Yatan bankirin, batan xalqı... - təfsilat

Prezidentin sədrliyi ilə keçirilən ilin birinci yarısının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda maraqlı hadisə baş verib. Televiziya ilə yayımlanan iclasın tam versiyasındakı kadrlarda Mərkəzi Bankın sədri Elman Rüstəmovun yuxuladığı öz əksini tapıb. Onun tamamilə yuxuladığı və ya mürgülədiyi isə kadrlardan tam bəlli olmur. Amma fakt budur ki, baş bankir prezidentin hüzurunda belə özünü çox sərbəst hiss edir...
 
Devalvasiyasının xalqa vurduğu zərbədə əsas ittiham hədəfi Mərkəzi Bank rəhbəri Elman Rüstəmovdan sonra maliyyə naziri Samir Şərifov olub. Mediada yayılan məlumata görə, devalvasiya ilə bağlı hökumətdə olan müzakirələrdə ən sərt mövqeyi maliyyə naziri tutub. Xalqa manatın devalvasiya olmayacağı ilə bağlı danışdığı yalana görə Mərkəzi Bank rəhbərinin hətta həbs edilməsi tələbinin səsləndiyi bir vaxtda, S.Şərifovun da yenidən hədəfə çıxarılması maraq doğurur. Bu, həm də manatla bağlı əhalidə yaranmış narazılığın hökumətin içərisinə də sıçrayacağı barədə informasiyaların sübutu sayıla bilər.
 
Aydındır ki, ölkənin əsas atributu olan manatla bağlı son qərar prezidentlə razılaşdırılsa da, ölkənin maliyyə məsələsində sorumlu iki əsas şəxs var: Mərkəzi Bank rəhbəri və maliyyə naziri. Məhz onların hazırladıqları maliyyə hesabatlarından sonra devalvasiya ilə bağlı qərar elan olunur. Bu baxımdan maliyyə nazirinin də adının gündəmə gəlməsi həm də qanunauyğunluqdur.
 
Sirr deyil ki, xalq da manatın birinci “çöküşü”ndən sonra devalvasiyanı müharibədən gələn “qara kağız” kimi hər gün təlaşla gözləyirdi. Amma əhali manatın birdən-birə 48 faiz ucuzlaşacağını ağlına belə gətirmirdi. İndi kəskin devalvasiyada əsas günahkar axtarışına səbəb də bu radikal addıma imza atmış məmur(ları)un kimliyini bilməkdir. Güman etmək olar ki, E. Rüstəmov da xalqın qarğışının tək hədəfi olmaq istəmədiyindən hökumətdəki müzakirələrin mediaya sızmasında maraqlı olub. Yeri gəlmişkən, S. Şərifov hələ Dövlət Neft Fondunun icraçı direktoru işləyəndən baş bankirlə münasibətləri soyuq olub. Maliyyə naziri təyin edildikdən sonra da iki maliyyəçinin “ulduzları barışmayıb”. Mediada zaman-zaman onların arasında bank sektorunda gedən nüfuz savaşları haqda xəbərlər yayılıb.
 
Müəyyən zaman mediada adı maliyyə və korrupsiya qalmaqallarında hallanmayan S. Şərifov haqda ittihamlar son zamanlar xeyli artıb. “Beynəlxalq Bank işi” ilə bağlı qalmaqaldan sonra istefaya göndərilən və bu ayın əvvəli həbs edilən Cahangir Hacıyev indi əsas ittihamları maliyyə nazirinə yönləndirir. C.Hacıyev iddia edir ki, Beynəlxalq Bankın Müşahidə Şurasının sədri maliyyə nazirinin müavinidir və qaytarılmayan kreditlərdə S. Şərifovun da ciddi məsuliyyəti var. Baş verənlərin təhlili həqiqətən də onu göstərir ki, təkcə S.Şərifov deyil, banklara nəzarət edən E.Rüstəmov da Beynəlxalq Bankda C.Hacıyevin əməllərinə məqsədli şəkildə “göz yummaqla” onun uçurumdan yuvarlanmasına şərait yaradıblar.
 
Politika.Az-a daxil olan məlumata görə, iqtidarda “manat çevrilişi” ilə bağlı birmənalı rəy olmayıb. Belə ki, birdən-birə 50 faizlik devalvasiyanın siyasi hakimiyyətdən narazılıq yaradacağı səbəbindən bu prosesin mərhələli aparılması təklif edilib. Amma “maliyyə sektoru”nun nümayəndələri məhz xilas yolunun ciddi devalvasiya olduğunu deyiblər. Ekspertə görə, maliyyə sferasındakı iri fiqurların cəzalandırılıb-cəzalandırılmayacağı yaxın aylarda məlum olacaq: “Xalq etirazları küçələrə daşısa, ilk olaraq məhz Elman Rüstəmovla Samir Şərifov vəzifələrini itirəcəklər…”