Xocalı qatilinin “Putin NATO”-su rəhbərliyinə gətirilməsinə rəsmi Bakı susur

 
Ekspertlər təhlükə barədə xəbərdarlıq edirlər: "Seyran Ohanyan Azərbaycan əleyhinə qərarlar qəbul etdirməyə çalışacaq”
 
Sentyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katib seçiləcək. Hazırkı baş katib Nikolay Bordyuja onu əvəzləyəcək şəxsin Ermənistandan olacağına eyham vurub, ancaq detallı danışmayıb. Bordyuja yeni baş katibin adının təşkilatın Ermənistanda keçiriləcək iclasında açıqlanacağını deyib. O, “yeni baş katib Ermənistan nümayəndəsi olacaq”, - deməklə kifayətlənib.
 
Musavat.com-un geniş məlumat verdiyi kimi, bundan əvvəl Ermənistan hökumətindəki mənbə isə “İnterfaks” agentliyinə daha təfsilatlı açıqlama vermişdi. Mənbənin iddiasına görə, yaxın vaxtlarda Seyran Ohanyan Ermənistanın müdafiə naziri postundan azad olunacaq. Buna səbəb erməni nazirin “Putin NATO”-su adlandırılan KTMT-nın baş katibi postuna təyin olunma ehtimalıdır. Qarabağ canisi, Xocalı soyqırımının əsas təşkilatçılarından və iştirakçılarından biri olan S.Ohanyanın KTMT-yə rəhbər təyin olunması şübhəsiz ki, Rusiyanı qane edir. Lakin prezident Serj Sərkisyan bu təyinatdan məmnun ola bilməz. Çünki son zamanlar erməni prezidentlə müdafiə naziri arasında soyuq küləklər əsir. Aprel döyüşlərindən sonra Sərkisyan uğursuzluqların cavabında Ohanyanı cəzalandırmaq fikrinə düşsə də, Moskvanın adamına bata bilmədi. Bu mənada hələlik namizədin adının açıqlanmaması Rusiya ilə Ermənistan hakimiyyəti arasında aparılan danışıqlarla əlaqəli ola bilər. Düzdür, Sərkisyan Ohanyanın postundan uzaqlaşmasını çox istəyir, lakin onun Rusiyanın patronajlıq etdiyi silahlı birləşmənin rəhbərliyinə gətirilməsi heç də ürəkaçan hal deyil. Bu halda Ohanyan qoruyucusu Sərkisyanı təqib edəcək.
 
S.Ohanyanın KTMT-nin başına gətirilməsi Azərbaycan üçün də təhdiddir. Düzdür, bundan əvvəlki baş katib də vaxtaşırı ölkəmizi təhdid edən açıqlamalar verirdi. Ancaq son nəticədə Bordyuja Qarabağdakı hərbi toqquşmalara münasibətdə “KTMT işə qarışa bilməz, müvafiq mandata sahib deyil”, - deməyə vadar oldu. Bununla yanaşı o, demişdi ki, Ermənistan KTMT-nın tamhüquqlu üzvüdür və öz ərazisində vəziyyətin neqativ inkişafı zamanı KTMT həmkarlarından yardım ala bilər. Bu mənada Ermənistanın baş katibliyi dövründə Ermənistan-Azərbaycan sərhədində törədilən hər hansı təxribat KTMT-nin məsələyə qoşulması üçün bəhanə rolunu oynaya bilər.   
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu musavat.com-a açıqlamasında bu təhlükədən bəhs etdi: “Aydındır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibi Ermənistan-Azərbaycan qarşıdurmasında neytrallığını qorumayacaq. Erməni baş katib iki iqtiqamətdə çalışacaq: birinci istiqamət o olacaq ki, erməni baş katib təşkilat çərçivəsində Azərbaycan əleyhinə qərarlar qəbul etdirməyə çalışacaq. İkinci istiqamət isə o olacaq ki, həmin şəxs təşkilata üzv dövlətləri Azərbaycanla qarşı-qarşıya qoymağa çalışacaq. Əlbəttə, bu o demək deyil ki, erməni baş katib hər iki istiqamətin reallaşmasında uğur qazanacaq. Ermənistandan başqa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının digər üzvləri – Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Azərbaycanın bu ölkələrdən hər biri ilə iqtisadi münasibətlərinin həcmi Ermənistanın bu ölkələrlə olan iqtisadi münasibətlərinin həcmindən dəfələrlə çoxdur. Digər tərəfdən Azərbaycanla Ermənistanın strateji müttəfiqi Rusiya ilə hərbi əməkdaşlığı da mövcuddur, şimal qonşumuzdan külli miqdarda silah alırıq”.
 
E.Şahinoğluna görə, bütün bunlar o deməkdir ki, bu dövlətlər erməni baş katib istəyir deyə, Azərbaycanla münasibətlərin gərginləşməsinə getməzlər: “Bu dövlətlər Azərbaycanla qarşı-qarşıya gəlməzlər. Buna baxmayaraq, erməni baş katib hər imkan düşdükcə suyu bulandırmağa çalışacaq. Buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər gərək Dağlıq Qarabağ münaqişəsini nəzərə alaraq Ermənistan nümayəndəsinin baş katib seçilməsinə razı olmazdılar. Ancaq indiki bu baş verib rəsmi Bakı erməni baş katibin gələcək fəaliyyətini daim diqqət mərkəzində saxlamalıdır”.
 
 
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da məsələnin ciddiliyini təsdiqlədi: “Son günlər mətbuatda Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi təyin olacağı haqqında çoxlu məlumatlara rast gəlmək olur. Böyük ehtimalla məhz onun bu vəzifəyə təyinatı reallaşa bilər. Nəzərə almalıyıq ki, Ohanyan hazırda Ermənistanın müdafiə naziri vəzifəsini müvəqqəti də olsa, icra edir. Bildiyiniz kimi bədnam qonşularımızın sabiq baş naziri vəzifəsindən istefa verib və yeni baş nazir təyin edilib. Bundan sonra isə nazirlər, o cümlədən Seyran Ohanyan yenidən bu vəzifəyə təyin oluna bilər. Amma Ermənistanda böyük ehtimalla yeni müdafiə naziri olacaq. 2016-cı ilin məlum aprel hadisələri zamanı işğalçı ölkənin Silahlı Qüvvələri çox ağır zərbə aldılar. O vaxt Serj Sərkisyan özü kimi əlləri Azərbaycan vətəndaşlarının qanına bulaşmış bu canini vəzifədən çıxartmağa cürət etmədi. Çünki o, bu addımı atmış olsaydı, faktiki ordusunun məğlub vəziyyətini bütün dünyaya etiraf etmiş olardı. İndi isə əsl məqamdır”.
 
Ü.Cəfərov hesab edir ki, rəsmi Bakı Ohanyan məsələsinə reaksiya verməlidir: “Seyran Ohanyanın KTMT-nin baş katibi vəzifəsinə təyin olma etimalı ilə bağlı bizim xarici işlər naziri əllərini yanına sallayıb gözləməməlidir. Ən azından bu gün biz hələ vaxt var ikən bu məsələyə öz qəti etirazımızı və narahatçılığımızı bildirməliyik. Bu yaramaz o vəzifəyə rəsmən təyinat aldıqdan sonra artıq gec olacaq. Onun bu vəzifəni tutmasına mane olacaq bir neçə ciddi əsaslar var ki, biz o məqamları xüsusilə qabartmalıyıq. O işğalçı dövlətin müdafiə naziridir və heç kim sabah zəmanət verə bilməz ki, o tutduğu postun imkanlarından istifadə edib, Azərbaycana qarşı hansısa əclaflıqlarda iştrak etməyəcək. Onu da unutmayaq ki, onun hələ 90-cı illərin əvvəllərində 366-cı rus alayının tərkibində əliyalın Xocalı sakinlərinə qarşı qətliamda böyük “təcrübəsi” var. Bir də Qarabağla bağlı indiki həssas məqamda Seyran Ohanyanın bu quruma rəhbər təyin olunması ən azından çox böyük gərginlik yaradacaq. Ona görə də, biz vaxt itirmədən bu məsələyə öz sərt təpkimizi göstərməliyik”.