Yaxın Şərqə açılan “cəhənnəm qapısı”: Prezident savaş siqnalı verdi

 
    
 
ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı və ölkəsinin İsraildəki səfirliyini bu şəhərə köçürüləcəyini elan etdi. Dünyanı qarışdıran bu qərar İsrail istisna olmaqla, dünyanın bütün dövlətləri tərəfindən birmənalı qarşılanmadı. ABŞ-ın İsrail və Fələstin arasındakı bu münaqişə ilə bağlı 70 illik siyasətinin üzərindən xətt çəkən Donald Tramp bununla bölgədə daha qorxulu proseslərin əsasını qoydu. Artıq Fələstin İsrail və Amerikaya qarşı üsyana başlayıb. Dünyanın bunun Yaxın Şərqdə yeni və daha qorxulu müharibəyə gətirib çıxaracağı narahatlığı var. Qüdsün İraq, Liviya, Misir, Yəmən və Suriya kimi qaynar nöqtələrə, beynəlxalq terrorizmin mərkəzlərinə yaxın ərazilərdə yerləşdiyini nəzərə alsaq, Trampın bu qərarının bölgənin bütün dövlətlərini təhdid altında qoyacağı şübhəsizdir.
 
Trampın qərarı Amerikanın müttəfiqləri və rəqibləri tərəfindən də kəskin etirazlarla qarşılandı. Etirazlara baxmayaraq verdiyi qorxulu qərarı dəstəkləyən Amerika prezidenti bu günədək İsrail - Fələstin münaqişəsinin həllinə dair bütün səylərin nəticəsiz qaldığını bildirib. Tramp qeyd edib ki, Qüdsü İsrailin paytaxtı kimi tanımaq qorxulu nəticələrə səbəb olmayacaq: “Çünki tərəflər arasında müharibə həmişə pik həddə olub və bura qədər də münaqişənin həllinə dair bütün səylər nəticəsiz qalıb”.
 
“Vəd verirdilər, amma yerinə yetirmirdilər”
 
Donald Tramp özündən əvvəlki Amerika prezidentlərinin Qüdsü paytaxt kimi tanımadıqları məsələsinə də toxunub: “Məndən əvvəlki prezidentlər seçkiqabağı kampaniyalarda səs almaq üçün bununla bağlı vədlər verirdilər. Lakin prezident seçildikdən sonra bu vədlərini yaddan çıxarırdılar. Mən də bu gün bu vədi yerinə yetirdim. Bu qərarın ABŞ-ın maraqlarına uyğun olduğunu və Fələstin - İsrail münaqişəsinin dinc yolla həlli üçün doğru atılmış addım olduğunu düşünürəm”.
 
Klinton, Buş və Obama qəbul etmədi, Tramp isə...
 
Qeyd edək ki, ABŞ hökumətinin 1995-ci ildə qəbul etdiyi “Qüdsdə Səfirlik Qanunu”nda İsraildəki Amerika səfirliyinin paytaxt Təl-Əvivdən Qüdsə köçürülməsi təklif edilirdi. Lakin sözügedən qanunun qüvvəyə minməsi 22 il - Bill Klinton, Corc Buş və Barak Obamanın hakimiyyəti dönəmlərində hər 6 aydan bir milli təhlükəsizlik məsələlərinə görə təxirə salınırdı.
 
 
 
“Tramp cəhənnəmin qapısını açdı”
 
Fələstin lideri Mahmud Abbas Trampın Yaxın Şərqi yeni qorxulu müharibə qarşısında qoyduğunu bildirib. O, qeyd edib ki, Amerika prezidentinin qərarı İsrail və Fələstin arasında gedən müharibəni daha da qızışdıracaq: “Bu qərarı tanımırıq. ABŞ bununla münaqişələrin dinc yolla həlli prosesindən geri çəkildiyini elan etdi. Əlbəttə, bu qərarın ortaya çıxaracağı ciddi nəticələri olacaq. Bu həmlə ABŞ-ın maraqları üçün cəhənnəmin qapılarını Yaxın Şərqin üzünə növbəti dəfə açdı”.
 
“Tarixi gündür”
 
İsrailin baş naziri Binyamin Netanyahu isə Donald Trampın qərarını “tarixi gün” adlandırıb. Netanyahu qeyd edib ki, Qüds 70 ildir İsrailin paytaxtıdır: “Qüds 3 min ildir yəhudi xalqının paytaxtıdır. Trampa təşəkkür edirəm. Bundan sonra Fələstinlə aparılacaq danışıqlarda Qüdsün İsrailin paytaxtı kimi tanınması məsələsi də yer alacaq. Bölgədə sülhə nail olmaq üçün ABŞ-la işbirliyimizi davam etdirəcəyik. Bunun üçün Amerika kimi digər dövlətlər də öz səfirliklərini  Qüdsə köçürməldirilər”.
 
Ərdoğandan müsəlman ölkələrinə çağırış
 
Trampın qərarına ən sərt reaksiya Türkiyədən gəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun Yaxın Şərqin təhlükəsizliyinə mənfi təsir edəcəyini bildirib. Ərdoğan bununla bağlı dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan müsəlman ölkələrinin təcili toplantısını çağırıb. Türkiyə prezidenti Trampın qərarını “Yaxın Şərqin təhlükəsizliyinə ağır zərbə” adlandırıb. Türkiyəli siyasət adamlarına görə bundan sonra Yaxın Şərqdə başlayacaq yeni müharibənin qarşısına keçmək mümkün olmayacaq. Bunun məsuliyyətinin Amerikanın üzərində olduğu diqqətə çatdırılır. Hesab edilir ki, Qüdsün ortasına “atom bombası” yerləşdirən Donald Tramp bununla milyonlarla insanın məhv olacağı qorxulu bir tendensiyanın əsasını qoydu.
 
 
 
Müttəfiqlərdən Amerikaya etiraz
 
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş də Amerika başçısına etiraz edib. O, qeyd edib ki, İsrail və Fələstin arasında olan Qüds münaqişəsi danışıqlar yolu ilə həll edilməlidir: “Hər iki dövlətin dialoqdan başqa alternativi yoxdur”. Avropa İttifaqının yaydığı bəyanatda ittifaq ölkələrinin qərarın bölgədə yaradacağı gərginlikdən narahat olduqları diqqətə çatdırılır: “Ciddi narahatlığımız var. Bunun bölgənin təhlükəsizliyinə ciddi təsirləri olacaq”.
 
Fransa prezidenti Emmanuel Makron da amerikalı həmkarının qərarına etiraz edib: “Mən buna səs vermirəm. Bu, beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun deyil”.
İngiltərənin baş naziri Tereza Mey də etiraz edənlər arasındadır: “Bunun danışıqlar prosesinə müsbət mənada təkan verəcəyini düşünmürük. Həmfikir deyilik”.
 
Papa əllərini göyə açdı
 
Roma papası I Fransisk də öz narahatlığını dilə gətirib, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından narahatlığını bildirib. Vatikanda ümumi qəbul zamanı Roma papası bölgədə status-kvonu pozmamağa çağırıb. I Fransisk qeyd edib ki, Qüdsün paytaxt kimi tanınması və ABŞ səfirliyinin oraya köçürülməsi bölgədə yeni gərginliyə səbəb ola bilər: “Müqəddəs torpaqlar, Yaxın Şərq və dünyanı qoruması üçün Tanrıya dua edirəm”.
 
Qərarın ortaya çıxaracağı nəticələr
 
Donald Tramp hələ keçən il ABŞ-da keçirilən prezident seçkilərindən əvvəl seçiləcəyi halda, Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını bildirmişdi və vədini yerinə yetirdi. Lakin hazırkı vəziyyətdə özündən və İsraildən başqa, bu qərarını dəstəkləyən üçüncü tərəf yoxdur. Müsəlman ölkələri ilə yanaşı, Avropa İttifaqı və hələlik səssizliyini qoruyan Rusiya da Amerikanın bu qərarına qarşıdır. Çünki bunun İsrail - Fələstin münaqişəsini daha da alovlandıracağı, bölgədə siyasi xaosa səbəb olacağı, Yaxın Şərqdə yeni və daha qorxulu terrorizm dalğası yaradacağı ehtimal edilir.
 
 
 
“Müsəlmanlar savaşmayacaqlar”
 
Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ABŞ Qüdslə bağlı qərarı 1995-ci ildə verib, lakin təhlükəsizlik məsələlərinə görə - sülh danışqıları və müsəlmanlarla münasibətləri pozmamaq üçün hər dəfə təxirə salıb, icrasını dondurublar. Ekspert bunun ABŞ tərəfindən Azərbaycana qarşı qəbul edilmiş “907-ci düzəliş”lə müqayisə edib: “Amma indi Tramp gəldi, yəhudilərə verdiyi sözü tutdu, məlum qərarı verdi. Bunun ciddi nəticələrinin olacağını düşünmürəm. Hələlik yalnız ABŞ tanıyır və yəqin ki, yaxın günlərdə səfirliyini də Qüdsə köçürəcək. Müsəlman ölkələri bəyanat verib etiraz edəcəklər. Ola bilsin bir az sərt etirazlar da oldu. Amma buna görə kimsə müharibə etməyəcək. Çünki onsuz da İsrail 1967-ci ildə Şərqi Qüdsü işğal edib, 1980-ci ildə isə paytaxtı elan edib”.
 
Artıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman ölkələrinə müraciət edərək Amerikanın bu qərarına qarşı mübarizəyə çağırıb. Lakin Kənan Rövşənoğlu hesab etmir ki, Türkiyənin bu səyləri müsbət nəticə verəcək: “Hesab etmirəm ki, bir nəticəsi olacaq. Çünki Türkiyənin onsuz da Vaşinqtonla ciddi problemləri var. Suriyadakı kürd məsələsinə görə də münasibətlər soyuyub. Üstəgəl, ortada Zərrab məsələsi var. Amma Türkiyə İslam Əməkdaşlıq Təşkilatının dönəm sədri kimi İsrail və Amerikaya qarşı hansısa kollektiv addımların atılmasını təşkil edə bilər”.
 
Ekspert Donald Trampın qərarının yeni müharibəyə gətirib çıxaracağını düşünmür: “Müharibə gözləmirəm. Amma mümkündür ki, “HƏMAS” və “Hizbullah” hansısa formada güc nümayiş etdirsin. Amma müsəlman dünyası çox yorulub, xaraba qalıb, gücü də yoxdur. Üstəlik, parçalanıb. İraqda, Suiryada, Yəməndə, Liviyada müharibə gedir. Misirin başı terrora qarışıb. Yəni, bununla savaşan olmayacaq. Həm də savaşmaq üçün 1980-ci ildən bu yana gözləmyə gərək yox idi”.
 
Mənsur Rəğbətoğlu
 
Cebhe.info

Загрузка...
Загрузка...