​YAP Milli Şuranın keçirdiyi mitinqə münasibət bildirdi

 
“Azərbaycanda sentyabrın 26-na təyin edilən referendumla bağlı yalnız Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçən təşviqat qrupları təbliğat və ya əks-təbliğat apara bilər. Milli Şuranın mitinqinə Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verməsi başa düşülən deyil. Bütün hallarda onların mitinqinə az sayda adam qatılır. Ölkədə beş milyon seçici var, onların bir neçə yüz nəfərinin referenduma "yox" deməsi nəyisə dəyişmir".
 
Bunu Report-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə deyib.
 
A.Mirzəzadə Milli Şuranın Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) bu gün keçirdiyi mitinqə münasibət bildirərkən deyib ki, Azərbaycan demokratik ölkə olduğuna görə vətəndaşların referenduma və orada qoyulan məsələlərin lehinə olması qələbədir:
 
"Mitinq iştirakçıları referendumun əleyhinə arqument qoya bilmirlər. Yəni, nəyə görə referendumun əleyhinədirlər, onu əsaslandıra bilmirlər. Bu onu göstərir ki, radikal müxalifət xalqın maraqlarından çıxış edə bilmir. Təcrübə göstərir ki, Konstitusiyaya edilən dəyişikliklərin əleyhinə olan müxalifət sonralar ondan daha çox istifadə edir. Məsələn, onlar 2002-ci ildə də referendumun əleyhinə çıxış edirdilər. Dəyişikliklərdən biri də o idi ki, Azərbaycan vətəndaşları Avropa Məhkəməsinə müraciət edə bilər. Sonralar bundan daha çox müxalifət istifadə etdi. Bu baxımdan müxalifətin addımları məntiqli deyil. Yəni, bu gün əleyhinə olduqlarına sabah istinad etmələri məntiqsiz görünür. Onlar ölkənin inkişafı ilə bağlı təkliflər irəli sürə bilmirlər".
 
Qeyd edək ki, mitinqin keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verib.