Yeni imtahan modeli: “Məktəbdə ancaq 3 fənn öyrədiləcək, qalanları yox”- Keçmiş təhsil naziri

Baxış sayı: 
258
0  
0  

 
    
 
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış və qəbul imtanahları ilə bağlı yeni modeli açıqlayıb.
 
Modeldə yer alan müddəalar müəllim və abituriyentlər arasında müzakirələr yaradıb.
 
Keçmiş təhsil naziri Firudin Cəlilov yeni qəbul edilən modellə bağlı Cebhe.info-ya fikirlərini açıqlayıb.
 
O deyib ki, buraxılış və qəbul imtahanlarındakı dəyişiklik təhsilin xeyrinədir: “Çünki şagirdlərdə yükdaşımanı iki mərhələyə bölüblər. Qəbul uşaqlar üçün çox ağır olur. Bu fənnlərin ayrılması da məncə peşəkardır. Tətbiq olunsun, baxaq görək nə olur? Amma gərək orta məktəbdə bu istiqamətdə güclü hazırlıq olsun. Orta məktəbin buraxılış imtahanında əgər 3 fənn nəzərdə tutulubsa, bu, o qədər də yaxşı deyil. Əsasən orta məktəblərdə o fənnlərin öyrədilməsinə önəm veriləcək, digərlərinə yox...Mən istərdim ki, orta məktəbdə bütün fənnlərdən buraxılış imtahanları olsun. O imtahanların balı qəbul imtahanında nəzərə alınsın. Onlar imtahanla bağlı belə fikirləşiblər, yəqin mütəxəssislərlə məsləhətləşiblər. Hər halda uğurlu olsun”.
 
Orta məktəblərdə buraxılış imtahanlarının şəffaf keçirilib-keçirilməyəcəyinə gəlincə, Firusin Cəlilov bu barədə konkret fikir söyləməkdə çətinlik çəkib. O deyib ki, qəbul imtahanına nəzarət mexanizmini yaradılmalıdır: “Ümumiyyətlə, köhnəni yıxıb birdən-birə təzəni tətbiq etmək olmur. Gərək proses tədricən həyata keçsin. Hər halda yaxşı metod kimi qiymətləndirə bilərəm”.
 
Buraxılış və qəbul imtahanları üçün qəbul olunmuş modeli təqdim edirik: Ümumi (9 illik) orta təhsil bazasında ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının yenə də iki mərhələdə, lakin 3 fənn üzrə keçirilməsi nəzərdə tutulur. Hər iki mərhələdə şagirdlərin bilikləri tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qiymətləndiriləcək.
 
Birinci mərhələdə tədris dili üzrə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən, riyazi bacarıqları yoxlamaq məqsədilə isə açıq tipli tapşırıqlardan, xarici dil üzrə də şagirdlərin oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq və qapalı tipli tapşırıqlardan, yazı işlərindən istifadə ediləcək.
 
İkinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə olunacaq. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları isə bir mərhələdə – tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı 5 ixtisas qrupu üzrə aparılacaq.
 
Abituriyentlər I, II,III və IV qrupa aid ixtisaslara qəbul olmaq üçün 3 fənn üzrə imtahan verəcəklər. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. V ixtisas qrupunun ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq qabiliyyət imtahanı da verəcəklər.
 
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin I-IV qrup ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər aşağıdakı fənlərdən imtahan verəcəklər: I qrup II qrup III qrup IV qrup Riyaziyyat Riyaziyyat Azərbaycan dili (rus dili) Kimya Fizika Coğrafiya Tarix (Azərbaycan və Dünya tarixi) Biologiya Kimya Tarix (Azərbaycan və Dünya tarixi) Ədəbiyyat Fizika Yuxarıda göstərilən model 2019-cu ildən etibarən tətbiq olunacaq. 2018-ci ildə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanları, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları 2017-ci ildə olduğu kimi keçiriləcək. 2018-ci ilə dair yeganə dəyişiklik ondan ibarətdir ki, ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus (gürcü, ingilis) bölməsinin abituriyentləri Azərbaycan dili fənnindən imtahan verəcəklər.
 
Alçina Amilqızı
Cebhe.info

Загрузка...
Загрузка...