Yeni hərbi vətənpərvərlik marşları yazılırmı?

Cavanşir Quliyev: "Müharibə zamanı musiqi çalmazlar, güllə atarlar"
Gövhər Həsənzadə: "Nədi, hamı gözləyirdi ki, müharibə olsun, bunlar mahnı yazsın?"
Hərbi marşlar, mahnılar savaş içində olan ölkənin ordusuna, insanlarına  böyük ruh yüksəkliyi verir. Elə bu günlərdə cəbhədə yaranan 4 günlük hərbi əməliyyatlar zamanı ölkənin hər tərəfində səslənən hərbi marşların, mahnıların insanlara necə böyük təsir etdiyinin şahidi olduq. Təbii ki, onların arasında ən çox sevərək dinlədiyimiz hərbi vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının "Cənab leytenant", "Vətən əmanəti" və bu kimi digər mahnılar oldu. Qeyd etdiyimiz mahnılar, marşlar hələ birinci Qarabağ savaşı dönəmində yazılan bəstələrdir.
Bu gün artıq vətənpərvərlik mövzusunda, milli ruhda yeni mahnıların yaranmasına zərurət var. Bəs bəstəkarlarımızın  yaradıcılığında bu mövzuda yenilik varmı?
Məsələ ilə əlaqədar  bir neçə tanınmış bəstəkara müraciət etdik.
Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev vətənpərvərlik mövzusunda yeni mahnıları olduğunu bildirdi:
"Təbii ki, bu mövzunun hər bir bəstəkarın yaradıcılığında yeri var. Təkcə marş deyil, başqa əsərlər də yazılır. Məncə, bu mövzu sezon mövzusu deyil, yəni, müharibə qızışdısa yazaq, müharibə sakitləşdisə yazmayaq. Belə yanaşmaq olmaz. Yanaşma əsaslı, köklü olmalıdır. Çünki bu mövzular gələcək nəslin, gənclərin vətən sevgisinin formalaşmasında, dərinləşməsində müəyyən rol oynayır. Bu, davamlı olaraq bizə lazım olan əsərlərdir.
Musiqinin təzəsi, köhnəsi olmur, yaxşısı, pisi olur. “Koroğlu” uvertürası köhnədir?...
Əminəm ki, başqa bəstəkarlar da bu mövzunu işləyirlər. Bu mövzuya “komsomol tapşırığı” kimi yanaşmaq da doğru deyil. Hesab edirəm ki, bu cür musiqilər müharibə olanda deyil, müharibə olmayanda lazımdır ki, insanların içində o hiss, tərbiyə, o vətənpərvəlik ruhu həmişə yaşasın. Müharibə zamanı musiqi çalmazlar, güllə atarlar".
Bəstəkar Eldar Mansurov da bu mövzuda yeni mahnılar yazdığını bildirdi:
"Əlimdə bir-iki mahnı var, şəhidlərə qəhrəman uşaqlqara aiddir".
Xalq artisti, bəstəkar Faiq Sücəddinov bu mövzudakı məşhur mahnılarından söz açıb:
"İlk olaraq “Vətəndən pay olmaz” , “Vətən harayı”, “Qələbə” kimi mahnılar, marşlar yazmışam. Hər bir mövzumuz elə vətənpərvərlik, səngərlərdəki əsgərlərimizdən olan mahnılardır. Bununla bağlı nə qədər müsabiqələr keçirdik... 20-25 ildir ki,  “Vətəndən pay olmaz” mahnım yazılıb, hələ də onu oxuyurlar, aktualdır".
Bəstəkar Gövhər Həsənzadə isə vurğuladı ki, vətənpərvəlik mahnısı yazmaq üçün hansısa müharibəni gözləmək lazım deyil:
"Vətənə qulluq edən bir bəstəkar oturub müharibəni, hansısa mövzunu gözləməyəcək. Vətənə qulluq edən bəstəkar vətənin rifahı, vətəninin dünyaya çıxışı, bu gün yaşadığı həqiqətləri, səviyyəni, əsl həyatı dünyaya çatdıran insanlar, bəstəkarlar, incəsənət xadimləridir. Baharda bahar, qışda qış mahnısını yazmağı bizim bəstəkarlara yaraşdırmıram. Bu  gün dünyanın ən böyük səhnəsində, arenasında, dünyəvi ölkələr arasında mövzu, səviyyə nə olursa-olsun, əgər orda Azərbaycanı yüksək səviyyədə təmsil olunması tələb olunursa bəstəkarın borcudur ki, mövzunu gözləmədən orda vətəni təqdim etsin... Nədi, hamı gözləyirdi ki, müharibə olsun, bunlar mahnı yazsın?
Mən bu mövzuda Abdulla Qurbaninin sözlərinə “İgid şahinlər” mahnısını yazmışam. Mahnını Mübariz Tağıyev çox gözəl ifa edib".
Vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı yeni mahnısını bu günlərdə təqdim edəcəyini açıqladı:
"Artıq yeni bir əhval-ruhiyyə ilə başlamışıq. Bu günlərdə Göygöl rayonunda "Vətənin müdafiəsinə hazıram"  adlı tədbirdə yeni mahnımı ifa etdim. Mahnının bəstəkarı Yaşar Baxış, sözləri Cəlal Qurbanovundur".