Yeltsinin türk düşmənçiliyi-Şok fakt

Rusiyanın keçmiş prezidenti 1994-cü ildə Ter-Petrosyanla görüşündə “türkləri sənin qarşında diz çökdürəcəyəm” deyib...
SSRİ-nin dağılmasından sonra 2000-ci ilə qədər Rusiyanın prezidenti olan Boris Yeltsinin bütün türk xalqlarına qarşı nifrətinin olduğu, türklərə düşmənçilik münasibəti bəslədiyi barədə “Yeni Müsavat”a maraqlı məlumat daxil olub. Xəbərdə deyilir ki, Boris Yeltsin 1994-cü ildə Moskvada səfərdə olan Ermənistan prezidenti Levon Ter-Petrosyandan Qarabağ cəbhəsində vəziyyətin necə olduğunu soruşub.
Azərbaycanın 20 faiz ərazisini yenicə işğal etmiş Ermənistan prezidenti bu qalibiyyətin təsiri altında lovğalanaraq özündən razı halda “hər şey yaxşıdır” məzmunlu cavab verib. Bu zaman Yeltsin dövlət başçısına yaraşmayan tərzdə bildirib: “Levon, arxayın ol, bu yaramaz türkləri sənin qarşında diz çökdürəcəyəm”. Erməni prezident buna inandıqlarını və qalibiyyətlərinin də bu inamdan, dəstəkdən irəli gəldiyini təşəkkür şəklində Rusiya prezidentinə deyib.
Xüsusi olaraq qeyd edək ki, 1994-cü ildə Boris Yeltsinlə Levon Ter-Petrosyan arasında belə bir söhbətin getdiyi görüşdə Rusiya tərəfindən iştirak etmiş şəxslərdən biri illər sonra tanınmış azərbaycanlılardan birinə bu barədə danışıb. Həmin şəxs isə “Yeni Müsavat”a bu barədə danışıb. Yeltsinlə Ter-Petrosyanın türklərə nifrət saçan həmin söhbətinin canlı şahidi olmuş həmin şəxs nüfuzlu, tanınmış adamdır.
Ermənistanın Azərbaycan rayonlarını məhz Ermənistanda Levon Ter-Petrosyan, Rusiyada isə Boris Yeltsin hakimiyyətdə olduğu dövrdə ard-arda işğal etdiyi məlumdur. Rusiyanın indiki prezidenti Vladmir Putinin prezidentliyi dönəmində Ermənistan bir qarış da olsun torpağımızı işğal etməyib. Bütün ərazilər məhz Yeltsinin Rusiyaya rəhbərlik etdiyi illərdə məhz Rusiyanın o zamankı siyasi, hərbi rəhbərliyinin dəstəyi ilə ermənilərin əlinə keçib. Bu faktın özü Yeltsinin türklərə düşmənçilik münasibəti bəslədiyinin sübutu sayıla bilər. 
1992-1993-cü illərdə müharibənin ən şiddətli zamanında Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cəbhəsi iqtidarının dövlət katibi və baş naziri işləyən Pənah Hüseynlə bu mövzuda söhbətimizdə bildirdi ki, Yeltsinin türklərə “türkləri ermənilərin qarşısında diz üstə gətirəcək qədər” nifrət etdiyinə və Ermənistan prezidentinə də o şəkildə açıq ifadə söyləməsinə inanmır: “Yeltsin prezident olduğu dövrdə onunla təkbətək görüşüm olmayıb. Amma 1992-ci ildə prezident Əbülfəz Elçibəyin Moskvaya səfəri zamanı keçirilən ümumi tədbirlərdə, ümumi görüşlərdə Boris Yeltsinlə görüşmüşük. Prezidentlə Moskvaya gedən rəsmi nümayəndə heyəti ilə Yeltsinin görüşü olmuşdu. Sonra isə 1993-cü ilin mayında MDB dövlət və hökumət başçılarının tədbirində baş nazir olaraq iştirak etdiyim zaman Rusiya prezidenti Boris Yeltsin də həmin toplantıda iştirak edirdi. Həmin tədbirlərin və görüşlərin heç birində Yeltsinin dilindən o cür ifadə səsləndiyini eşitməmişəm”.