Xərçəng əleyhinə çarxa çəkildi, xəstə olduğunu öyrəndi

 
Türkiyə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə xərçəng xəstəliyinə qarşı erkən diaqnozun əhəmiyyətinə diqqət çəkmək üçün hazırlanan ictimai çarxa çəkilən qadının müayinədən sonra xərçəng olduğu ortaya çıxıb.
 
Teleqraf.com xəbər verir ki, “əsla gecikmə, erkən gəl” şüarı ilə çəkilən video rolikdə Samsun şəhər Xalq Sağlamlıq Müdirliyinin xərçənglə mübarizə şöbəsində çalışan 48 yaşındakı Belma Tablı yer alıb. Çarx televiziyalarda 4 ay yayımlanandan sonra B.Tablı özü də maraq üçün müayinə olunub. Nəticədə onda süd vəzisi xərçəngi aşkarlanıb. Xərçənglə mübarizə ilə bağlı video rolikə çəkilən Belma Tablı başına belə bir hadisənin gəlməsinin tragikomik olduğunu söyləyib.
 
Əməliyyat nəticəsində sol sinəsi götürülən və sağlamlıq vəziyyəti gün keçdikcə yaxşılaşan Tablı erkən diaqnozun həyati əhəmiyyət daşıdığını söyləyib: “Xərçəngə qarşı hazırlanan rolikdə oynamaq üçün təklif gələndə sevə-sevə qəbul etdim. Çox gözəl layihə idi. Ətrafdan də gözəl reaksiyalar aldıq. Belə bir çarxda oynadığım üçün xoşbəxtəm. Məsələnin tragikomik tərəfi bundan ibarətdir ki, mən bu rolikdə oynayandan 4 ay sonra mənə də döş xərçəngi diaqnozu qoyuldu”.
 
O, qadınları 40 yaşından sonra xərçəng xəsəliklərinə qarşı mübarizə üçün müayinə olunmalarını tövsiyə edib.