Xaricdəki 40 milyard"ımızın" taleyi

Vahid Əhmədov: “Xaricdəki ehtiyatların ölkəyə gətirilməsi üçün dövlət başçısının müvafiq qərarı olmalıdır”
 
Rusiya iqtisadiyyatını gələn il çətin sınaq gözləyir. Ölkənin Ehtiyat Fondu 2017-ci ildə tamamən istifadə ediləcək.  Bu barədə Rusiya Hesablama Palatasının sədri Tatyana Qolikova “Oqonyek” jurnalına verdiyi müsahibəsində bildirib. 
 
T.Qolikova bildirib ki, 2017-ci ildə Ehtiyat Fondu tamamən istifadə ediləcək və hökumət Milli Rifah Fondunun vəsaitinin istifadəsinə başlayacaq.
 
Hesablama Palatası rəhbərinin fikrincə, Nazirlər Kabineti yeni ehtiyat yaratmalı və 2017-ci ildə əvvəlki kimi iqtisadiyyatın yüksəldilməsinə vasitəçi olan avtomobil sənayesinə, kənd təsərrüfatı maşınqayırmasına və digər sahələrə dəstək göstərməlidir.
 
Tatyana Qolikova bildirib ki, artıq indidən vəsait axtarmaq lazımdır, çünki bu ehtiyatlar olmadan vəziyyətə operativ reaksiya göstərmək və ilin əvvəlindən maliyyə dəstəyini təmin etmək imkanı olmayacaq.
 
Xatırladaq ki, eyni vəziyyət Azərbaycan üçün də keçərlidir. Ölkənin valyuta ehtiyatları azalmağa doğru gedir. Belə bir məqamda ölkənin xaricdə saxlanılan valyuta ehtiyatlarının ölkəyə gətirilməsi gündəmə gəlir.
 
Milli Məclisin deputatı Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında artıq buna ehtiyac yarandığını bildirdi: “Ölkədə təxminən 40 milyarda yaxın valyuta ehtiyatı var, Mərkəzi Bankda və Neft Fondunda saxlanılır. Xaricdəki ehtiyatların ölkəyə gətirilməsi üçün isə dövlət başçısının müvafiq qərarı olmalıdır. Xüsusilə də bank sisteminin sağlamlaşdırılması üçün müəyyən qədər vəsaitə ehtiyac var. O vəsait xərclənərsə, müəyyən problemlər həllini tapmış olar”.
 
Deputat Vahid Əhmədov
 
Gələn il üçün dövlətin təxminən 1 milyard dollara yaxın xarici borc öhdəliyinin icra edilməsinə gəlincə, V. Əhmədov bildirdi ki, bunun üçün büdcədə vəsait nəzərdə tutulub: “Xarici borcun ödənilməsi üçün büdcədə vəsait nəzərdə tutulub. Lakin bununla bağlı da müəyyən problemlər var. Milli Məclisdə müzakirələr zamanı da biz bu məsələyə toxunuruq. Ölkənin xarici borcu hazırda ümumdaxili məhsulun 20 faizini təşkil edir. Lakin bu, digər ölkələrlə müqayisədə o qədər də çox deyil. Elə ölkə var ki, elə ÜDM qədər də xarici borcu var. Bu da problemdir. Mən hesab edirəm ki, xarici borc nə qədər az olsa, bir o qədər müsbət haldır. Ümumiyyətlə, ölkənin borclarının qaytarılması üçün 20-30 milyard manat vəsait lazımdır. Ola bilər ki, bunun üçün xaricdəki vəsaitlərdən bir  qismi gətirilsin və ondan istifadə edilsin".
 
İqtisadçı ekspert Rəşad Həsənov
 
İqtisadçı ekspert Rəşad Həsənov isə “Yeni Müsavat”a açıqlamasında hökumətin bu addımı atmamaqda qərarlı olduğunu diqqətə çatdırdı: “Bu günə qədər hökumətin nümayiş etdirdiyi mövqeyə diqqət yetirsək deyə bilərik ki, əslində rezervlərin Azərbaycana gətirilməsi məsələsi demək olar ki, hazırda gündəmdə deyil. O baxımdan ki, hökumət bu günə qədər zərurət yarandığı halda belə bu istiqamətdə  hər hansı addım atmayıb. Son büdcə müzakirələri də onu göstərdi ki, Neft Fondu aktivlərinin azalmasının qarşısını almaq üçün əllərindən gələni edirlər. Bu baxımdan, düşünmürəm ki, gələn il fond rezervləri  ölkəyə gətiriləcək. Böyük ehtimalla bu istiqamətdə addım atılmayacaq”.
 
Ekspertin sözlərinə görə, hökumətin qlobal maliyyə institutlarından borclanmaya gedilməsi ehtimalı daha yüksəkdir: “Hazırda bu proses gedir. 2017-ci ildə borclanma daha da dərinləşəcək. Xüsusən də strateji islahatlarla bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə danışıqlar gedir. Çox güman ki, borclanma yükü artırılacaq. Təbii ki, əvvəlki dövrlərdə olduğu kimi, bu gün də biz təklif  edirik ki, hazırkı situasiyada ehtiyatların bir qismi, təxminən 5 milyard manat ölkəyə gətirilərək banklarda yerləşdirilsin. Bu yolla həm ölkədəki valyuta tələbinin bir qismini qarşılamaq olar, həm də məzənnədə sabitliyə müəyyən qədər nail olmaq olar. Eyni zamanda  bununla yerli bankların ucuz maliyyə vəsaitlərinə çıxışını təmin etmək mümkündür.
 
Çünki banklar bahalı borclandıqda kredit siyasəti də bahalı olur. Bundan əlavə də, iqtisadiyyata kredit qoyuluşlarının həcmini artırmaq olar ki, bu da hazırda passivlik müşahidə olunan iqtisadi mühitdə aktivliyin yüksəlməsinə səbəb ola bilər. Aktivlərin ölkəyə gətirilməsi bu istiqamətlərin hər birinə müsbət təsir edə bilər. Hökumət isə bu məsələdə mühafizəkar mövqe nümayiş etdirir. Düşünürəm ki, proses 2017-ci ildə də davam edəcək. Ancaq nə zamansa Neft Fondunun vəsaitlərinin ölkəyə gətirilməsi prosesi baş tutsa, o zaman prosesdə şəffaflıq əsas məsələ olacaq. Çünki prosesə ictimai nəzarət təmin edilməyəcəksə, şəffaflıq gözlənməyəcəksə, çox qısa müddətə bu vəsaitlər qeyri-leqal valyuta dövriyyəsinin, ölkəyə qeyri-leqal valyuta axınının və korrupsiyanın predmetinə çevrilə bilər”.
 
Rəşad Həsənovun sözlərinə görə, xaricdə saxlanılan valyuta ehtiyatlarının likvitliyi də əlavə bir müzakirə predmetidir: “Hazırda Neft Fondunun vəsaitləri 35 milyarddan bir qədər artıqdır. Bu vəsaitlərin demək olar ki, hamısı xaricdə saxlanılır. Son hesabatda da məlum oldu ki, Neft Fondunun ölkədə 3 milyarda  yaxın aktivi yaranıb. Bu vəsaitlər ölkədə saxlanılır, eləcə də çox az bir hissəsi, 1 milyard dollar Beynəlxalq Bankda yerləşdirilmişdi. Qalan bütün  vəsaitlər isə  xaricdə saxlanılır. Bu vəsaitlər əsasən xarici valyutada saxlanılır. 50 faizi ABŞ dollarında, 35 faizi avroda, 10 faizi funt sterlinqdə, 10 faizi səhm paketi və daşınmaz əmlakda, 5 faizi isə qızılda saxlanılır. Lakin bu vəsaitlərin likvitliyi mübahisəlidir. Bir neçə ay öncə ictimailəşdirilən məlumatlardan məlum oldu  ki, ilkin mərhələdə Neft Fondunun likvitləşdirə biləcəyi vəsait 6 milyard dollardır. Hələ ki ondan artıq vəsaiti likvitləşdirə bilmir. Lakin zərurət yaranarsa öz səhm paketlərini və ya  banknotlarını daha aşağı qiymətə satmaqla likvit vəsaitlərin həcmini artıra bilər. Amma bu zaman zərər yaranacaq”. (musavat.com)

Загрузка...
Загрузка...