu Əli 1,2 milyon dollar, 1,5 milyon avro və 300 min manat pulu qara idman çantasında 2014-cü ilin aprel ayında Bakıda A.Çovdarova məxsus mənzillərin birində şəxsən onun özünə veriblər.
Mətbuat yazır ki, T.Əhmədov A.Çovdarovun həbsindən sonra aparılan araşdırmalar zamanı istintaqda dindirilib və hadisəni danışıb. Müstəntiqin ondan "Siz 3 milyon manatı necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz?" sualına "40 illik əmək haqqımdı, yığıb saxlamışdım" deyə cavab verib.
 
“Tağı Əhmədovdan maşın istəmişik”
 
Akif Çovdarovun vəkili Sadiq Rəsulov ittiham aktında qeyd olunan bu məsələ ilə bağlı bəzi detalları açıqlayıb. Vəkil bildirib ki, A.Çovdarov MTN-in Tağı Əhmədovdan xidməti maşın istəməsini qismən təsdiqləyir: “Ancaq burada söhbət Akif Çovdarovun Tağı Əhmədovdan şəxsən maşın tələb etməsindən getmir. Akif müəllim bildirir ki, MTN müxtəlif zamanlarda, müxtəlif dövlət qurumlarına xidməti maşın alınmasına kömək etmək üçün müraciət edib. Bu müraciətlərin hamısı da nazir müavinlərinin imzası ilə rəsmi yazışma əsasında edilib. Akif müəllim bildirir ki, MTN çox böyük qurum idi və bəzən büdcədən ayrılan vəsaitlə xidməti maşınların alınmasını çatdırmaq olmurdu. Bu zaman da bəzi dövlət qurumlarından kömək istənilib. Bu qurumlardan biri də metropoliten olub. Həmin rəsmi yazışmaya da Tağı Əhmədovdan cavab gəlib ki, belə bir imkanı yoxdur. Bu məsələ də orda bağlanıb. Üstəlik, burada söhbət hansısa 10 ədəd bahalı “Range Rover”dən də getməyib. Sadəcə MTN nazir müavininin imzası ilə xidməti maşın istənilib”.
Vəkil onu da qeyd edib ki, Akif Çovdarov Tağı Əhmədovla ümumiyyətlə heç vaxt hansısa qeyri-rəsmi formada ünsiyyətdə olmayıb, zəngləşməyib, görüşməyib.
“Tağı Əhmədovun rəhbərlik etdiyi qurumla bağlı məsələlər MTN-də Akif Çovdarovun idarəsinə aid olub. Onlar arasında da ancaq işlə və rəsmi yazışmalar formasında münasibətlər olub” – deyə vəkil vurğulayıb.
 
Akif Çovdarov Tağı Əhmədovla üzləşdirmə tələb edib
 
Qeyd edək ki, Akif Çovdarov istintaq zamanı Bakı Metropolteninin keçmiş rəisi Tağı Əhmədovun qardaşı oğlu Əli Əhmədovla üzləşdirilib. Vəkili Sadiq Rəsulovun sözlərinə görə, üzləşmə zamanı ziddiyyət yaranıb: “Əli Əhmədovun istintaqda verdiyi ifadəsi ilə üzləşmə zamanı dediyi sözlər arasında ziddiyyət oldu. Əli Əhmədov ittihamda göstərilən 2 milyon 917 min 300 manat pulu Akif Çovdarova harada verməsi barədə soruşularkən ərazini dəqiq deyə bilmədi. Burada onun yalan danışdığı açıq şəkildə bəlli olur”.
Vəkil qeyd edib ki, onlar istintaq zamanı T.Əhmədovun özünün də A.Çovdarovla üzləşdirilməsini istəyib. Lakin müvafiq vəsatət təmin olunmayıb.
Elə Tağı Əhmədovun özü də mətbuata açıqlamasında Çovdarovun üzləşmək təklifinə “ənənəvi şəkildə” “Akif Çovdarov qələt edir” – deyərək , telefonunun dəstəyini asıb.
 
Tağı Əhmədov 3 milyon verdiyini təsdiqləyib...
 
Bu arada isə, Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədovla bağlı redaksiyamıza şok məlumat daxil olub. Etibarlı mənbənin sözlərinə görə, T.Əhmədovun A.Çovdarova 3 milyon manat verdiyi haqda informasiya mətbuata ayaq açdıqdan sonra, bu məsələ “yuxarı”ların da diqqətini çəkib. Bu səbəbdən də Tağı Əhmədov Prezident Administrasiyasına dəvət olunub və ondan məsələ ilə bağlı izahat istənilib.
Mənbə deyir ki, T.Əhmədov PA rəhbərliyi ilə görüşdə A.Çovdarova 3 milyon manat verdiyini təsdiqləyib. Ondan “bəs nə üçün bu haqda bizə məlumat vermədin” sualı soruşulduqda isə, Bakı Metropoliteninin keçmiş sədri deyib ki, həmin vaxt Prezident Administrasiyası rəhbərliyində təmsil olunan şəxslərdən birinə iki dəfə zəng vurub, lakin telefonuna cavab verilmədiyindən, Çovdarova boyun əyməkdən başqa çıxış yolu olmayıb.
Bəs, bu pullar Akif Çovdarova hansı şəraitdə və kim tərəfindən çatdırılıb? Həmin vəsaiti Çovdarov şəxsən qəbul edib, yoxsa...? Ən əsası isə, Tağı Əhmədov sözügedən milyonları hansı yollarla əldə edib?
Bütün bunlar haqda növbəti saylarımızda açıqlama verəcəyik. Bu zaman Abel Məhərrəmov-Tağı Əhmədov əlaqələri haqda bir sıra maraqlı faktları da oxucularımızla bölüşəcəyik.
Ardı var…