Yenə bölünəkmi biz mahal-mahal?

 
 
Azərbaycanın vilayətlərə bölünməsiylə bağlı mətbuata sızan məlumata əsasən, mərkəzi Sumqayıt, Quba, Şamaxı, Şirvan, Lənkəran, Beyləqan, Bərdə, Göyçay, Qəbələ, Yevlax, Gəncə, Şəki, Şəmkir olmaqla 13 vilayət yaradılacaq. Deyilənə görə, ölkədə Bakı və Naxçıvan MR də daxil olmaqla 15 regional ərazi vahidi olacaq.
 
Qeyd edim ki, Azərbaycan Respublikasının ərazisi 70-dən çox şəhər və rayona, 1607  bələdiyyəyə (hazırda ölkə ərazisindəki bələdiyyələrin sayı azaldılaraq 1607 təşkil edir, belə ki, şəhər bələdiyyələri 73, qəsəbə bələdiyyələri 148, kənd bələdiyyələri 1386) bölünüb. Naxçıvan Muxtar Respublikası istisna olunmaqla heç bir bölgənin özəl idarəçiliyi yoxdur.
Mənbənin dediklərinə görə, vilayətlərin yaradılmasında bir məqsəd də mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir. İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanacaq.
 
Öncəliklə qeyd edim ki, rayonların bir-birindən təsərrüfat fərqi olması üzündən vilayətlərin yaradılması iqtisadi cəhətdən də rentabelli olmayacaq. Bu ilk növbədə Azərbaycanı parçalamaq üçün ən yaxşı vasitədir. Bunun misalı olaraq, Dağlıq Qarabağı vaxtilə muxtar vilayət etməklə əslində bu günkü duruma gəlib çıxdı. Bu iş idarəetmə, icra strukturları vasitəsilə deyil, seçkili orqanlar vasitəsilə həyata keçirilməlidir ki, effektivliyi təşkil edilə bilsin. İstənilən halda icra strukturları vasitəsilə həyata keçirilən idarəetmə effektli olmayacaq. Bələdiyyələrin statusları qaldırılmalı və idarəetmənin böyük hissəsi bələdiyyələrə verilməlidir. İcra strukturları isə sadəcə prezidentin nümayəndələri kimi bölgədəki vəziyyətə nəzarət etməlidir. Bildiyimiz kimi, bələdiyyə seçkili orqandır. Üzvlər xalq tərəfindən, bələdiyyə sədri isə həmin üzvlər tərəfindən seçilir. Ancaq necə seçilir, bu ayrı mövzudur. Bələdiyyə sədrinin də seçilməsi xalq tərəfindən açıq səsvermə nəticəsində həyata keçirilməlidir ki, məlum sahələrə cavabdeh olan strukturlar tanınsın və tələb edilsin.
Ölkənin vilayətləşəcəyi təqdirdə bu cür həssas bölgələrdə regional separatizm üçün zəmin yaradacağı da istisna olunmur. Monoetnik məkanlarda belə strukturlaşmanı həyata keçirmək olar. Azərbaycanı vilayətlərə bölərək idarə etmək suverenlik üçün böyük təhdiddir. Vilayətlərə bölünmə etnik-milli separatizm üçün baza yaratmaqla yanaşı Dağlıq Qarabağın növbəti statusuna ciddi təsir göstərəcək. Vilayətlər statusu daha çox federativ dövlətlər anlayışına uyğun gəlir. Azərbaycan isə unitar dövlətdir. Vilayətlərin formalaşması ilə Dağlıq Qarabağın müstəqilliyi arasında bir addım məsafə qalır. Çünki faktiki olaraq Azərbaycan Konstitusiyası pozulur, unitarlıq prinsipi itir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin başlıca əlamətlərini təsbit etmişdir ki, bu da dövlətin mahiyyətini müəyyən edir. Konstitusiyanın 7-ci maddəsinin I hissəsində deyildiyi kimi, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
 
Biz hələ bəylik, xanlıq təfəkküründən çıxmamışıq, yenidən o vərdişə qayıtmaq nəyi vəd edəcək bizə? Yuxarıda bələdiyyələrin statuslarının qaldırılması, səlahiyyətlərinin artırılmasının vacibliyini qeyd etdim. Bu gün məcburi köçkünlərin bələdiyyələri yoxdur, yerli özünüidarə orqanlarında seçib-seçilmək hüquqları yoxdur. Bələdiyyə seçkilərində iştirak edə bilmirlər. İşğal altında olan rayonlarımızın sakinləri müxtəlif bölgələrdə yerləşdirilib. Bu durumdaykən bu gün ölkənin regional strukturunda dəyişiklik etmək nə dərəcədə münasibdir?
 
Birləşdirilmə mövzusunda bir neçə rayon var ki, istisnadır. Lerik-Yardımlı, Xızı-Dəvəçi-Şabran, Qobustan-Şamaxı, Hacıqabul-Şirvan və s. Ancaq nəzərə almaq lazımdır, bir icra başçısı bütün bunların öhdəsindən gələ biləcəkmi? Azsaylı kəndləri olan, əhalisinin sayı 7-8 mindən çox olmayan rayonları ayrıca struktur kimi saxlamağın da mənası yoxdur. Amma daha o demək də deyil ki, ölkə vilayətlərə bölünməlidir. Ölkəmizin 20%-nin işğal altında olduğu, ərazimizin bütöv olmadığı, işğala məruz qaldığı bir zamanda bu cür təklifin olması nə dərəcədə doğrudur? Vilayətləşmə ən çox da  Cənubi Qafqaz bölgəsində öz hegemonluğunu saxlayan Rusiya üçün bir fürsət olacaq. Belə ki, Rusiyanın Azərbaycanın daxili işlərinə  qarışmaq, ölkəmizə qarşı anti-Azərbaycan mövqeyinə dayanan qüvvələrini hələ çox istifadə etməyə çalışacaqları heç bir şübhə doğurmur. Hansı ki,  muxtariyyət tələb edən və özlərinə himn, bayraq və digər atributlar yaratmaq istəyən separatçılara meydan verəcək. Çünki Rusiya nəinki regionda, həmçinin Azərbaycanda “Parçala və hökm sür” siyasəti yürütməkdə maraqlıdır. Vilayətlər yaradılsa, növbəti mərhələ üçün məclislərinin yaradılması da ortaya atılacaq. Məclislər zamanı vilayətlərin idarəedilməsi, nəzarəti hökümət tərəfindən heç də asan yolla başa gəlməyəcək. Həmin məclislərdə cənub-şimal bölgəsində separatçı meylləri gücləndirmək üçün məhz Rusiyada yaşayan, özünü Azərbaycandakı etniklərin guya hüquqlarının müdafiəçisi kimi göstərən, onlarla əməkdaşlıq edərək konkret sifariş yerinə yetirən qrupları yenidən aktivləşdirəcəyi qaçılmazdır. Bütün gedişata nəzər salarkən görmək olar ki, Rusiyanın bu separatçılıq arzularının Azərbaycan üçün hansı fəlakətə gətirib çıxaracağını söyləməyə ehtiyac yoxdur. Yuxarıda da qeyd etdiyim kimi Dağlıq Qarabağda Rusiyanın ermənilərin əli ilə başladığı etnik münaqişə Azərbaycanın 20 faiz torpaqlarının işğal olunmasına, 1 milyon insanımızın məcburi öz torpaqlarından didərgin düşməsinə səbəb oldu. Belə ki, ölkə daxilində növbəti etnik münaqişə ocaqlarının yaradılması Azərbaycan üçün daha böyük faciələrə gətirib çıxaracaq. Azərbaycanın vilayətlərə bölünmə təklifi Azərbaycan dövlətinə və dövlətçiliyinə xəyanətdir.
 
P.S. Kimsə Naxçıvan Muxtar Respublikası statusunun olmasını Azərbaycanın unitar prinsipinin pozulması kimi dəyərləndirməsin. Çünki  Naxçıvan bu gün xüsusi statusa malikdir, Azərbaycanla quru sərhədləri yoxdur. Bu əslində idarəçiliyin asanlaşdırılması üçündür. Əgər zaman gəlsə, Azərbaycanla Naxçıvan arasındakı quru sərhədləri olsa, konstitusiyada ilk dəyişikliklərdən biri Naxçıvan Muxtar Respublikasının statusunu ləğv edib, Azərbaycanın digər rayonları kimi fəaliyyət göstərməsinə çalışmaq olmalıdır.