Xədicə-Emin qovğası qızışır: liberalların qrant biznesi - ÖZƏL

 
 
Milli Mətbuat Günündən sonra iki tanınmış jurnalist arasında qovğa başladı
 
Politika.Az-ın verdiyi xəbərə görə, Emin Hüseynovla jurnalist Xədicə İsmayıl arasında virtualda gedən mübahisə alovlanır.
 
Bu dəfə isə onların qarşıdurmasına NİDA üzvü Üzeyir Məmmədli qoşulub və E.Hüseynovu oğruluqda ittiham edib. RATİ sədri hüquqşünas olan birinin sübutsuz kimisə oğruluqda ittiham etməsini geydirmə hüquqşünas adlandırıb.
 
Hakimiyyətin heç bir müdaxiləsi və təsiri olmadan, ortalığa sifarişli təxribatçılar qarışmadan bu dəfə tərəflər özlərini gözdən salmaqda davam edirlər. İki tanınmış media nümayəndəsinin pul davası və “açıb sandığı, töküb pambığı” üslubunda indi gizli işləri ictimailəşdirməsi heç də onların reputasiyasına xal qazandırmır.
 
Qeyd edək ki, tərəflər arasında mübahisənin yaranmasına səbəb X.İsmayılın E.Hüseynovla bağlı bəzi iradlarıdır. Xanım jurnalist bu barədə mübahisənin gedişində E.Hüseynova müraciətlə aşağıdakıları yazıb:
 
“Xaricdə oturub, burda əziyyət çəkənlərin hesabına pul qazanmaq istəyinə yardımçı olmaq istəmirəm. Xüsusilə də bu qazancı əldə etmək üçün bütün təşkilatlara yerli hüquq müdafiəçiləri, ölkədə qalıb, əziyyətlərə qatlaşanlar haqqında böhtan donosları yazmağından sonra. Sizin orda nə davanız var, bilmirəm, amma o davanın insan haqları ilə heç bir əlaqəsi yoxdur”.
 
Müxalifət düşərgəsinin və vətəndaş cəmiyyətinin iki nümayəndəsi arasındakı bu mübahisə bir daha göstərir ki, özlərini liberal müxalifət və hüquq müdafiəçisi hesab edənlər insan hüquqları sahəsini gəlirli biznesə çeviriblər.
 
İndi - beynəlxalq təşkilatların liberal azərbaycanlı icmasının hərəkətlərindən məyus olduğu və dəstək verməkdən imtina etdiyi bir vaxtda özlərini, necə deyərlər, hüquq müdafiəçisi adlandıranlar arasında qalan qrantlar uğrunda şiddətli mübarizə başlayıb.
 
Əslində, illərdir bu sahədə monopolistlərin olduğu və demokratiya, insan hüquqları adı altında milyonların mənimsənildiyi bəlliydi. Lakin onu dilə gətirən olmurdu. Üstəlik, bunu kimlərsə bəyan etsəydi vətən xaini, iqtidarın adamı damğası ilə möhürlənərdi.
 
Amma artıq kənar təsirə ehtiyac qalmayıb və özləri bu barədə açıq-aşkar danışaraq bir-birini ifşa edirlər. İsveçrədə yaşayan E.Hüseynovun dissident bütü artıq dağılır.