​Yeni il tətili Azərbaycana 500 milyon manat ziyan vuracaq - təhlil

 
 Yeni İl və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar Azərbaycanda dalbadal 7 gün – dekabrın 31-dən yanvarın 6-dək qeyri-iş günü elan edilib
 
Bu barədə Nazirlər Kabinetinin müvafiq məlumatında bildirilir.
 
Beləliklə, 2016-cı ilin 30 dekabr tarixi 2016-cı ilin son iş günü, 7 yanvar isə 2017-ci ilin ilk iş günü olacaq. Bir qədər öncə isə yalnız 31 dekabr-4 yanvar qış tətili elan edilmişdi. Ancaq yenidən 2 gün də əlavə etdilər.
 
İldə 2 dəfə - yeni il və Novruz bayramı ərəfəsində ölkə elliklə tətilə çıxır. Son bir neçə ildə bayram günlərinin sayı heç bir zərurət olmadan artırılır. Əgər Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il Bayramı 31 dekabr-1 yanvarda qeyd edilirsə, ondan sonrakı 5 günün qeyri-iş günü elan edilməsi heç bir tənqidə dözmür.
 
Elliklə tətil ideyası təkcə məmur-oliqarxların maraqlarına uyğundur. Onlara yığdıqlarını xərcləmək, səyahətlərə çıxmaq üçün vaxt lazımdır. Çox təəssüf ki, Nazirlər Kabineti də ümumi maraqlardan yox, məmur-oliqarxların maraqlarından çıxış edərək bayram günlərinin sayını süni şəkildə artırır. Bundan isə dövlət, özəl sektor və çoxsaylı insanlar əziyyət çəkir. Çünki hər bir qeyri-iş günü milyonların itirilməsi deməkdir.
 
Azərbaycan bayram günlərinin sayına görə ön sıralarda olan ölkələrdən biridir. Nazirlər Kabinetinin qərarına görə, 2017-cü ildə bayramlarla bağlı 22 gün qeyri-iş günü hesab edilib – dünya azərbaycanlılarının həmrəylik günü və yeni il (7 gün), beynəlxalq qadınlar günü (1 gün), Novruz bayramı (7gün), faşizm üzərində qələbə günü (1 gün), respublika günü (1 gün), milli ordunun yaranması günü (1 gün), Qurban və Ramazan bayramları (hər biri 2 gün). İlin 104 gününün şənbə-bazar olmasını nəzərə alsaq, 365 günün ən azı 126 günü – ilin üçdə birini “dincəlirik”.
 
Dünyada ən çox qeyri-iş olan bayram günləri Şri-Lankadadır. Bu ölkədə vətəndaşlarının məzuniyyətdən əlavə ildə 24 gün istirahət etmək şansı olur. İran, Maldiv adaları və Braziliyada belə günlərin sayı 21-dir. Hindistanda 18, Cənubi Koreyada 17, Yaponiyada 15 bayram günləri müəyyənləşdirib. Avstraliya və İsveçrədə 11, Sinqapur, İrlandiya və Niderlandda 10, Britaniyada 9, Kubada 8 qeyri-iş günü var.
 
YUNESKO-nun qiymətləndirmələrinə görə, dünya üzrə qeyri-iş günlərinin orta statistik göstəricisi 12 gündür. Almaniya vətəndaşları 13, İtaliya 12, ABŞ isə 11 gün evində bayram edir. MDB ölkələrində Belorusda 13, Rusiyada 11, Ukraynada 10 gün qeyri-iş günü var.
 
Qeyri-iş günlərinin çoxluğundan vaxtamuzd işçilər - məmurlar, müəllimlər, həkimlər, bir sözlə büdcə təşkilatlarında çalışanlar maraqlıdır. Çünki onlar iş günlərinin sayından asılı olmayaraq öncədən müəyyənləşdirilmiş məvacib alırlar. Ancaq işəmuzd çalışanlar, yəni gündəlik qazancla yaşayan şəxslər üçün hər qeyri-iş günü ziyan deməkdir.
 
Qeyri-iş günləri təkcə ayrı-ayrı şəxslərə yox, ümumilikdə ölkə iqtisadiyyatına zərər vurur. Bununla bağlı müxtəlif hesablamalar metodu və forması var. Məsələn, Rusiyanın Əmək Nazirliyinin hesablamalarına görə, orta hesabla hər bayram günü 370-420 milyon dollar zərər deməkdir. Rusiya iqtisadiyyatı yeni il tətilinə görə təxminən 20-25 milyard dollar ziyana düşür.
 
Böyük Britaniyada iqtisadiyyatı hər qeyri-iş gününə görə 2,3 milyard funt itirir. Beləliklə də il ərzində ümumi itki 19 milyard funta çatır.
 
Qeyri-iş günlərinin çoxluğu Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərir. Düzdür, neft amili bu itkini azaldır. Ancaq istənilən halda qeyri-iş günlərinin çoxluğu iqtisadi artıma mənfi təsir göstərir. Hazırda qeyri iş günlərinə görə nə qədər olması barədə konkret araşdırmalar aparılmayıb. Ancaq bəzi hesablamalara itkinin təxmini həcmi barədə təsəvvür yaratmaq olar.
 
2015-ci ildə ümumi daxili məhsulun (ÜDM) həcmi 54,4 milyard manat olub. ÜDM-in gündəlik həcmi isə orta hesabla 149 milyon manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ÜDM-in 40 faizi neft sektorunun, 13 faizi isə nəqliyyat, ticarət və ictimai iaşənin payına düşür. Neft hasilatı fasiləsiz istehsal sahəsi hesab olunduğundan qeyri-iş günləri bu sektora şamil edilmir. Nəqliyyat, ticarət və ictimai iaşə obyektləri də ilin istənilən günü istehlakçıların üzünə açıqdır. 4 sektoru (neft, nəqliyyat, ticarət və ictimai iaşə) götürdükdə belə çıxır ki, iş gününün olub-olmamasından asılı olmayaraq gündəlik ÜDM-in təxminən 53 faizi formalaşır. Yerdə gündəlik ÜDM-in (158 milyon manatın) 47 faizi qalır ki, bu da təxminən 70 milyon manat edir.
Deməli, hər qeyri-iş günü ölkə iqtisadiyyatına ən azı 70 milyon manat zərər düşür. Bu o deməkdir ki, 2017-cü ildə ÜDM bayram günlərinə görə ən azı 1,6 milyard manat itirəcək. Təkcə yeni il tətilində bu itkinin məbləği 500 milyon manat olacaq. Nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatı ildən-ilə azalılır, onda tənəzzül dövründə ildə 1,6 milyard manatlıq itki balaca məbləğ deyil.
 
Təkcə bank sektoru hər qeyri-iş gününə görə ümumilikdə 10-15 milyon manat itirir. Ona görə bankirlər qeyri-iş günlərini “qara bayram” kimi qarşılayırlar. Bank əməliyyatlarının dayandırılması bank xidmətindən istifadə edən böyük əhali qrupuna da ziyan vurur.
 
Hazırda ölkə iqtisadiyyatının söykəndiyi neft hasilatı da azalmağa doğru gedir. Deməli, iqtisadi inkişaf üçün qeyri-neft sektorunun payı artmalıdır. Azərbaycanda hələlik çox şaxəli iqtisadiyyat qurulmadığından bu problemi həll etmək çətin olacaq. Deməli, hökumət daha qənaətcil olmalı, iqtisadiyyata ziyan vuran qeyri-iş günlərinin sayını azaltmaq barədə düşünməlidir.

Загрузка...
Загрузка...