​Xalqın başaltına “gecə yastığı”: dərman bazarını kim və necə bahalaşdırdı? - Faktlar

 
Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib
 
Politika.Az-ın məlumatına görə, iclasda 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib.
 
Eləcə də indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.
 
Şuranın bu qərarı 29 noyabr 2016-cı il tarixindən qüvvəyə minir. Dərman vasitələrinin qiymətləri Şuranın rəsmi internet saytının "Dərman vasitələri" bölmələrində yerləşdirilib.
 
Qiymətlərin manatın indiki məzənnəsinə adekvat hesablanmasının lori dildə açıqlaması bahalaşma deməkdir. Yəni, apteklərdə əvvəlki qiymətlər olmayacaq.
 
Bundan sonra manatın kursuna uyğun olaraq dırmanların qiyməti müəyyən ediləcək. Nəticə etibarı ilə məzənnə kimi dərmanların da məzənnəsi hər gün oynayacaq.
 
Lakin hökumət rəsmiləri dərman bazarında bahalaşma qərarı verildiyini etiraf etmir, daha çətin və nəzəri dillə bu xəbər ictimaiyyətə açıqlanır.
 
Politika.Az xəbər verir ki, Tarif Şurasının çıxardığı qərar bahalaşmaya yönəlikdir və xalqın başının altına yastıq qoymaqdır. Neftin dünya bazarında ucuzlaşması milli valyutanı əldən saldı və indi bütün sahələrdə böhran, bahalaşma, işsizlik və ixtisarlar baş alıb gedir.
 
Əslində, dərman bazarında çoxdan bahalaşma müşahidə olunurdu. Devalvasiya və dolların hər gün qalxması qiymətlərə təsir etməyə başlayıb.
 
Bir ildə bir neçə dəfə qiyməti artan dərmanlar yenə də bahalaşır. Xaricdən idxal olunan malların qiymətini endirmək mümkün olmur. Yalnız istisna preparatlarda cüzi ucuzlaşma var. Dərman bazarındakı monopoliya da qiymətlərə təsirsiz ötüşmür.
 
Ölkənin birinci şəxsi səviyyəsində dərman bazarındakı özbaşınalığa etiraz olunub və tapşırıqlar verilib. Amma real mənzərə vəziyyətin dəyişmədiyini göstərir. Deputat Vahid Əhmədov da çıxışında qeyd etmişdi ki, bu sahədə inhisarçılıq var.
 
Politika.Az yada salır ki, dərman idxalının həcminə görə öndə gedən şirkətlər kimi «Avromed», «Riad-Farm» MMC-lərin adları çəkilir.
 
“Avromed” şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq tanınmış əczaçılıq şirkətləri ilə işbirliyi qurub. Şirkətin təsisçisi deputat Cavanşir Feyziyevdir.
 
Yada salaq ki, ötən il Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübü ilə bağlı keçirdiyi toplantıda dərman bazarında qiymətlərin baha olmasından danışıb və bu sahənin tənzimlənməsinin vacibliyini vurğulayıb:
 
“Mənim narahatçılığım, eyni zamanda, dərman preparatlarının qiymətləri ilə bağlı idi. Mən xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin.
 
Eyni zamanda, onu da qeyd etməliyəm ki, dərman preparatlarının bazarı əfsuslar olsun ki, Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalmışdır. Bu, əslində dözülməz bir hal idi.
 
Ona görə mən Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün. Qiymətlər qalxmamalıdır”. Görünən budur ki, nə deputatın firması, nə nazir prezidentin tapşırığında əməl edir.

Загрузка...
Загрузка...