"Ya baş prokurorun özü, ya da müavinlərindən biri ildə bir dəfə parlamentdə məlumat verməlidir"

“Qanunverici orqanın səlahiyyətlərinin genişləndirilməsi dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir”
 
 
“Müzakirə etdiyimiz qanun layihəsinə səs verəcəm. 43 və 44-cü maddənin adlarının dəyişdirilməsini mən də dəstəkləyirəm. Amma burada 44-cü maddəyə həm də əlavə edilir”.
 
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə “Prokurorluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
 
Millət vəkili bildirib ki, qanunda “Prezidentə istintaq edilən cinayət işləri istisna olmaqla məlumat verilir”, - deyə qeyd olunur: “Biz əslində praktikada görmüşük ki, cənab prezidentin özü baş prokurordan bu və ya digər ictimai rezonans doğurmuş cinayətlərlə bağlı istintaqın gedişi haqqında məlumat alır. Bu praktika tamamilə doğrudur. Biz burada “istintaq edilən cinayət işləri istisna olmaqla” yox, “istintaq sirləri istisna olmaqla” ifadsini qeyd etməliyik. Eyni zamanda istintaq olunan cinayət işləri barədə də məlumat verilməlidir. Dünən Amerika konqresində Amerikanın baş prokuroru təhlükəsizlik məsələləri üzrə komitədə Rusiyanın Amerikanın seçki siteminə müdaxiləsi ilə əlaqədar olaraq dindirilirdi. Yəni bu bütün dünya praktikasında var. Əlbəttə istintaq sirləri istisna olmaqla məlumat verilməlidir.
Biz isə dəyişiklikdə yazmışıq ki, “İstintaq edilən cinayət işləri istisna olmaqla məlumat verilməlidir”. Onda belə çıxır ki, mühüm bir hadisə baş verir və biz gözləyirik ki, bu işin araşdırılması başa çatsın və bundan sonra bizə məlumat verilsin. Hesab edirəm ki, bu kökündən yanlışdır. Bu səbəbdən də təklif edirəm ki, “İstintaq sirləri istisna olmaqla bütün digər məsələlər barəsində Prezidentə və Milli Məclisə məlumat verilməlidir” şəklində dəyişikliklər edilsin.
Qüdrət Həsənquliyev qeyd edib ki, Milli Məclis özü kollegial orqandır. Millət vəkili bildirib ki, “Milli Məclisə məlumat verir” ifadəsi o deməkdir ki, prokurorluğun bir nümayəndəsiu gəlib, plenar iclasda çıxış etməlidir: “Necə ki, hər il Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov parlamentə gələrək hesabat verir, deputatların suallarını cavablandırır. Ya baş prokurorun özü, ya da müavinlərindən biri heç olmasa ildə bir dəfə parlamentdə istintaq olunan və istintaqı başa çatmış cinayət işləri haqqında məlumat verməlidir. Lazımdırsa söhbətin plenar iclasda məlumat verilmsindən getdiyini də qanuna əlavə etmək olar.
Əlbəttə, ola bilsin, Baş Prokurorluqdan spikerə məktub göndərilir və ya məlumat verilir. Amma Milli Məclis axı 125 deputatdan ibarətdir. Biz bilmirik axı prokurorluq Milli Məclisə hansı məlumatı verib. Burada deputatların da sualları ola bilər. Qanunverici orqanın səlahiyyətlərinin genişləndirilməsi, yaxud səlahiyyətlərindən tam mənada istifadəsi dövlətçiliyimizin möhkəmlənməsinə, ictimai asayişin qorunmasına, bir çox neqativ halların öncədən qarşısınını alınmasına xidmət etmiş olar. Ona görə də, qanunun 43 və 44-cü maddələrinə “İstintaq edilən cinayət işləri”nin əvəzinə “İstintaq sirləri istisna olmaqla” sözlərinin əlavə edilməsini və “prokurorluq ildə 1 dəfədən az olmayaraq parlamentə məlumat verir” qeydinin artırılmasını təklif edirəm”.

Загрузка...
Загрузка...