Xələf Xələfov: “Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi münaqişədir”

“Dağlıq Qarabağda münaqişə Sovet İttifaqının süqutundan öncə başlayıb. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsasında başlayan silahlı toqquşmalar təkcə Dağlıq Qarabağın deyil, həm də 7 bitişik rayonun işğal edilməsi ilə nəticələndi”.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İrqi Ayrıseçkiliyin aradan qaldırılması ilə mübarizə komitəsinin Azərbaycanla bağlı iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altındadır.
ATƏT Minsk Qrupu həmsədrlərinin münaqişənin həlli ilə məşğul olduğunu deyən nazir müavini  indiyədək münaqişənin həllində irəliləyişə nail olunmadığını qeyd edib.
“Təəssüf ki, 20 ildən çoxdur ki, münaqişə davam edir və münaqişənin həllində müsbətə doğru konkret addımlar atılmayıb. Atəşkəs son vaxtlar intensiv şəkildə pozulur. Ermənistan davamlı şəkildə danışıqlar prosesini pozur. Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi münaqişədir, çünki bunun əsasında qonşu Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları durur. Münaqişənin həlli ancaq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxması və azərbaycanlı qaçqınların torpaqlarına qayıtmasından sonra mümkün ola bilər. Bu münaqişə qlobal sülhə, regional təhlükəsizliyə təhdiddir və bütün regionun inkişafına əngəl törədir”.
X. Xələfov qeyd edib ki, həmişə mövqelərdə yaxınlaşma müşahidə olunan zaman Ermənistan təmas xəttində təxribatlara əl atır.
Azərbaycan ərazisində çox sayda milli azlıqların yaşadığını bildirən nazir müavini etnik təmizləmə nəticəsində Dağlıq Qarabağda bir nəfər də olsun azərbaycanlının qalmadığını diqqətə çatdırıb.
“Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir.Tarixi olaraq malik olduğumuz bu müxtəlifliyi sərvətimiz hesab edirik və bunu möhkəmləndirməyə çalışacağıq. Dinlərarası, mədəniyyətlərarası dialoq Azərbaycan xarici və daxili siyasətində prioritet təşkil edir ”, -deyə X. Xələfov əlavə edib.