Xalq ''oğru''nu, ''vor''u, ''bandit''i deyil, məhz Canıyevi sevir...- Oxucu yazır

 
Azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin ölümü ölkə gündəminin əsas mövzusuna çevrilib. İş o yerə gəlib ki, artıq Canıyevdən çox yazdığına görə medianı suçlayan Oxucu qismindəki vətəndaşlarımızı saxlamaq mümkün olmur. Rövşən Lənkəranski mövzusu indi də onların monopoliyasındadır. Media sakitləşib, lakin fəal oxucular sosial şəbəkələrdə mövzunu israrla davam etdirirlər. ''Rövşən Canıyevdən yazmayın'' deyə - deyə, özləri bu mövzunu saatlarla "Açıq oturum"a çıxardırlar. 
 
Soydaşlarımızın yazdıqları yazılardan  bəziləri isə öz peşəkarlığı və səviyyəsi ilə xüsusi fərqlənir. Belə yazılardan biri də Yaroslavlda yaşayan ziyalımız İlqar Kamalın qələmindən çıxıb. Musavat.com həmin yazının maarifçi əhəmiyyətini nəzərə alıb, onu dərc edir.
 
**
 
 
Psixologiyada "pratfall effekt" anlayışı var, bir müddət qabaq dostlardan biri də bu haqda yazmışdı. Tutaq ki, bir insan istedadlıdı, gözəldi, məharətlidi, qorxmazdı... və məhz bu kimi üstünlüklərinə görə cəmiyyət tərəfindən sevilirsə, onun hər hansı bir xəta (hətta bu, qətl belə ola bilər) törətməsi onu sevən cəmiyyət tərəfindən nəinki təkcə rahatlıqla qəbul olunur, hətta bəzən cəmiyyət onun müdafiəsinə belə qalxır. Yəni bu bir reallıqdı, istəsək də, istəməsək də belədi. Əmin olun, Leo Messi bir qətl törətsə onu müdafiə edən, sevgisinə yenilən milyonlarla (yerə-göyə sığdırmadığmız) QƏRB insanı tapılacaq. Və ya misal üçün, çox sevimli yazıçı A.Kamyu hər hansı bir eybəcərlik edirsə, cəmiyyət bu eybəcərliyi bir başqasından görsə, əsla əfv etməzdi, amma bir yol, bir bəhanə tapıb məhz Kamyunun xətasını görməzdən gələ bilir, "ona dəyməyin, əsas odur ki, gözəl yazır" deyir. Xalq bəzən belə də deyir: Əsas odur ki, yaraşıqlıdır, əsas odur ki, istedadlıdır, əsas odur ki, xalqın dərdinə dəyir, əsas odur ki, əsl kişidir və s.
 
Xalqın qəlbi həmişə tam ədalətli ola bilmir - elə hamımızın qəlbi kimi.
 
Başqa bir yandan, deyirlər, dörd xəta bir doğrunu silir axı, bəs min doğru necə, bir xətanı silə bilirmi? Və ya min həyat (bəxş etmə) bir qətli?
 
Daha bir incə məqam:
 
Biz beləyik, ürəyimiz istəyib, etməyə hünərimiz çatmadığı şeyi bir başqasının etdiyini görəndə bizdə o adama qarşı daxili (gizli) rəğbət, dərin sayqı formalaşır - bunu ona bildirməsək belə. Bu sevgi də, "pratfall effekt" kimi, bizdən asılı olan şey deyil, hammısı başı batmış təhtəl-şüurun işidir.
 
Tutaq ki, məhkəmədəyik, atamızı haqsızca qətlə yetiriblər, üstəlik, məhkəmə də qatilə bəraət verməyə hazırlaşır, məhz bu məqamda məhkəmədə olan hansımızın qəlbindən atamızın qatilini tutub boğmaq, parçalamaq keçmir ki? Amma hünərimiz... çatmayan bircə o olur. Bir başqasının bizim hünərimizin çatmadığı şeyi rahatlıqla etdiyini görəndə (eşidəndə) bizdə ona qarşı gizli rəğbət formalaşır. Məncə, mərhum Caniyev sevgisinin kökündə bir az da bu kimi məsələlər dayanır.
 
Məncə (müşahidələrim bunu deyir), xalq "oğru"nu, "vor"u, "bandit"i deyil, məhz Canıyevi sevir, bu xüsusi sevgiyə özü üçün haqlı səbəbləri də var. Xalq "oğru"nu sevə bilməz, həm də buna görə ki, xalq yaxşı bilir ki, onların şiddətlə sevdiyi Canıyevi öldürən də başqa bir kütlə tərəfindən şiddətlə sevilən onun kimi bir "oğru"dur. 
 
Biz həyatı belə, onun çirkin üzünü göz ardına vuraraq sevmirikmi?
 
Təbii, qəhrəman varsa, onun haqqında mübaliğələr də, olmazın miflər də olacaq, Qaçaq Nəbini, arabada onun üzünə deyilən mifi və Nəbinin buna şaqqanaq çəkib gülməsini xatırlayın, fəqət heç bir mif "mütləq gop" əsasında yaradıla bilməz, onu yaradıb yaşadan bir çimdik belə olsa həqiqət payı hökmən var!
 
Qanun ali olmalıdır, məhkəmələr ədalətli işləməlidir... bu "malıdır, məlidir" tipli az qala utopik arzulardan nə qədər desən eləmək olar, amma reallıq budur ki, belə deyil - hələ ki belə deyil. Belə deyilsə... çarəsizlikdən (acından ölməyəsən deyə) donuz əti yemək belə icazəli olmurmu?
 
Qanunlar işləyəndə "qanun oğruları" hamısı onsuz da öz-özünə yox olub gedəcək. Quranın dediyi kimi, haqq gəldi, batil getməyə məhkumdur!
 
Qanunun aliliyi, məhkəmələrin ədalətli işlədiyi bir düzən arzularıyla, mən sadəcə yaza-yaza düşünürdüm...
 
Gəlin birlikdə düşünək.