Yaralı Yurdum Qarabağ…

 

Yaralı Yurdum Qarabağ…

Qarabağ qoxusu gəldi burnuma
Daşlıdır yolları keçə bilmirəm
Yayda buz kəsilən çaylar qoynuna 
Dalıb bircə ovuc içə bilmirəm.

Qədimdir Şuşanın qala divarı
Keçəməzdi ondan xain süvari
Hər dağı, dərəni, bütün çivarı
Xəyalımla gəzib uça bilmirəm .

Şəhıdlər yurdudur Xocalı kəndi
Övladları öldü kəsildi bəndi
Düşmənın başında çatlasın fəndi
Baş alıb qəmimdən qaça bilmirəm.

Laçın, Kəlbəcərin uca dağına 
Obalı yaylaqlı dastan çağına
Süsənli sünbüllü çiçək bağına 
Umidləri əkdim biçə bilmirəm.

Ağdam Fizulinin tərifi yoxdur
Zəngəzur elinin dərdləri çoxdur
Qubadlı, Zəngilan bağrımda oxdur
Dərdimi kimsəyə aça bilmirəm.

Cəbrayıl, Xocavənd xalqı hardadır
Ağdərə, Xankəndi başı dardadır
Yaralı ürəyim burda zordadır
Deyim hansı dərdi seçə bilmirəm.

24.08.2016.İltimas İsmayıl