​Yanan binanın yanındakı qeyri-yaşayış binasında naməlum şəxslər... - Müəmmalı fakt açıqlandı

 
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam edib.
 
Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Uğur Bəşirovun vəkili Vüsal Hüseynov çıxış edib.
 
Vəkil bildirib ki, Uğur Bəşirov istintaq zamanı 4 dəfə ifadə verib. Hər dindirmə zamanı israrla bildirib ki, o, "Global Stone" MMC -yə direktor təyin olunduğu vaxt, 2013-cü ilin iyun ayının 1-ə qədər həmun binada üzləmə işləri artıq başa çatıb: "Ötən prosesdə "Global Construction" direktoru İlqar Vəlyev bildirdi ki, üzləmə işləri başa çatdıqdan sonra fasad işıqlanmasına sərf olunan elektrik enerjisinin sərfiyyatının hesablanması üçün "Azərişıq" tərəfindən sayğac quraşdırılır. Hazırkı məktubdan da görünür ki, Uğur Bəşirovun mübahisələndirdiyi həmin hal bu məktubla bir daha öz təsdiqini tapmış olur".
 
Vəkil İlhamə Həsənova iş matrriallarının 10-cu cildində Nərimanov rayon polis idarəsinin istintaq orqanına məktubunun elan olunmasını xahiş edib. Vəkilin xahişi yerinə yetirilib.
 
Məktubdan görünür ki, 2015-ci ilin may ayının 16-da (məlum hadisədən 3 gün əvvəl) "Global Construction" şirkətinin təmir etdiyi Nərimano rayonunda yerləşən Veternlar Təşkilatının binasına bitişik tikilidə neftə hopdurulmuş kəndirlər sallamaqla qəsdən yanğın törətmək cəhdi baş verib. Yangın söndülüb və binaya keçməsinin qarşısı alınıb. Faktla bağlı cinayət işinin istintaqı aparılır.
 
Müdafiə tərəfinin vəsatəti ilə sədrlik edən hakim iş materiallarında olan " Global Stone" MMC-yə TÜV Avstriya beynəlxalq şirkəti tərəfindən verilmiş sertifikatı elan edib. Sertifikatdan görünür ki, "Global Stone" MMC-nin qəliblədiyi üzlük materialının keyfiyyətinə zəmanət verilir, həmçinin 2012-2013-cü illərdə üzləmə işləri bu şirkətin müşahidəsi və nəzarəti altında həyata keçirilib.
 
Hakim iş materiallarında olan Azadlıq-200 ünvandakı binaya dair layihə-smeta sənədlərini elan edib. Məzmunundan görünür ki, bu sənəd Binəqədi İH-nin sifarişi ilə lisenziyalı " Genteks" MMC tərəfindən hazırlanaraq təsdiq edilib və həmin binada üzləmə işləri bu layihə əsasında həyata keçirilib.
 
Hakim hadisə baş verən binaya bitişik yanğının başladığı yer kimi ehtimal olunan birmərtəbəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Şakir Cabalovun istintaqa verdiyi və 2015-ci ilin iyun ayında vurduğu teleqramı elan edib.
 
Sənəddən görünürür ki, Şakir Cabalov ona məxsus həmin qeyri-yaşayış sahəsinin texnikanın köməyi ilə naməlum şəxslər tərəfindən dağıdıldığından şikayət edir.
 
Proses dekabrın 6-da davam edəcək.
 
Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.

Загрузка...
Загрузка...