Yeni qaydalar kimlərin xeyrinə olacaq?

Əli Məsimli: "Biz bununla bağlı sənəd hazırlayırıq, həmin təkliflər aidiyyəti qurumlara təqdim olunacaq"
Vüqar Bayramlı: "Mərkəzi Bank çalışmalıdır ki, kommersiya banklarının manatla cəlb etdiyi kreditlərin həcmi artsın”
Ötən il bir-birinin ardınca yaşanan iki devalvasiyadan sonra dollarla olan mikrokreditlərin 1.05 manatdan 1.6186 AZN-ə qədər yüksəlməsi dollarla kredit götürənlərin aylıq ödənişlərinin xeyli yüksəlməsinə səbəb oldu. Dolların məzənnəsinin artması özü ilə birlikdə əhali arasında haqlı narazılıqla yanaşı, müəyyən problemlər də gətirdi.
Bundan sonra Milli Məclisin deputatları tərəfindən Mərkəzi Banka və hökumətə kreditlərin devalvasiyadan öncəki məzənnə ilə, yəni 1.05 manatla qaytarılması barədə təkliflər verildi.
Təəssüf ki, bu günə qədər bu təkliflərə müsbət cəhdlər olunmayıb.

Ötən gün parlamentin iclasında deputat Əli Məsimli çıxışında Azərbaycanda ali qanunvericilik orqanı səviyyəsində dollarla krediti olanlara dəstək məqsədi ilə xüsusi sənəd hazırlandığını bildirib. O, 2015-ci ildə inflyasiyanın aşağı olmasını yüksək qiymətləndirib: “2015-ci ildə iki şok devalvasiya olub. Bunun mənfi nəticələrinin aradan qaldırılması üçün atılan addımları yüksək dəyərləndirirəm. Amma bu addımları yetərli saymıram. Çünki bunlar birtərəfli xarakter daşıyır, problemlər əhalinin üstünə atılır. Məsələnin bu cür həllini müsbət hesab etmirəm. Bu problem sistemli şəkildə həll olunmalıdır". Əli Məsimli onu da vurğulayıb ki, ağırlıq əsasən əhalinin üzərinə düşdüyünə görə, həm borcalanlar-kredit götürənlər, həm də banklar çox pis vəziyyətdədir: “Biz bununla bağlı sənəd hazırlayırıq. Komitələrdə səsləndirdiyimiz təkliflər orada öz əksini tapacaq və həmin təkliflər aidiyyəti qurumlara təqdim olunacaq".
Qanunvericilikdə nəzərdə tutulmasa da, banklar hansı əsaslarla krediti manatla verib xarici valyuta ilə geri istəyir?
İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, əgər müqavilədə kreditin valyuta növü dollardırsa, o zaman banklar krediti dollarla geri istəmək hüququna malikdir: “Əgər müqavilədə kreditin valyuta növü manatdırsa, bu zaman banklar həmin krediti dollarla geri istəmək hüququna malik deyil. Amma apardığımız monitorinqlər onu göstərir ki, xüsusən manatın məzənnəsinin yüksək olduğu dövrlərdə istehlak kreditləri ilə bağlı banklar kredit müqaviləsində valyuta növünü dollar göstərib, amma vətəndaşa manat verib. Çox təəssüf ki, vətəndaşlar kredit alanda əksər hallarda müqaviləni oxumur. Müqavilədə valyuta növünə diqqət yetirmirlər. Nəticə ona gətirib çıxarır ki, müqavilədə valyuta növü dollar göstərilir, ancaq vətəndaşın qazancı manat olduğu üçün kreditin qaytarılması onun özü üçün çətinliklər yaradır. Əgər kredit müqaviləsində valyuta növü manat göstərilirsə, devalvasiyadan sonra bank ödənişi dollarla tələb edirsə, bu, qanunvericiliyə ziddir. Qanunvericilik kredit müqaviləsində olan valyuta növünə uyğun ödənişin geri həyata keçirilməsini tələb edir. Birmənalı şəkildə bankların belə bir hüququ yoxdur”.
Bir qrup iqtisadçının Azərbaycan hökumətinə göndərdiyi təkliflərin bir hissəsinə toxunan iqtisadçı bildirib ki, bankların dollarla deyil, manatla kredit verməsini təşviq etmək üçün, Mərkəzi Bankın addımlar atması təklifini irəli sürüblər:
“Banklara mərkəzləşdirilmiş kreditlərin verilməsinə ehtiyac var. Bununla da banklar manatla kredit verməyi həyata keçirə bilər. Çünki banklar nə qədər çox manatla kredit verərsə, bu, vətəndaşların ödəmə qabiliyyətinə təsir göstərə bilər. Bu baxımdan Mərkəzi Bank bankların manatla kredit verməsini təşviq etməlidir”.
“Ölkə daxilində müqavilələrin xarici valyuta ilə imzalanması qadağan oluna bilərmi” sualına Vüqar Bayramov bunun mümkün olmadığını deyib:
“Çünki əgər vətəndaş öz pulunu bankda dollarla saxlayırsa, təbii ki, bank da həmin pulu dollar formasında kredit verir. Amma qadağan olunması yox, manatla kreditlərin təşviq edilməsi və kommersiya banklarına manat bazasının artırılması mümkündür. Bu, banklara imkan verəcək ki, daha çox manatla kredit versinlər. Kommersiya bankları vəsaiti hansı valyutada cəlb edirsə, o valyutada da ödənişə maraqlıdır. Buna görə də burda Mərkəzi Bank çalışmalıdır ki, kommersiya banklarının manatla cəlb etdiyi kreditlərin həcmi artsın”.(cebhe.info)