Xiyar və teatr festivalının fərqini başaşsüüüz?

 
 
Azərbaycanda teatrın "adı var, özü yox" prinsipiylə işlədiyi bu sahəyə azacıq bələd olan heç kimə sirr deyil. Yalnız ayrı-ayrı teatrlarda sənət üçün nəsə etmək istəyən fədailəri çıxmaq şərtilə. O fədailər arasında titullu, adlı-sanlı sənətkarlar da var, ömrünü bu işə həsr edib layiqli qiymətini ala bilməyənlər də. Hər halda ikincilərin sayı daha çoxdur.
 
Belə bir məqamda Akademik Milli Dram Teatrının kollektivi II Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib. Ümumiyyətlə, bu kimi festivalların təşkili təqdir olunasıdır. İntəhası, işin içi də çölü qədər ola. Ölkənin bir nömrəli teatrının kollektivi Şəkidə “Ölülər” tamaşası ilə tamaşaçılar qarşısında çıxış edib. O tamaşayla ki, haqqında xeyli yazılıb, danışılıb, müzakirələr olunub, bəyənilib və sair. Bütün bunlar hər kəsin şəxsi qənaətidir. Yəni bir tamaşa hər kəs üçün ideal ola bilməz. Amma elə şeylər var ki, bunun üçün sənəti bilmək, fədai olmaq, titul almaq gərək deyil. Məsələn, "Ölülər"in Şəkidə oynanıldığı zala baxıram. Zaldakı tamaşaçı sayı ilə, tamaşanın yaradıcı, texniki heyəti arasındakı say bəlkə də eynidir. Hələ Mirzə Cəlili, ondan sonra teatrın öz əməkdaşlarını, texniki işçiləri də əlavə eləsək, zaldakılar azlıqda qalırlar. Axı 50 nəfərlik heyəti olan tamaşanın 45 nəfər tamaşaçı qarşısına çıxarılması bu qədərmi vacib idi? Olmazdımı ki nisbətən daha yüngül, az heyəti olan tamaşa aparılsın Şəkiyə? Yaxud elə statusumda yazdığım kimi, həmin o tamaşaçıları bir "Qazel"ə yığıb Bakıya gətirmək də mümkün idi. Yeri gəlmişkən, həmin statusdan sonra tanıdığım və tanımadığım xeyli insandan zənglər, mesajlar gəlir. Hətta teatrın özündən zəng vurub təşəkkür edənlər oldu.
 
Başa düşürəm, festivaldı, sənətdi, mədəniyyətdi, mövsümün açılışıdır, büdcədir, vəsaitdir. Amma dostlar, axı bu nazir Əbülfəs Qarayevin iştirak etdiyi xiyar festivalı deyil. Teatr festivalıdır e, teatr. Xiyar və teatr sözlərini bir-birinə bağlayan yeganə bir şey var ki, o da sonuncu hərflərinin "r" olmasıdır, vəssalam. O başqa məsələ ki, bu gün teatr aləmində yetərincə xiyar təfəkkürlü idarəçilər var və sair.
 
Bəlkə də nə demək istədiyimi izah edə bilmədim. Yəni, belə festival olmaz. Başaşsüüüz?
 
Necəsiniz, Azərpaşa müəllim?