Yaz gəldi, depressiya dərdi başladı...

Baxış sayı: 
108

 
Vəfa Rəşidova: “Əgər bir insan yaz ayında depressiyaya düşürsə, deməli, onun bundan əvvəl yaşadığı payız, qış ayları monoton olub”
 
Artıq ölkəmizə yaz fəsli qədəm qoyub və gün keçdikcə havalar isinməyə doğru gedir. Bir çox insanlar yaz fəslinin gəlməsini səbirsizliklə gözləyir və gözəl havadan, ətraf mühitin yaşıllaşmasından xüsusi zövq alır. Ancaq elə insanlar da var ki, təbiətdə baş verən dəyişikliklər həmin şəxlərin özünə qapanmasına səbəb olur ki, bu da yaz depressiyası adlanır.
Ümumiyyətlə, mövsümi depressiyalar arasında payız və yaz depressiyaları xüsusən fərqlənir. Depressiya zamanı insanda daha çox yorulma, heç nədən zövq ala bilməmək, istəksizlik halları müşahidə edilirsə, yaz depressiyasında bu əlamətlər bir qədər fərqlidir. Yaz depressiyası zamanı insan əsəbilik, qıcıqlanma, aqressivlik, işləmək istəməmək, çölə çıxma istəyinin olmaması, daimi yuxulu kimi hiss etmək halları müşahidə edilir.
 
Təsadüfi deyil ki, hər kəs təsdiqləyə bilər ki, bu ərəfələrdə ətraflarında aqressiv və əsəbi insanların sayı artıb. İnsanların yaz depressiyasına düşmə səbəbi kimi günəş şüalarının təsirindən orqanizmdə yaranan melatonin hormonu miqdarında olan dəyişikliklər göstərilir. Qeyd edək ki, bu hormon insanın əhval-ruhiyyəsini tənzimləyir. Digər hormon isə “xöşbəxtlik hormonu” adlandırılan serotonin maddəsidir ki, mövsüm depressiyalarında bu hormonun rolu böyükdür. Psixoloqlara görə, yazda insan beynində serotonin adlanan maddənin miqdarında azalma baş verir ki, bu da depressiyanın yaranmasının əsas səbəbidir.
 
Bəs yaz depressiyasına düşməmək üçün nə edə bilərik?
 
Psixoloq Vəfa Rəşidova yaz depressiyasına qapılan insanların çox hallarda reallığı qəbul edə bilməyən insanlar olduğunu dedi: “Təbii ki, hər kəsə aid etmək olmaz. Əgər bir insanın yazdan nəsə gözləntisi varsa, məsələn yazda mənim həyatım dəyişəcək deyib bu dəyişikliyi yaşamırsa, depressiyaya düşür. Yaz elə bir fəsildir ki, bu zaman insanlar bir birinə qaynayıb qarışır.
 
Ətrafdakılar baxırlar ki, məsələn filankəsə bax nə gözəl geyinir, gülür, yanında sevgilisi var. Bunu görən bir sıra insanlar isə beynində şüur altı formalaşdırır ki, yaz gələndə mənim də həyatımda mütləq dəyişiklik olacaq. Bu dəyişiklik baş verməyəndə isə insan ruh düşkünlüyü yaşayır. Ümumiyyətlə, gözləntisi çox olan adamlar yaz aylarında depressiyaya uğraya bilirlər. Əgər bir insan yaz ayında depressiyaya düşürsə, bu o deməkdir ki, onun bundan əvvəl yaşadığı payız, qış ayları monoton olub. Monoton olduğu üçün də yazdan çox şey istəyir. Ancaq insan dərk etməlidir ki, yaz ona heç nə vermir, o nəsə əldə etmək üçün çalışmalıdır”.
 
Depressiyadan qurtuluş yoluna gəlincə isə psixoloq şəxsin çaba sərf etməsi ilə özünün də depressiyadan qurtula bilmə ehtimalının olduğunu dedi: “Əgər depressiya 2-3 həftədir davam edirsə, insan bunu özündə proqramlaşdırıb, mübarizə aparıb çıxış yolu tapa bilər. Amma depressiya uzun müddətlidirsə, dərin və uzun illərin depressiyasıdırsa, bundan tək başına çıxmaq çətin olur. Gərək insanda nə qədər həyat eşqi ilə dolu olsun, ətrafında motiviasiyası güclü olan insanlar ola ki, ona depressiyadan çıxmaq üçün yollar diqtə etsinlər, o da addım atsın. Depressiyada olan insan halsız olur və heçnə etmək istəmir. Bu cür insana desən ki, gəl gedək dəniz kənarına, bu inan gedib orada böyük ehtimalla ya ağlayacaq, ya da uğursuzluğunu danışacaq. Ona görə də əgər depressiya bir insanda yeni başlayırsa, bunu özü və ya ətrafındakılar hiss edirsə, bunun qarşısını almaq üçün müəyyən addımlar atmaq olar. Həmin insanla onu narahat edən mövzu ətrafında söhbət etmək olar. Çünki danışdıqca problem insanın gözündə kiçilir və onu dərk edir. Ona görə də insanın bu dönəmi keçməyi asan olur. Əgər depressiyaya düşən şəxsi narahat edən mövzu qapalı qalırsa, depressiyanın uzanma ehtimalı artır.
 
Depressiya yaşayan insanların məşğuliyyəti çox hallarda az olur və ya heç olmur. Məşğuliyyəti olmayan insanlar pul qazana bilmir, özlərini cəmiyyətə lazımlı bilmir, eyni zamanda özlərini yararsız hesab etdikləri üçün xüsusən də yaz aylarında depressiyaya düşə bilirlər. Çünki yaz aylarında dostlar, tanışlar, bir sözlə, hər kəs yeniliklər edir. Depressiyaya düşən şəxs yenilik edə bilmədiyi üçün xəyal qırıqlığına uğrayır. Çünki bu insan xəyalı düzgün qurmur. Buna görə də yaz depressiyasına uğrayır. Həmçinin bu genetikadan da ola bilər. Əgər ana, ata depressiyaya meyillidirsə, şəxs bunu özündə analiz edib mütəxəssisə müraciət edə bilər ki, bu onda genetikdir, yoxsa sonradan qazanılmış depressiyadır”.
 
Qeyd edək ki, yazın gəlişi yalnız yaz depressiyası gətirmir, həmçinin havaların isinməsi təbiəti canlandırdığı kimi bir sıra xəstəlikləri də canlandırır. Yazda ən çox rast gəlinən problemlər içərisində ilk sırada allergiya yer alır. Statistikaya görə, dünyada hər 10 nəfərdən 2-si allergiyadan əziyyət çəkir. Hətta dünya alimləri XXI əsri “allergiya əsri” adlandırıblar.
 
Günel MANAFLI

Загрузка...
Загрузка...