​Yasamalda 8 nəfər dalaşdı, 30 yaşlı kişinin üzünü doğradılar (YENİLƏNİB)

 
Bakının Yasamal rayonu, Şərifzadə küçəsində baş verən dava ilə bağlı saxlanılan yoxdur.
 
Bu barədə Trend-ə Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsindən məlumat verilib.
 
Məlumatda bildirilir ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Hər iki şəxs bir-birinə xəsarət yetirib: "Hələlik saxlanılan yoxdur, döyülmə hadisəsi olduğundan iş təhqiqata verilib. Hazırda faktla bağlı təhqiqat aparılır".
***
Bakıda əvvəllər məhkum olunmuş şəxslə bir qrup gənc arasında ağır xəsarətlə nəticələnən dava düşüb.
"Report"un xəbərinə görə, hadisə ötən gecə Şərifzadə küçəsi, "Kaktus" restoranının yaxınlığında qeydə alınıb.
Belə ki, 5 nəfərdən ibarət qrupla 3 nəfər arasında söyüş üstündə mübahisə və əlbəyaxa dava olub. Dava bitdikdən sonra tərəflər barışığa dəvət edilib. Əvvəllər məhkum olunmuş Sahil adlı şəxslə Tural Musayev barışıq əlaməti olaraq qucaqlaşmaq üçün yaxınlaşıb. Bu zaman Sahil cibindəki ülgüclə T.Musayevin üzünün hər iki tərəfinə xəsarət yetirib. Üz nahiyəsi iki yerə ayrılan T.Musayev 1 saylı Şəhər Kliniki Mərkəzə çatdırılıb. Onun üzərində keçirilən əməliyyat bir neçə saat davam edib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb edilib. Dava zamanı Ceyhun adlı şəxsin də kəsici alətdən istifadə etdiyi məlum olub.
Araşdırmalar davam etdirilir.