​Yeni iqtisadi model necə olacaq? – Vahid Əhmədov bəzi detalları açıqladı

 
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov yeni iqtisadi modelin yaranmasının obyektiv zərurətə çevrildiyini bəyan edib. Onun sözlərinə görə, çox qısa zamanda ölkəmizdə yeni iqtisadi modelin və onun bəhrələrinin şahidi olacağıq:
 
“Azərbaycanda həyata keçirilən islahatların hədəfi ölkə iqtisadiyyatını yeni pilləyə qaldırmaqdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə pambıqçılığın, baramaçılığın, ümumiyyətlə, kənd təsərrüfatının digər sahələrinin sürətli inkişafı iqtisadi potensiallardan tam istifadə edilməsi məqsədlərinə xidmət göstərir”.
 
Bəs yeni iqtisadi model necə olacaq?
 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Teleqraf.com-a açıqlamasında deyib ki, Azərbaycanda yeni iqtisadi modelin qurulması barədə müzakirələr çoxdan gedir: “Cənab prezident iqtisadi məsələlər üzrə özünə köməkçi təyin edib və “yol xəritə”si hazırlanır. Yəqin yaxın günlərdə işlər yekunlaşacaq.
 
Aldığım məlumata görə, bu xəritə üzərində çox insan çalışır, mən və həmkarım Əli Məsimli də müəyyən təkliflər irəli sürmüşük. Yeni iqtisadi model deyəndə iqtisadi sistemin dəyişdirilməsi, daha çevik olması nəzərdə tutulur. Əslində Azərbaycanda belə model var, yeni model qurulmasına ehtiyac yoxdur. Cənab prezident iqtisadiyyata birbaşa özü rəhbərlik edir. Vitse-prezidentlik institutu o modeli müəyyən qədər dəyişdirə bilər. Ola bilər ki, vitse-prezidentlərdən biri iqtisadiyyatla məşğul olsun. O zaman səlahiyyət bölgüsü olacaq, Nazirlər Kabinetinin səlahiyyəti bir qədər azaldılıb vitse-prezidentə verilə bilər və s.
 
Bütün bunlar səslənən fikirlərdir, qərar isə cənab prezidentindir. Vitse-prezidentlər təyin ediləndən sonra hansı modelin olacağı müəyyənləşəcək. Bəziləri deyir ki, Nazirlər Kabineti lazım deyil, amma mən buna etiraz edirəm. Düşünürəm ki, hələ 3-5 il Nazirlər Kabineti qalmalıdır, çünki orada normativ sənədlər hazırlanır, icra mexanizmi qurulur. Strukturu dəyişdirmək olar, ancaq Nazirlər Kabinetinə hələlik dəymək lazım deyil. Situasiyanı biz də hiss edirik, Azərbaycan dövlət başçısı vitse-prezidentlik institutunu tətbiq edirsə, deməli burada hansısa yeni modeldən söhbət gedir”.
 
Onun sözlərinə görə, “yol xəritəsi”ndə 8 xətt əsas götürülüb və bu haqda prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov əvvəldən elan vermişdi: “Ancaq nələrin təsdiq olunacağı bəlli deyil. Bu, ölkə başçısının səlahiyyətində olan məsələdir”.
 
Pambıqçılığın dirçəlməsi üçün atılan addımları şərh edən iqtisadçı xatırladıb ki, 2004-cü ildə dövlət başçısı hökumət qarşısında iki məsələ qoymuşdu. Onun sözlərinə görə, onlardan biri ərzaq təhlükəsizliyinin təmin edilməsi, digəri qeyri-neft sektorunun inkişafı ilə bağlı idi: “Həmin vaxtdan 12 il keçib, ərzaq təhlükəsizliyinin təmin edilməsində müəyyən məsələlər həllini tapsa da, biz qeyri-neft sektorunda ciddi addım atmadıq. Qeyri-neft sektoru kənd təsərrüfatı, sənaye, turizm, insan kapitalı sahələridir. Bu sahələrdə kənd təsərrüfatının bəhrəsini daha tez görə bilərik. Sənaye sahəsini 1-2 ilə başa gətirə bilmərik, zavod və fabriklərin tikintisi üçün müəyyən qədər vaxt lazımdır. Ona görə də kənd təsərrüfatına daha çox diqqət artırılıb.
 
Pambıq Azərbaycanda ənənəvi istehsalı olan sahədir. Baramaçılıq və pambıqçılığa cənab prezident diqqət yetirir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu sahə ilə şəxsən özü məşğuldur. Bir sözlə, bu sahəyə böyük qayğı var. Bu, neftin qiymətinin kəskin aşağı düşməsi, idxal-ixrac əməliyyatında mənfi saldonun yaranması, tədiyyə balansının mənfi olması ilə əlaqədardır. Pambığın ixracı ilə əlaqədar çalışırıq ki, dövlətə valyuta daha çox xaricdən gəlsin”.