Yeni Dünya müharibəsi, Türkiyə parçalanacaq, Qarabağ üçün son tarix – GÜNÜN SİYASİ XÜLASƏSİ

 
Türkiyə çalxalanmaqda davam edir, ölkədə yeni dövlət çevrilişinin ola biləcəyi ehtimalları hər keçən gün daha da artır. Ermənistanda sakitlikdir. Dağlıq Qarabağ münaqişəsi ətrafında fəallıq hiss olunur. Həmsədrlər prezidentlərin növbəti görüşünü təşkil etməyə çalışırlar. Kreml isə Sarkisyana Qarabağı qaytarması üçün təzyiqlər edir. ABŞ Rusiya-Çin ittifaqına qarşı çıxır, III Dünya müharibəsinin anonsu verilir. Bu gün bir çox xəbərlər siyasi gündəmi zəbt etdi.
 
***
 
Prezident İlham Əliyevdən Barak Obamaya məktub
 
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamaya ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.
 
İkitərəfli münasibətlərdən bəhs olunan məktubda Dağlıq Qarabağ məsələsinə də toxunulur.
 
“Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik”, - deyə məktubda qeyd olunur.
 
***
 
“Kreml əraziləri qaytarması üçün Sarkisyana təzyiq edir”.
 
Bu barədə rusiyalı politoloq Stanislav Belkovskiy deyib.
 
Onun sözlərinə görə, Rusiya böyük sülh potensialına Qərbin və ümumilikdə bəşəriyyətin diqqətinin cəlb edilməsinə ehtiyac duyur:
 
“Ssenari belədir: Ermənistan 3-5 rayonu Azərbaycana verir, Rusiya qoşunları Qarabağa yerləşdirilir. Lakin bu ssenari hələ ki, işləmir. Moskva Ermənistanın ərazi güzəştlərinə gedəcəyini gözləyir. Kreml bunun üçün İrəvana təzyiq göstərir. Lakin Sarkisyan Moskvanın onu aldadacağından qorxduğu üçün Kremlin ssenarisini bütöv şəkildə qəbul etmək istəmir”.
 
Putin Sarkisyanı avqustun 10-da Moskvaya dəvət edib.
 
Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Sarkisyan Moskva səfəri zamanı Putinlə ikitərəfli münasibətlərin inkişafı, siyasi, ticarət, humanitar, həmçinin, Avrasiyaya inteqrasiya prosesləri müzakirə edəcək.
 
Lakin V. Putinin avqustun 8-də Bakıya səfər etməsinin ardınca Sarkisyanın Moskvaya dəvəti Qarabağ münaqişəsi ətrafında ictimaiyyətə açıqlanmayan hansısa proseslərin getməsindən xəbər verir.  Sarkisyanın Moskvaya çağırılması Putinin avqustun 9-da Sankt-Peterburqda Ərdoğanla görüşü fonunda da diqqət çəkir. Rusiya-Türkiyə yaxınlaşması aspektində Ankaranın Ermənistanla münasibətləri normallaşdırmaq istəyinin olduğuna dair xəbərlər yayılmışdı. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bunu rəsmi şəkildə bunu təsdiq etdi. Bu baxımdan, Putinin əvvəlcə Prezident İlham Əliyevlə, ardınca Rəcəb Tayyip Ərdoğanla görüşəndən sonra Sarkisyanı hüzuruna dəvət etməsi gündəmin ən əsas suallarındandır.
 
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında növbəti telefon danışığı olması da burada diqqət çəkir.
 
Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı əsnasında nazirlər ikitərəfli əlaqələrə, regional və beynəlxalq gündəliyə aid olan məsələləri müzakirə ediblər. Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirərək, Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb. Mövlud Çavuşoğlu isə Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.
 
Minsk qrupunun həmsədrləri fəallıq nümayiş etdirirlər.
 
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib ki,
həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyin yollarını axtarır.
 
***
 
Türkiyə ikinci dövlət çevrilişi təhlükəsi ilə üz-üzədir
 
Türkiyə Baş Polis İdarəsinin 17 iyul tarixli yazısında deyilir: “Çevriliş planı uğursuz olan FETÖ/PDY terror təşkilatının üzvləri hər şeyi itirmək psixologiyası ilə bir sıra hücumlara edə bilərlər. Vətəndaşlarımızın həssaslığını nəzərə alaraq, ölkəmizdə olan suriyalılara hücumlar edər, eyni şəkildə bir sıra məzhəblərarası qarşıdurmaya səbəb olacaq addımlar ata bilərlər. Xüsusilə sünni və ələvi vətəndaşlarımızı qarşı-qarşıya gətirməyə çalışa bilərlər”.
 
21 iyul tarixli yazıda isə sui-qəsdlərin ola biləcəyi qeyd olunur: “FETÖ-nün hələ də de-şifrə olmamış üzvləri başda prezident olmaqla, siyasi və hərbi rəhbərliyə qarşı sui-qəsdlər edə bilərlər”.
Həmçinin, PKK-nın da hazırkı vəziyyətdən istifadə edərək, terror hücumları edə biləcəyi vurğulanır.
 
FETÖ-ya qarşı əməliyyatlar davam edir
 
Bu gün Fətullah Gülənin “pul kisəsi” sayılan Murat Kılıç, həmçinin, 90-a yaxın futbol hakimi və hakim köməkçisi həbs olunub. Bununla yanaşı, Türkiyə Elmi Texnoloji Araşdırma Qurumunda (TÜBİTAK) əməliyyat keçirilib. Çox sayda insan həbs olunub, lakin detallar açıqlanmayıb.
 
“Ərdoğanı devirək, Fətullah Güləni gətirək”.
 
Bu sözlər ABŞ-da bəzi konqresmenlərin Senata ünvanlandığı məktubda qeyd olunub.
 
Fevral ayında ünvanlanan məktuba konqresmen Rand Paul, Klintonun prezident seçilərsə özünə köməkçi gətirmək istədiyi Tim Kaine və Marko Rubio kimi senatorlar da imza atıblar.
 
Ümumi məğzi “Ərdoğanı devirək, Fətullah Güləni gətirək” olan məktubda deyilir: “ABŞ olaraq Türkiyə hökumətinə dəqiq mesaj göndərməyin vaxtıdır. Bu, təkcə suriyalı kürdlərə qarşı silahlanma çağırışı etdiyinə görə deyil, demokratiyanın təməli olan siyasi məsələləri və yerli gücləri yenidən gözdən keçirmək üçün lazımdır. Ərdoğan Türkiyəni radikal islamçıların savaşdığı yerə çevirir. Təəssüf ki, son illərdə biz Türkiyədə insan haqları və söz azadlığının pozulmasının qarşısını ala bilmədik. Beynəlxalq ictimaiyyətin, həmçinin, Türkiyənin daha çox dini radikallaşmasının qarşısını almaq lazımdır. Beynəlxalq ictimaiyyətin dəstəklədiyi və önəmli fiqur olan, dinlərarası dialoq və demokratik prinsiplərin təmsilçisi olan din adamı Fətullah Gülənə verilən səlahiyyət, bizə Türkiyənin radikal İslamdan uzaqlaşdırmaq imkanı verəcək”.
 
Konqresmenlər Türkiyəyə təzyiq edilməsi üçün ABŞ-ın xarici siyasətinin yenidən tərtib olunması tələbi ilə də çıxış ediblər.
 
***
 
ABŞ Liviyada İŞİD-ə qarşı hava hücumlarına başlayıb.
 
Bu barədə prezidenti Barak Obama deyib.
 
Onun sözlərinə görə, məqsəd İŞİD-i məhv etmək və Liviyada sabitliyi yenidən bərpa etməkdir. Obama əməliyyatın Liviya hökumətinin müraciəti əsasında həyata keçirdiklərini qeyd edib.
 
“İŞİD-i təmizlədikdən sonra Liviyada bütün tərəflərin bir araya gələcəyinə ümid edirik. Sadəcə biz deyil, Avropa və digər ölkələr də Liviyanın sabitliyə qovuşmasını arzulayır. Çünki buradakı qeyri-sabitlik miqrant böhranına və insan faciəsinə çevrilir. Liviyada daha öncə bir qətliamın qarşısını almaqla doğru addım atdıq. Lakin heç birimiz tam olaraq daha sonra Liviyada sağlam mühitin yaradılması və ölkənin təhlükəsizliyinin təmin edilməsi məsələsində yetərincə düşünmədik”, - deyə o bildirib.
 
III Dünya müharibəsi başlaya bilər
 
ABŞ Hərbi-Dəniz Qüvvələri isə Rusiya və Çinin Cənubi Çin dənizində birgə hərbi təlimlərinə cavab verməyə hazırlaşır.
 
Bu barədə ABŞ-ın “The Daily Signal” onlayn nəşri yazıb.
 
ABŞ Hərbi-Dəniz Qüvvələrinin kontr-admiralı Maykl Manazir də Nümayəndələr Palatasının silahlı qüvvələr üzrə komitəsində çıxışı zamanı Amerika donanmasının 25 il sonra super dövlətlərin dənizlərdəki yarışında yer alacağını vurğulayıb.
 
“The Daily Signal” isə yazır ki, yaxın günlərdə ABŞ donanması Qara dənizdə genişmiqyaslı hərbi təlimlərə başlayacaq. Bu Rusiya və Çinə cavabdır. Ekspertlər isə super güclərin bu yarışının təhlükəli olduğunu, dənizlərdə qarşıdurmanın güclənə biləcəyini qeyd edirlər. Bu isə III dünya müharibəsinə səbəb ola biləcək amillərdəndir.
 
Rusiyanın baş naziri Dmitri Medvedevi Aleksey Kudrin əvəzləyəcək.
 
Bu barədə “Financial Times” nəşri yazıb.
 
Nəşr qeyd edib ki, sentyabr ayında Rusiya hakimiyyətində ciddi dəyişikliklər olacaq. Ən böyük dəyişiklik isə Medvedevin Kudrin ilə əvəzlənməsidir.
 
Kremlin mətbuat katibi Dmitri Peskov isə bunu təkzib edib. O bildirib ki, “hökumətin gələcək istefaları” ilə bağlı mövzular yeni deyil: “Biz bilirik ki, onların hamısı mütəmadi olaraq qəhvə falına baxır və hökumətin müxtəlif üzvlərinin istefası ilə bağlı öncədən əminliklə proqnoz verirlər. Bu tip xəbərləri o qədər yazırlar ki, nəticədə diqqəti cəlb edir”.
 
***
 
Dubayın beynəlxalq hava limanında təyyarənin uğursuz enişi fövqəladə vəziyyət yaradıb. Nəticədə təyyarə yanmağa başlayıb. Lakin evakuasiya edilən sərnişinlərdən zərər çəkən olmayıb. Hadisə ilə bağlı hava limanı bütün uçuşları dayandırıb.