Xədicə İsmayılova iki məhkəmə qərarından kassasiya şikayəti verib

 
 Xədicə İsmayılova iki məhkəmə qərarından kassasiya şikayəti veribJurnalist Xədicə İsmayılova barəsində olan iki məhkəmə qərarından kassasiya şikayəti verib.
 
APA-nın məlumatına görə, onun şikayətlərinə yaxın günlərdə Ali Məhkəmədə baxılacaq.
 
Qeyd edək ki, bir müddət əvvəl X. İsmayılova ittiham olunduğu qanunsuz sahibkarlıqla əlaqədar maddənin ləğv olunması barədə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Kassasiya şikayətlərindən biri həmin qərardan verilib.
 
Bundan əlavə, bir müddət əvvəl Bakı Apelyasiya Məhkəməsində Xədicə İsmayılovanın Azərbaycandan çıxmasına qadağa qoyulması ilə bağlı apellyasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. İkinci kassasiya şikayəti isə həmin qərardan verilib.
 
X. İsmayılova 2014-cü ilin dekabrında həbs edilərək Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
 
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayılova apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 
Bu il mayın 25-də Ali Məhkəmə X.İsmayılovanın 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması barədə qərar qəbul edib və o, azadlığa buraxılıb.

Загрузка...
Загрузка...