“Ya mən gedəcəm, ya onlar gələcək”

“Ya mən gedəcəm, ya onlar gələcək” – Tofiq Yaqublu“İndi çox danışa bilmirəm, qızım Nərgizin məzarının üstündəyəm”.
Bunu AzNews.az-a açıqlamasında dünən həbsdən azad olunan Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu deyib. O, bildirib ki, ata üçün övladını məzarlıqda ziyarət etmək çox ağır məsələdir: “Nərgizi dəfn edib həbsxanaya yollandım. Demək olar ki, yaşamadım. Övladını dəfn edib həbsxanaya qayıtmağı heç bir ataya arzulamıram. Amma bu itkinin təsirindən yenilmədim, sarsılmadım. Hər şeyin öz yeri var. Əlbəttə ki, bu mənim qəlbimi sızladırdı, ağrıdırdı. Sanki qəlbimdə böyük bir yara vardı, hər an ondan qan axırdı. Ancaq dayandım, qürurla durdum, bir kəsə boyun əymədim”.
Başqan müavini vaxtsız itirdiyi qızı Nərgiz Yaqublunun yadigarı olan, nəvəsi Kənanın üzünü həyatda görmədiyini bildirib: “Həbsxanada olanda şəkillərini gətirirdilər. Video çəkilişinə də baxdım. Çox kövrəldim. Bütün təsəllimizi ondan alacayıq. Onlar Rusiyada yaşayır. Ya mən gedəcəm, ya da onlar gələcək”.
T.Yaqublu onu da əlavə edib ki, qızı Nərgizin məzarından sonra mərhum prezident Əbülfəz Elçibəyin qəbrinin ziyarətə gedəcək. O, sonda Müsavat Partiyasının qərargahında keçirilən toplantıya qatılacağını da vurğulayıb: “Mübarizə davam edir”.
Qeyd edək ki, martın 17-də prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Siyahıda Müsavat partiyasının başqan müavini Tofiq Yaqublunun adı yer alıb.