​Yataqxanada qadını çəkiclə başından vurdular - Bakıda

 
2 nömrəli Bakı Baza Tibb Kollecinin yataqxanasında müvəqqəti yaşayan məcburi köçkün dava zamanı başından ağır xəsarət alıb.
 
"Report"un məlumatına görə, Yasamal rayonu, Şərifzadə küçəsi 2 ünvanında yerləşən yataqxanada yaşayan Ağdam rayonundan məcburi köçkün 1977-ci il təvvəllüdlü Sənubər Tapdıq qızı Babayeva ilə qonşusu arasında mübahisə düşüb.
 
Qonşu Sənubər Babayevanın başından çəkiclə zərbə endirib. Sənubər Babayeva açıq kəllə-beyin travması ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.
 
Həkimlərin verdiyi məlumata görə, qadının vəziyyəti orta ağırdır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.