Xameneyi Türkiyədəki çevrilişdə ABŞ-ı ittiham etdi: “...Rüsvay olacaqlar!”

“Nüvə anlaşması bir təcrübə olaraq amerikalılar ilə müzakirənin mənasız olduğunu bir daha sübut etdi”.
Turaninfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İranın ali dini lideri Xameneyi bu gün İranın müxtəlif əyalətlərindən olan minlərlə insan qarşısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İran ABŞ-ın nüvə anlaşması ilə bağlı mövqeyindən təcrübə əldə etdi: “Onlar deyirlər ki, gəlin regional məsələlər haqqında da sizinlə müzakirə aparaq. Amma nüvə anlaşması təcrübəsi bizə deyir ki, bu iş öldürücü zəhər kimidir. Heç bir məsələdə amerikalıların sözünə etimad etmək olmaz”.
Xameneyi Türkiyədə baş verən proseslərə də münasibətini bildirib:
“Türkiyədə baş verən son hadisələrdə, dövlət çevrilişinə cəhdin arxasında amerikalıların dayandığına dair güclü ittihamlar var. Əgər bu məsələ sübut edilərsə, bu, Amerika üçün böyük bir rüsvayçılıq olacaq”.