Yeddi ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,2 mlrd. kubmetr qaz ötürülüb

Azərbaycanın magistral qaz kəmərləri ilə bu ilin yanvar-iyul ayları ərzində 12 036,9 mln. kubmetr qaz nəql edilib.
 
Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral qaz kəmərləri ilə nəqldə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,5% azalma müşahidə olunub.
 
Qazın nəqlinin 34,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 4 157,5 mln. kubmetr qaz ötürülüb.
 
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir.
Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
 
Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.