Xan Şuşinskidən səsi qorumağın metodları- Qızıl qaydalar

Baxış sayı: 
180

 
 
 
 
Deyilənlərə görə, Azərbaycan musiqisində,xanəndəlik məktəbində Xan Şuşinski qədər səsini qoruyan, ona həssaslıqla yanaşan ikinci bir adam olmayıb. Səsini çox yormamaqdan ötrü ayda cəmi 1-2 toya gedərmiş. Baxmayaraq ki, Xana olan dəvətlərin sayı hesabı yox imiş. Amma Xan səsini qorumaq üçün nə çox ucadan oxumaz, nə də yorulanda nəsə ifa etməzmiş. Xanın gur və geniş diapazonlu səsi ilə başqa xanəndələr çox zəngulə vurardılar. (əgər o səs onlarda olsaydı). Amma Xan əsla!
 
Moderator.az xəbər verir ki, hamının Xan əmi adlandırdığı xanəndə İsfəndiyar səsi qorumağın yolları haqqında öz söhbətlərində bunları deyib.
 
“Ömrüm boyu səsimi qorumuşam. Bir balaca yorğunluq hiss etsəydim, səsim düz olmasa idi, öldürsəydilər də oxumazdım. Çox varlı, kübar ailələrin təm-təraqlı məclislərinə düşmüşəm. Vəzifəli şəxslərin qəbulunda olmuşam. Gözəl-göyçək qızlar-gəlinlər üz vurublar ki, bizim sağlığımıza heç olmasa bir yüz qram iç, demişəm yox! Məni çox məcbur edəndə, boğazımı onlara göstərib demişəm:
 
- Ay canım, burda xalqın əmanəti var. Mən bu əmanəti qoruyub saxlamalıyam. Əmanətə xəyanət olmaz. Məni məcbur etməyin, məclisi qoyub gedərəm.
 
Mən ömrüm boyu Cabbar Qaryağdı oğlunun bu vəsiyyətlərini unutmamışam: “Səsin sənə qulaq asmadı, oxuma, zökəm oldun, oxuma, yorğun oldun, oxuma. Bakının dəli havasından özünü qoru. Küləkli havada eşiyə çıxma, istidən tərləsən belə su içmə. Çayxanalarda hamballarla çay içməyə razı ol, amma gözəl-göyçək qızlarla küçədə dondurma yeməyə razı olma”.
 
Məhz bu səbəbdən - ustadının bu müdrik vəsiyyətlərini yerinə yetirdiyinə görə Xanın səsi 25 yaşında necə qüdrətli və təravətli idisə, 70-75 yaşlarında da eyni əzəmət, eyni nikbinliklə səslənirdi...
 
Elmin Nuri

Загрузка...
Загрузка...