Yeni direktordan hicab qadağası: BAŞIÖRTÜLÜ QIZLARA “QAİB” YAZILIR

Pedoqoji Kollecinin yeni direktoru qızların dərsə hicablı gəlməsini qadağan edib
 
Təhsil eksperti: “Baş örtüyünün təhsilin keyfiyyətinə ziyanı, yaxud xeyri olmadığına görə, bu məsələnin üzərinə gedilməməlidir”
 
“Məktəbli formasıyla bağlı nazirin əmrində hicab məsələsi qoyulmayıb”
 
Astara Pedoqoji Kollecinin yeni direktorunun dərsə hicablı gələn qızlara qarşı qadağa qoyması haqqında Turaninfo.az-a məlumat daxil olub.
Adının çəkilməsini istəməyən tələbələrdən birinin sözlərinə görə, direktor Yusif Şahnamazov göstəriş verib ki, dərsə hicabla gələn tələbələr ya dərsə buraxılmasın, ya da dərsdə iştirak etmələri qeydə alınmasın, yəni onlara “qaib” yazılsın.
Müəllimlər bildiriblər ki, bu haqda direktor belə əmr verib: “Bizə dedilər ki, direktor özbaşına əmr verməyib. Göstəriş Təhsil Nazirliyindən gəlib”.
Kolleclə əlaqə yarad bilmədiyimizə görə, Astara rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə iş şöbəsinin müdiri Ruhid Əliyevlə danışdıq. O bildirdi ki, şöbəyə belə bir məlumat daxil olmayıb, məsələ ilə bağlı Kolleclə əlaqə saxlayıb bizə məlumat verəcək. Amma sonrakı zənglərimizə cavab almadıq.
Mövzu ilə əlaqədar Təhsil Nazirliyinə sorğu ünvanladıq.
Təhsil eksperti Nadir İsrafiolovun Hurriyyet.org-a açıqlamasına görə, cəmiyyətdə bu mövzuya münasibət birmənalı deyil. İctimaiyyətin bir qismi bunu qınayır, bir qismi tərəfdar çıxır: “Bir qrup ziyalı konstitusiyaya əsaslanır ki, din dövlətdən ayrıdır, bu cür geyimin məktəbə aidiyyatı yoxdur. Bəzi qism hesab edir ki, məktəbli formasının tətbiq edilməsi üçün nazirliyin əmri var, amma orada baş örtüyü məsələsi qoyulmayıb. Bu cür məsələlər dəfələrlə gündəmə gətirilib. Ümumiyyətlə, buna müxtəlif aspektlərdən yanaşılır. Bir qrup hesab edir ki, bu məsələnin bu qədər genişlənməsi dini radikalzimlə bağlıdır. Bir qism hesab edir ki, din dərindən dərk olunmadığı üçün bu cür hadisələr baş verir. Ümumiyyətlə, mən onun tərəfdarıyam ki, dinin tədrisi ilə bağlı tədris planına ayrıca fənn salınsın. Hətta hazırda bu fikrin tərəfdarları bu fənnin adı üzərində düşünür”.
Azərbaycanı ən tolerant ölkə sayan təhsil eksperti cəmiyyətdə inanclı insanlara radikal dindar kimi yanaşılmasına təəssüf edərək bildirdi ki, bu da cəmiyyətdə ayrı-seçkiliyə səbəb olur: “Tolerant ölkə kimi bizim dünyaya nümunə göstərilməyimizdən danışılır. Bizdə Qafqazın ən böyük məscidi tikilir. Dinlə bağlı icmalar, təşkilatlar, birliklər var. İslam Universiteti fəaliyyət göstərir. Dini işlər üzrə Dövlət Komitəsi var. Bir məsələnin üzərinə nə qədər gedilirsə, o qədər geniş kütləni əhatə edir.Uğursuz da olsa, bir müqayisə edim: Kolumbiyada narkotik maddələrdən istifadə sərbəstdir. Bununla belə, onlarda narkomanların sayı xeyli azalıb. Nəyin üzərinə gedilirsə, qadağalar qoyulursa, bir o qədər məsələ gündəmə gəlir. Adi baş örtüyüdür, bunun təhsilin keyfiyyətinə nə ziyanı, nə də xeyri var. Əgər 3-5 nəfər hicabda gəlirsə, bu o demək deyil ki, bütün məktəb baş örtüyündə gələcək. Gərək belə məsələləri çox bayağılaşdırmayaq. Hansısa bir uşaq baş örtüyündə gəlir, onu dərsdən çıxarırlar, təhqir edirlər. Mən hesab edirəm ki, biz hicaba yanaşma tərzimizi dəyişməliyik. Bu məsələlərin üzərinə getməməliyik, zaman özü bunları tənzimləyəcək. (hurriyyet.org)

Загрузка...
Загрузка...