Xalqın rüsumlu qara günləri başladı: dəhşətli bahalaşma gəlir - ÖZƏL

 
Noyabrın 3-dən etibarən Azərbaycan xalqının qara günləri başladı; Ölkəni Somaliyə döndərmək arzusu ilə yaşayan Nazirlər Kabineti aclıq və yoxsulluğun yeni bir mərhələsinin bünövrəsini qoydu...
 
Politika.Az xəbər verir ki, bundan sonra ölkədə dəhşətli bir bahalaşma dalğasının hər yeri bürüyəcəyi şək-şübhəsizdir.
 
Xalqı böhranın ən dərin dönəmində çörəklə imtahana çəkən hakimiyyət komandası uçuruma aparan yolun qapılarını açıq elan edib.
 
Sözügedən tarixdən Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliklərlə bağlı qərar qüvvəyə minib. Bununla da xalqın güzəranının daha da ağırlaşacağı dəqiqdir.
 
İlin sonu yaxınlaşdıqca gedişat daha da pisləşir. Ərzaq məhsullarının qiymətinin qalxması, maaşların azalması, bank borclarının üstünə gəlməsi xalqın güzəranını çətinləşdirir.
 
İnsanlar 2017-ci ilə ümidsiz gedirlər. Hətta güzəştləri olan məcburi köçkünlərin də durumu pisləşir, imtiyazlar azalır. Paralel olaraq kommunal xərclərin artırılması haqda informasiyalar yayılır. Bu da cəmiyyətdə təşviş yaradır.
 
Xatırladaq ki, yeni gömrük idxal rüsumları iki il müddətində qüvvədə olacaq. Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.
 
Təbii ki, rüsumların artması sözügedən malların avtomatik bahalaşması deməkdir. Hökumət rüsumları artırmaqla guya daxili bazarı xarici rəqabətdən qorumaq istəyir.
 
Politika.Az xəbər verir ki, hər halda hökumətin iqtisadi texnoloqları bu arqumentə üstünlük verirlər. Ancaq məsələnin mahiyyəti budur ki, sözügedən məhsulların yerli istehsalı hələ daxili tələbatı ödəmək gücündə deyil və istənilən halda idxal indiki səviyyəsini saxlayacaq.
 
Deməli, hökumət rüsumları artırmaqla gömrük daxilolmalarını artımaq, büdcəyə əlavə vəsait cəlb etmək niyyəti güdür. Neft gəlirlərinin azalması və özəl sektorda iş yerlərinin qapadılması büdcənin gəlir qaynaqlarının dairəsini əhəmiyyətli şəkildə azaldıb.
 
Nazirlər Kabinetinin qərarı göstərdi ki, liberal islahatlara başlamağa tələsmir. Ancaq bu yol əhalinin sosial vəziyyətinin daha da pisləşməsinə və alıcılıq qabiliyyətinin sıfıra enməsinə, yoxsulluq və işsizliyin miqyasının daha da artmasına gətirib çıxaracaq. Hökumət hələ ki, islahatlar barədə yox, əhalinin cibi hesabına büdcəni doldurmaq haqda düşünür.