Xədicə İsmayılın cəzası yüngülləşə bilər

Bakı Apellyasiya Məhkəməsinin jurnalist Xədicə İsmayıl haqqında qərarından kassasiya şikayətinə Ali Məhkəmənin hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq. Jurnalistin vəkili Fariz Namazlı deyib ki, Ali Məhkəmənin Xədicə İsmayılın cəzasını yüngülləşdirəcəyinə ümid edirlər: “Prosesin vaxtı hələ təyin olunmayıb. Kassasiya baxışı nəticəsində Xədicə İsmayıl haqqında müsbət qərar çıxarılacağı ehtimal olunur”.
Xədicə İsmayıl 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. O, 2014-cü il dekabrın 5-dən həbsdədir.
Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayıla 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.
İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.
2015-ci il noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi əvvəlki instansiyanın jurnalist haqqında hökmünü qüvvədə saxlayıb.
1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.
Turaninfo.az Transparency.az-a istinadən  xatırladır ki, martın 28-də Ali Məhkəmənin Plenumu baş prokuror Zakir Qaralovun məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin işindən kassasiya protestinə baxıb. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulmuşdu. Plenum İntiqam Əliyevə verilmiş 7 il 6 ay həbs cəzasının şərti hesab olunaraq onun azadlığa buraxılmasına qərar verib. Məhbus Bakıdakı 6 saylı cəzaçəkmə müəssisəsində saxlanır.