Xanım təşkilat rəhbəri hakim qarşısına çıxarılır - "7800 manatlıqdələduzluq, rüşvət və ...."

Baxış sayı: 
141

 
 
Xanım QHT sədri hakim qarşısına çıxarılır. O, dələduzluqda ittiham edilir.
Musavat.com xəbər verir ki, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq.
 
İşə hakim Zeynal Ağayevin sədrliyi ilə aprelin 30-da baxılacaq.
 
İttiham aktında yazılır ki, QHT sədri öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibradan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşlara rüşvət verməyə təhrik edib.
 
 
Bundan başqa, o, vətəndaşı xidməti vəzifəsinin icrası ilə əlaqədar ediləcək hərəkətin müqabilində səlahiyyətli vəzifəli şəxsə rüşvət verməyə təhrik edib və həmin əməli təkrararən törədib.
 
Belə ki, K.Ağazadə 1998-ci ilin oktyabr ayından hazırkı vaxtadək Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində işləyərkən Səhiyyə Nazirliyi ilə “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və mülicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epidemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” lahiyəsinin tətbiqi üçün əməkdaşlıq edib.
 
Bu məqsədlə 2015-ci ilin avqust ayının 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə 5 ay müddətinə layihə çərçivəsində göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb.
 
İttihama görə, həmin müqavilənin müddəti bitdikdən sonra o, Səhiyyə Nazirliyində işləyən aidiyyatı vəzifəli şəxsə rüşvət verməklə əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına və bunun əsasında onlarla yenidən xidmət müqaviləsi bağlayacağının mümkün olduğunu bildirib.
 
K.Ağazadə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verib.
 
O, 2015-ci ilin sentyabr və oktyabr ayında Azərbaycan Uşaqları Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramovdan 2100 manat və Mahirə Sadıqovadan 2100 manat olmaqla ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.
 
 
 
Qeyd edilən cinayər əməlini törətdiyinə görə K.Ağazadəyə qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.
 
Bildirək ki, təşkilat rəhbəri həbs edilməyib. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
 
İlkin Muradov
Musavat.com

Загрузка...
Загрузка...